Femina, femida, evfemiya...

11-03-2021, 07:07           
Femina, femida, evfemiya...
8 Mart Beynəlxalq Qadınlar Günündə bir qrup feminist fəal Bakının mərkəzində, Nizami küçəsində aksiya keçirməyə cəhd etdi. Aksiyanın iştirakçıları İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb edirdilər. Onlar, eyni zamanda qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını da tələb kimi səsləndirirdilər.

Sözügedən aksiya cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Kimi bu aksiyanı yersiz hesab edib feministləri qınayarkən, kimi də onlara haqq qazandıraraq dəstəyini ifadə etdi. Bununla yanaşı, feministlərin tələbini haqlı hesab etdiyi halda, aksiya təşkilatçılarının bir fərd olaraq cəmiyyətdə birmənalı qarşılanmadığını, həmçinin əvvəlki yürüşlər və səsləndirilən şüarlar əsas gətirilərək bu aksiyanı effektsiz hesab edən, aksiyanın sifariş olduğunu deyənlər də az olmadı.

AYNA baş verənlərə aydınlıq gətirməyə çalışıb.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə feministlərin yürüşlərini mənasız və sifariş olaraq qiymətləndirib: “Feminizmi kiçiltmək lazım deyil. Feminist dediyiniz xanımlar feminizmdən başqa nə ilə desəniz, məşğul olublar. O, feminizm deyildi. Hər bir şeyin qaydası var. Qayda deyərkən mən o mənada demirəm ki, haqqı, hüququ tələb etmək olmaz. Özüm hüquq müdafiçisi olaraq qadınların, uşaqların hüquqlarının qorunması istiqamətində bu illər ərzində az işlər görməmişəm. Bunu dövlət qurumları da, vətəndaş cəmiyyəti də bilir. Bu yürüşləri mənasız və həqiqətən də sifariş olaraq qiymətləndirirəm”.

Ölkəmizdə qadın haqlarının tapdanması, şiddətə məruz qalma hallarının hansı səviyyədə olması ilə bağlı sualımızı cavablandıran hüquq müdafiəçisi deyib ki, bu, mətbuatdan və sosial mediadan oxuyub, gördüyümüz qədər şişirdiləcək səviyyədə deyil: “Mən deməzdim ki, bizdə ölkədaxili o qədər də çox böyük qadına şiddət var, sadəcə mətbuata çıxan məlumatları biz daha çox sosial şəbəkələrdən izləmişik, görmüşük. Biz nə qədər müraciətləri hüquqi müstəvisində həll etmişik və burada qadın hüquqlarının tapdanmasına göz yummağımızdan söhbət gedə bilməz. Örnək gətirdikləri Avropada bir baxıb görsünlər ki, nə qədər qadın qətlləri var. Biz də deyirik ki, bunlar cinayətdir. Qadına şiddət etmək olmaz. Əgər hansısa anlaşılmazlıq, səhv hərəkətlər, xəyanət, zorakılıq varsa, bunlar hüquq müstəvisində həll olunmalıdır”.

“Bizim müsbət dəyərlərimiz yetərincədir. Nə üçünsə onları göz önünə çəkməkdənsə, daha çox neqativlərə yüklənirik, “ilahi bunun sayı-hesabı yoxdur” deyirik. Xeyr, belə deyil. Elə bizim sığınacaqda nə qədər uşaq var ki, zorakılıq qurbanlarıdır. Onların neçəsinin anası həbsxanadadır, neçəsi atası tərəfindən zorakılığa məruz qalıb. Bunlar hüquq müstəvisində, maarifləndirilərək həll olunmalıdır. Bu gün əlimizə plakat alıb və ya az qala, savaşa çıxmağımızla heç nə əldə edə bilməyəcəyik. Bununla biz, sadəcə Azərbaycan qadınını cılızlaşdırırıq”, - deyə Kəmalə Ağazadə fikrini yekunlaşdırıb.

Aksiyanın sifariş əsasında həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən, aksiya təşkilatçılarından olan feminist aktivist, eyni zamanda bələdiyyə üzvü Vəfa Nağı bu iddiaların aksiyanı qaralamaq, hüquqlarını tələb edən qadınların bu ölkədə səsini batırmaq istəyən hakim qrupların sifarişi olaraq belə qələmə verildiyini deyib: “Bu, aksiyanı qaralamaq, hüquqlarını tələb edən qadınların ölkədə səsini batırmaq istəyən hakim qrupların sifarişi olaraq belə qələmə verilir. Çox vaxt da, guya hər hansı bir təşkilatdan pul almaqla gündəmə gətirmək istəyirlər. Halbuki, hökumət artıq neçə ildir ölkəyə qrantların girməsinin qarşısını alıb və əgər bu, sifarişli, ya da pulla olsaydı, hər bir cəhdlə qarşısı alınardı. Məgər, haqlarımızı istəmək üçün biz pul almalıyıq, sonra gedib öz haqqımızı müdafiə etməliyik? Bu, çox gülməlidir”.

