“Minilliyin görüşü”nün pərdəarxası:Papa və Patrirax Rusiya və Qərbi barışdıra biləcəklərmi?
14-02-2016, 11:43
Xristian dünyasının iki dini lideri – Roma Papası və Moskva Patirarxının Kubada bir araya gəlməsini dünya mediası tam haqlı olaraq, “minilliyin görüşü” kimi təqdim etdi.
Havannada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş barədə çox xəsisliklə məlumat verilir. Qeyd olunur ki, Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Dini rəhbərlər dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.
Şübhəsiz ki, tarixdə Rus Pravoslav və Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşünün məqsədi yalnız Bəyannamə imzalamaq və dünya ictimaiyyətinə müraciət ola bilməzdi. Bu görüşü zəruri edən çox əhəmiyyətli məqsəd, Papa və Patriarxı yüz illərdir davam edən umu-küsünü bir kənara qoyub əl sıxışmağa vadar edən çox qlobal səbəblər olduğu da aydındır. Havanna görüşü barədə yəqin ki, bundan ətraflı məlumat verilməyəcək. Amma bu “minilliyin görüşü”nün məqsəd və səbəbləri barədə müəyyən mülahizələr irəli sürməyə mane ola bilməz.
İlk növbədə hazırda Roma-Katolik Kilsəsi və Rus Pravoslav Kilsəsinin siyasi və rəmzi baxımdan hansı qüvvələri təmsil etdiyinə diqqət yetirmək lazım gəlir. Şübhəsiz ki, Roma- Katolik Kilsəsi və Rus Pravoslav Kilsəsi öz-özlüyündə qlobal proseslərə əhəmiyyətli təsir göstərə biləcək güc mərkəzləridir. Bununla belə, hər iki kilsə dini məsələlərlə yanaşı, dünyəvi işlərə münasibətdə də konkret qütblərdə durublar. Hansı ki, hazırda bu qütblərin gərgin qarşıdurmasının şahidiyik. Söhbət Vaşinqtondan və Moskvadan gedir.
ABŞ IV Roma imperiyası kimi
Sirr deyil ki, bir çox strateqlər, elə Vaşinqton analitikləri də qlobal layihələrdən söz açarkən ABŞ-ı “IV Roma İmperiyası” adlandırmaqdan çəkinmirlər. Elə ABŞ-ın dövlət atributlarında, dövlət quruluşunda, hətta dövlət binalarının arxitekturasında Roma İmperiyasının rəmzlərindən geniş istifadə olunur. Vaşinqtonda da Konqresin binası Kapitoli təpəsində yerləşir.
Qədim Romada da Kapitoli təpəsində Yunona, Konkordiya məbədləri, sikkəxana və dövlət arxivinin binası tikilibmiş. Qələbə çalmış Roma qoşunlarının zəfər yürüşü Kapitolidə başa çatardı. Bu arada Roma oyunlarının bayram şənlikləri başlayarmış. Həmçinin qaçmış qullar üçün sığınacaq Kapitolidə yerləşirdi.
ABŞ-da parlamentin yuxarı palatası Romada olduğu kimi Senat adlanır. Hətta məşhur dollar işarəsinin belə ($) qədim Romanın kiçik pul vahidi – sestesiyadan götürülməsi versiyası var. ABŞ-ın dövlət gerbində isə Roma qartalının əksindən istifadə edilib. Pax Romania (Roma dünyası) kimi, Pax Americana (Amerika dünyası) anlayışı da var. Roma imperiyası dövründə bütün Aralıq dənizi hövzəsi, Afrikanın Şərqi, sonra isə Avropanın Qərbində (yəni o zaman üçün sivilzasiyanın yayıldığı deyə biləcəyimiz ərazilərdə) latın dili, Roma pul vahidləri, Roma qaydaları dominant idi. İndi isə ABŞ və dollar haqqında bunu demək olar.
