Qalmaqallı qanun layihəsinin qəbul edilməsi gözlənilir

11-02-2021, 00:28           
Qalmaqallı qanun layihəsinin qəbul edilməsi gözlənilir
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Parlamentin Səhiyyə komitəsinin sədr müavini bu qanun layihəsi barədə danışıb
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Neçə illərdir ki, bu qanun layihəsi parlamentdə müzakirə edilsə də, hər dəfə təxirə salınıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Sputnik Azərbaycan-a "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı danışıb.

O qanun layihəsinin hazırlanması üzrə işlərin davam etdirildiyini söyləyib: "Uzun illərdir bu qanun layihəsi tibbi reallıq və milli mentalitet arasında çəkişmələrə səbəb olub. Bunların tənzimlənməsi üçün müzakirələr aparılır. Həkimlər, sosioloqlar, psixoloqlar, din xadimləri, maliyyəçilər, ictimai birliklər və digər təmsilçilər bu müzakirələrdə iştirak edirlər. Yəqin ki, bir neçə bəndin düzəlişindən sonra qanun layihəsi yaz sessiyasında plenar iclasa çıxarılacaq. Surroqat ana, donor və digər məsələlər həllini taparsa, qanun layihəsi daha tez qəbul edilə bilər".

R.Mahmudovun fikrincə, icbari tibbi sığortanın tətbiqi yaxın gələcəkdə bu məsələnin cəmiyyət üçün əsas ağrılı tərəfi olan maliyyə tərəfini həll edəcək: "Bu işin maliyyə tərəfinin necə həll ediləcəyi müəyyən olunmalıdır. Yəni, bunun ayrıca dövlət proqramı ilə, yoxsa icbari tibbi sığortanın maliyyə imkanları ilə həll olunacağı müəyyən edilməlidir. Bütün bu kimi sualların cavabının qanunda əksini tapması vacibdir. Əks təqdirdə, Milli Məclis qanunu təsdiqləsə də, gələcəkdə əhali və səhiyyə qurumları onun icrasında problemlə üzləşə bilər. Bütün bu kimi məsələlərin həllinə konseptual yanaşma sərgiləyən parlamentin Səhiyyə komitəsi bu yaz sessiyasında uzun illərdir gözlənilən qanun layihəsinin qəbul edilməsi üçün əlindən gələni edəcək".

Deputat bildirib ki, istər Milli Məclisin, istər müvafiq icraedici strukturların (TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) hər zaman ali məqsədi vətəndaşların tibbi xidmətlərə ən yüksək səviyyədə əlçatanlığının təmin olunması və keyfiyyətinin yüksəldilməsidir: "Bunun üçün qurumlararası əməkdaşlıq daha da yüksək səviyyəyə çatdırılacaq. Prezident İlham Əliyev də hər zaman dilə gətirir ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin əsas prioritetidir və bundan sonra da belə olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.