“Heç 5 ay deyil ki, bələdiyyə üzvü olduğum üçün şəkillərimi bələdiyyə sədri kəndin adam çox toplaşan yerlərinə yapışdırdı ki, üzvlüyü atıb qaçım, o kənddən gedim. Əxlaqsız damğası ilə mənim siyasi iştirakçılığımın qarşısını almağa çalışdı. Nə DİN-in “qaynar xətti”, nə də rayon polisi bunu araşdırmaqda, cəza kəsməkdə maraqlı oldu. Deməli, belə olan təqdirdə mən küçəyə çıxıb haqqımı tələb etməliyəm. Bir vətəndaş olaraq güvəndə olduğuma əmin olmalıyam. Çox təəssüf ki, bu əminlik yoxdur”, - deyə feminist xanım fikrini davam etdirib.

İntiharların çoxaldığına və məişət zorakılığından ölən qadınların probleminə toxunan Vəfa Nağı, buna səbəb kimi effektiv addımların atılmadığını göstərib: “Eləcə də bu ölkədə öldürülən, məişət zorakılığından ölən nə qədər qadın var, bunun da qarşısı alınsaydı, bu rəqəmlərdə artım olmazdı. Mart ayının 8-dən bu yana artıq 3 intihar hadisəsi qeydə alınıb. Biz ölüm saylarının çox olmaması, hüquqlarımızı qorumaq üçün, şəxsən öz haqqımızı qorumaq üçün küçələrdəyik. Bərabər hüquqların olması, qadınları qəlpləşdirilmiş çərçivələrə salıb onları öz məqsədləri üçün istifadə edən patriarx sistemə qarşı küçədəyik. Bunun üçün haradansa sifariş almağa gərək yoxdur, ölkədəki vəziyyət ortadadır”.

“Bilirsiz ki, feminizm ilk yarandığı gündən patriarxal sistemin qəzəbinə tuş gəlib. İllərdir hegemonluq edən patriarx sistem ortaya çıxan bu dalğadan narahat olub. Əvvəlcə qadınlar öldürülürdü, haqlarını istədikləri üçün aqressiya ilə qarşılanırdı, nifrət edilirdi. "Yaxşı qız" kimi baxılmırdı. İndi Azərbaycan da, sanki o illəri xatırladır. Ən azından, oxuduqlarımızdan bunu demək olar. Cəmiyyətin tabuları ilə onu gözdən salmağa çalışırlar. Amma bu 3 dalğanın gəldiyi yolu, məişət səviyyəsində gözdən salmaqla qarşısını almaq mümkün deyil. Bu, tarixi bir yol keçib, qarşısına çıxan əngəlləri dağıdıb. İnsanlar həyatlarını qurban verib haqlarını geri alıblar. Burada söhbət qadınların seçki hüququnu almasından gedir. O vaxt bu, baş veribsə, indi 3-4 adamın, patriarx sistemin qəyyumlarının kiminsə profilini sındırıb şəxsi şəkillərini ortaya çıxarması, aksiyanı sifariş adlandırması, “əxlaqsız” deyib gözdən salması külək kimi əsib keçən şeylərdir. Feminizm isə dünyada az qala 4-cü dalğasını yaşayır. Azərbaycanda da hər kəs bir gün bunu qəbul edəcək”, - deyə həmsöhbətimiz vurğulayıb.

Sosioloq Əhməd Qəşəmoğlu feminizmin mahiyyətinin düzgün anlaşılmadığı qənaətindədir: “Mən feministləri birbaşa tənqid etmək istəmirəm, onlar da bizim vətəndaşlardır, bizim ölkənin övladlarıdır. Mən ümumiyyətlə, kimisə kəskin tənqid etməyin tərəfdarı deyiləm. Tənqidə layiq hərəkət edən adamlar çox vaxt qəsdən yox, bilmədən edirlər”.

“Əvvəla, həmin aksiyada iştirak edən xanımların bir çoxu feminizmin mahiyyətini dərindən bilmir. Onlar, sadəcə göstərmək istəyirlər ki, biz də varıq. Özünütəsdiq vasitəsi kimi çıxış edirlər. Eyni zamanda, onların küçəyə çıxmasında beynəlxalq qüvvələr də maraqlıdır. Bu beynəlxalq qüvvələri ikiyə ayırmaq olar. Buraya həm dünyanın müxtəlif yerlərindəki feminist qruplaşmaları, həm də ölkədə qarşıdurma, gərginlik olmasında maraqlı olan qüvvələri aid etmək olar. Onlar da bir çox hallarda feministlərdən vasitə kimi istifadə edirlər. Feminist xanımlar arasında da səmimi, ürəyiaçıq, həqiqətən xanımlara yardım etmək niyyətində olanları var, lakin bir çox hallarda feministlərin özlərinin də sözügedən qüvvələrin məqsədindən xəbərləri olmur”, - deyə müsahibimiz bildirib.