O zamanlar bir Roma senatorunun məktubu ilə qüdrətli Parfiya çarı Mitridat qonşu ölkələrə hücum əmrini geri oxuyurdu, indi isə Vaşinqton senatorları bu cür hökmə malikdirlər. Bu cür oxşarlıqları və bənzətmələri daha çox sadalamaq olar. Amma buna ehtiyac yoxdur, şişirtməyə yol vermədən açıq deyə bilərik ki, ABŞ timsalında IV Romanı – qlobal imperiyanı müşahidə edirik və bu bir gerçəkdir. Bu baxımdan Vaşinqton, həm də xristian dünyasının bir hissəsinin (protestant və katoliklər) lideridir.
Roma-Bizans rəqabəti Moskva-Vaşinqton yarışı ilə əvəz olunub
Baxmayaraq ki, ABŞ daha çox protestantlıqla assosasiya olunur, bununla belə Vaşinqton və Roma Katolik Kilsəsinin sıx əlaqələri və çox ciddi işbirliyi var. Bu yaxınlarda Kuba ilə ABŞ arasında münasibətlərin normallaşmasında da əsas vasitəçiliyi Roma-Katolik Kilsəsi həyata keçirdi. Protestantlığın daha çox hakim olduğu ABŞ pravoslav dünyası ilə müqayisədə katoliklərlə daha yaxındır. ABŞ-ın qlobal dünya gücünə çevrilməsindən, yəni II Dünya Müharibəsindən sonra Roma Katolik Kilsəsi amerikalıların himayəsinə sığınıb. “Soyuq müharibə” illərində isə sovetlərə qarşı Vaşinqtonun ən etibarlı və nüfuzlu müttəfiqi məhz Roma papaları idilər.
Pravoslav-katolik, Roma-Konstantinopol mübarizəsi, rəqabəti II Dünya Müharibəsindən sonra Vaşinqton-Moskva savaşı ilə davam edib. Bu savaşda bir çox hallarda katoliklər Moskvaya, pravoslavlar isə Vaşinqtona kömək ediblər. Məsələn, Kuba ruslarla müttəfiq olub. Amma bu qlobal miqyasda mübarizədə heç nəyi dəyişməyib. Şərq xristanları ilə Qərb xristianları mübarizə aparıblar. Yunanlar praqmatik romalıları, praqmatik romalılar isə xəyalpərəst yunanları bağışlamayıblar.
1054-cü ildən xristanlığın iki qola ayrılması ilə başlayan rəqabət əsrlər boyu eyni vektor üzrə davam edib. Katoliklər qədim Roma timsalında olduğu kimi qlobal hökmranlığa, unversallığa can atıblar. Sonralar protestantlar da bu xəttə qoşulub. Pravoslavlar (ruslar) isə Bizans və Konstantinopol timsalında daha çox özünəməxsus yol axtarışında olublar. Konstantinopol kimi təcrid olunmağa meyillilik, qalada yaşamaq mədəniyyətinin hakim olması ilə fərqləniblər. Moskva bir çox hallarda Bizansın addımlarını təkrarlayıb.
İndi isə ABŞ və Rusiya Suriyada üz-üzə gəlib. Onların ortaq nöqtə tapması ilə bağlı səylər, son 2 ildə Kerri və Lavrovun çoxsaylı görüşləri, hətta “rəngli inqlablar ifritəsi” dövlət katibinin müavini Nuladın Rusiyaya səfərləri, Kerri-Putin danışıqları, Fransa, Almaniyanın vasitəçilik cəhdləri Moskva və Vaşinqtonu barışdıra bilmir. Bu rəqabət isə, hər gün keçdikcə daha qorxulu xarakter alır və III Dünya Müharibəsi təhlükəsi reallağa çevrilir.
Xristianlar, xüsusən pravoslavlar 1054-cü il ayrılmasından sonra, Bizansın təklənməsinin və Konstantinopolun süqutunun bütün xristian dünyası üçün hansı nəticələrə səbəb olduğunu yaxşı xatırlayırlar.
Türk ordusunun Avropanın simvollarından biri Vyanaya yürüşü də yaddan çıxmayıb. Son anda xristianların birləşməsi Vyananı süqutdan qurtara və türklərin işğal coğrafiyasının genişlənməsinin qarşısını ala bildi.
Bütün bunları yəqin ki, hamıdan yaxşı din xadimləri xatırlayırlar. Çünki hər iki tərəfdə onlar əsas ideoloq və fiqurlardan biri idilər. Şəxsən savaşmasalar da, əsəgərlərin önündə gedirdilər.
Hazırda da Avropaya 1 milyon müsəlman axın edib. Avropa isə Türkiyədən onların gəldiyi qapıları bağlamağı xahiş edir. Eyni zamanda katolik və protestant ölkələr hesab edir ki, bu axına pravoslav Rusiyanın Suriyadakı əməliyyatları səbəb olub. Digər pravoslav ölkə Yunanıstan isə miqrantların qitəyə buraxılmaması üçün heç nə etmir. Pravoslav Rusiya isə başda ABŞ olmaqla, Qərb ölkələrini onu müsəlman ölkələri ilə müttəfiqlikdə əsas strateji məntəqələrdən Aralıq dənizi, Qara dəniz bölgəsi, Yaxın Şərq, Orta Asiya, Xəzər hövzəsi və bütün Avrasiya regionundan, Balikyanı ölkələr və Şərqi Avropadan sıxışdırıb çıxarmağa çalışmaqda ittiham edir.
Ruslar hesab edir və açıq bəyan edirlər ki, onlar heç bir halda Pax Americana ideyasının bir hissəsi olmaq istəmirlər. Onların Avrasiya və Avropanı birləşdirən nəhəng ölkə kimi öz məxsusi inkişaf yolları var və SSRİ-nin imtiyazlarının bir hissəsi, mütləq onlar üçün də tanınmalıdır. ABŞ isə bu yanaşmanı qəbul etmir və beləcə Roma-Konstantinopol rəqabəti yeni formatda, yeni çalarlar, müttəfiqlər, üsullar və vasitələrlə davam edir.
Niyə Kuba?
Amma qeyd etdiyimiz kimi bu rəqabətin sonu çox təhlükəli görünür. Bu təhlükə çox realdır və artıq din xadimləri diplomatik danışıqlara qoşulmağa qərar veriblər. Bunun üçün əsrlərdən gələn umu-küsü bir kənara qoyulub. Görüş üçün seçilən yer də rəmzi məna daşıyır. Kuba dünyanın ən katolik ölkələrindən biri sayılır. Bununla belə Kubanı Rusiya və ruslarla çox sıx, tarixi bağlar biləşdirir. Düzdür, artıq sözün əsil mənasında tam “qırmızı Kuba”dan danışmaq olmaz. Kastronun vətəni, tədricən artıq dollar rənginə üstünlük verir. Bununla belə rusların nüfuzu hələ də qalır. Yəni Papa və Patrirax ruslara rəğbət bəsləyən ən katolik ölkədə bir araya gəliblər. Həmçinin, o ölkədə ki bir az əvvəl on illiklərlə sərt mübarizədən sonra Katolik Kilsəsinin köməyi ilə Vaşinqtonla barışıb. Yəni Havanna həm də barışıq şəhəri kimi seçilib. Eyni zamanda dini liderlər amerikalıların ən barışmaz rəqibi Kastronun vətəninin Vaşinqtonla əl sıxışdığını diqqətə çatdırmaqla, Putin Rusiyası üçün də bunun mümkünlüyünə işarə vurublar. Hər halda biz belə düşünürük.
Fikrimizcə, Papa və Patriraxın görüşü daha çox dünyəvi işlərlə bağlı olub. 1054-cü ildən bəri ən sərt formada özünü biruzə verən, “soyuq müharibə”nin davamı kimi Moskva-Vaşinqton qarşıdırmasını səngitməyə hesablanıb. Son 3 ildir ki, pezident Putin Rusiya Pravoslav Kilsəsinə xüsusi diqqət göstərir və faktiki olaraq özünü Bizans imperatoru statusunda aparır. Yəni çətin ki, “minilliyin görüşü” onun razılığı olmadan baş tutub.