Sosioloqun sözlərinə görə, müəyyən qüvvələr var ki, bizim ölkənin mədəniyyət sisteminə təsir etməkdə feministlərdən istifadə edirlər: “İndiki vaxtda Yer üzündə xoşagəlməz bir proses gedir. Qloballaşmanın sürətlənməsi ilə yeni bir dünya düzəni yaradılır. İndiki vaxtda dövlətlər, xalqlar, ölkələr arasında bir-birinə qarşı mübarizə güclənib. Bir ölkənin digəri ilə müharibə aparması təkcə topla, tüfənglə olmur, eyni zamanda mədəniyyət sisteminə təsir etməklə də olur. Müəyyən qüvvələr var ki, bizim ölkənin mədəniyyət sisteminə təsir etməkdə feministlər onların işlərinə yarayır. Bizim ölkənin bəlli bir mədəniyyət sistemi var. Bu sistem mənəviyyata, əxlaqa köklənmiş, əslər boyu formalaşmış bir sistemdir. Elə məqamlar var ki, onlara toxunduqda bütün sistem yerindən tərpənir. Bunda da maraqlı olan qüvvələr feministlərdən istifadə edirlər. Feministlər özləri də bilmirlər ki, pərdəarxası gedən oyunlarda onlardan istifadə edilir”.

“Feministliyi qadağan edək də demirəm, amma bizim feministlər də bir məsələni nəzərə alsınlar ki, əvvəla, qadın hüquqları ilə bağlı mübarizə aparmaq lazımdırsa, bu, başqa cür aparılır. Yəni bu şəkildə mübarizə bizim cəmiyyətdə faydasızdır, ancaq gərginlik yaradır. Əgər onlar həqiqətən də qadınların hüquqlarını müdafiə etmək istəyirlərsə, tamamilə başqa yol seçməlidirlər. Mənim özüm də bir kişi, sosioloq olaraq qadınlarımızı qorumaq, onlara kömək olmaq niyyətindəyəm. Təbii ki “A gəlin, gəl ayaqlarımı yu”, “Gəlin niyə telefonla danışır, telefonu qoy yerə”, “Gəlin niyə musiqiyə qulaq asır?” kimi fikirlər və müdaxilələr yersizdir. Nəzərə almalıyıq ki, bizim indiki yaşlıların əksəriyyəti son 30-40 ildə formalaşmış insanlardır. Bu dövr ölkəmizdə xaotik dövr kimi xarakterizə edilir. 80-ci illərin ortalarından başlayaraq ta bu yaxınlara qədər qarışıq, xaotik dövrdə yaşamışıq. Bu dövrün yetişdirdiyi adamların özlərinin xeyli problemləri, maariflənməyə ehtiyacları var. Bu maariflənmə də başqa cür getməlidir”.

Qəşəmoğlu feminsitlərin mübarizə üsulunun effektiv olmadığını düşünür: “Mən üzümü feministlərə tutub demək istəyirəm ki, biz məsələni kompleks həll etmədən qadınların hüquqlarını qoruya bilmərik. Məsələn, fərz edək ki, bir ailədə gərginlik var. Bu zaman durub qışqırmaq ki, “Azərbaycanda qadına qarşı zorakılıq var, qadın hüquqları tapdanır” - bu, gülünc yanaşma olar. Bir tərəfi qorumaqla iş düzəlməz. Biz gərək ailənin problemlərini həll edək. Ailədə qadının da, kişinin də hüquqlarını qoruyaq. Yoxsa iki tərəfdən birinin hüquqları qorunursa, bu, yaxşı imic yaratmır. Birtərəfli olanda ya dünyada Azərbaycan kişisini vəhşi obrazda təqdim etmiş oluruq, ya da deyirik ki, “qadına söz demə, demokratiyadır”.

“Qadınlara izah etmirik ki, demokratiya, azadlıq əhlikeflik demək deyil. Biz fikirləşməliyik ki, niyə əxlaqla bağlı tabular var. Əsrlərdir bunlar formalaşıb. Nənə-babalarımız əxlaqi normaları niyə qoyublar? Çünki cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verəndə tərəqqi daha yaxşı gedir, əks halda isə gərginlik, xəstəliklər yaranır. İstənilən hərəkət o zaman qəbul edilir ki, həmin davranış başqalarına fiziki zərər vurmasın, insanlarda əməyə, yaradıcı münasibəti, dəyəri azaltmasın. “Mən qadınam, kefim nə istəyir, edərəm” yanaşmasına Azərbaycanda bu gün pis baxırlar, 200-300 əvvəl də pis baxırdılar. Çünki bu cür yanaşma və əxlaqi dəyərlərin heçə sayılması xəstəliklərin yayılmasına gətirib çıxarır. Bu xəstəliklər də bir deyil, iki deyil”, - deyə sosioloq vurğulayıb.

Sonda həmsöhbətimiz qeyd edib ki, vəmiyyətin özününün sağlamlaşması üçün normalara riayət etməliyik: “Bunların bir qismi də mənəvi dəyərlərdir. Buna görə də bizim feminist xanımlarımız həqiqi mənada qadınlarımıza kömək etmək, haqlarını qorumaq istəyirlərsə, bu yol doğru yol deyil. Gərginlik yaratmaqla uğur qazanmaq asan deyil. Mən də istəyirəm ki, Azərbaycan qadını oxusun, təhsilli olsun. Onlar təhsilli olduqca yeni nəsil də daha yaxşı olacaq”.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.