Yeni Bizans imperatoru Putin və Pravoslav kilsəsi: Moskvada Konstantinopol siyasətinin davamı
Putin hakimiyyətə gəldikdən sonra əvvəlki prezident Boris Yeltsindən fərqli olaraq, Rusiya Pravoslav Kilsəsinə məxsusi münasibətini nümayiş etdirdi. Rus təhlilçilərindən birinin qeyd etdiyi kimi, Putin Pravoslav Kilsəsinə Çar Rusiyası zamanındakı nüfuzunu, həşəmətini, parlaqlılığını, sərvətini, dünyəvi işlərə təsir imkanlarını bərpa etməyə imkan yaratdı. Kilsə borclu qalmadı və Putinin iki müddət prezidentliyindən sonra Dmitriy Medvedevin seçilməsində yardımçı olmaqla, “varis planına” ən böyük dəstəyi verdi. Pravoslav Kilsəsi Krımın ilhaqı, Ukraynanın şərqində müharibəyə legitimlik qazandırmaqda və cəmiyyətin aparıcı təbəqələrinin Putinin ətrafında səfərbər olmasına yardım etdi. Kilsə Putinin hüquq müdafiəçilərinə qarşı kampaniyalarına da dəstək verdi. Keşişlər onları satqın kimi təqdim etməkdən çəkinmədilər.
Putin-Pravoslav Kilsəsi ittifaqı hər iki tərəf üçün çox böyük fayda verir. Putindən nümunə götürən on minlərlə insan Kilsəyə qayıdır. Din xadimlərinin dəstəyi isə Putinə çox böyük mənəvi dəstək verir və onun addımlarına legitimlik qazandırır. Xüsusən, Qərb ölkələrinə qarşı mübarizədə Kilsənin dəstəyi əvəzolunmazdır. Qərb dəyərlərini tənqid edən Putin, Pravoslav Kilsəsindən dəstək almaqla, həm də bu mübarizəni dəyərlər müstəvisinə keçirə bilir. Bu isə hazırda Rusiya cəmiyyətinin səfərbərliyi üçün çox vacib amildir. Putin bu baxımdan da Bizans imperatorlarına çox bənzəyir…
Hələ 2012-ci ildə “Seliqer -2012” Gənclər Forumunun iştirakçıları ilə görüşündə Putin bildirmişdi ki, rusların knyaz Vladimir tərəfindən xaç suyuna salınması slavyan qəbilələrinin birləşməsi və Rus dövlətinin yaranmasının əsasını qoyub. Putinin tərəfdarı olan ideoloq və strateqlər qeyd edirlər ki, pravoslavlıq bütün slavyan və rus dünyasını biləşdirən əsas mənəvi bağdır.
Papa və Patrirax Rusiya və Qərbi, Roma və Bizansı barışdıra biləcəklərmi?
Bu məqamda Pskov monastrının keşişi Filofeyin Böyük Moskva knyazı III Vasiliy İvanoviçə (İvan Qroznıy) müraciətini də xatırlamaq lazımdır. Müraciətdə Roma İmperiyasının varisliyinin Konstantinapola və sonra isə Moskvaya ötürülməsi əsaslandırılır. Müraciətdə deyilir: “İki Roma süqut etdi. Üçüncü ayaq üstədir. Dördüncü olmayacaq…” Daha sonra Filofey Qroznını özünü çar elan etməyə çağırır.
Bizans mirası Rusiya üçün hər zaman cəlbedici olub və bir çox qərb təhlilçiləri Putinin SSRİ-ni bərpa etmək səylərini də Bizansa bənzər böyük xristian Şərq imperiyası yaratmaq ideyası ilə əlaqələndirirlər.
Bu baxımdan cəsarətlə demək olar ki, Havannada Moskva patriraxı yalnız Pravoslav Kilsəsinin başçısı kimi yox, həm də Putinin şəxsi emissarı kimi çıxış edib.
962-ildən sonra ilk dəfə bir araya gələn Papa və Patrirax Rusiya və Qərbi, “Roma” və “Bizansı” barışdıra biləcəklərmi? Bunu isə zaman göstərəcək.
Amma katoliklərin və pravoslavların dini liderlərin bir araya gəlməsi şübhəsiz ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək.
Strateq.az