İqtisadçı Operativ Qərargahın koronavirus statistikasına inanmır, elə həkim də
31-03-2021, 19:52
“İlk növbədə ölkə Prezidenti, Birinci vitse-prezident, Baş nazir, Milli Məclisin sədri peyvənd olunmalı və ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir”.
Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Feysbuk” hesabında belə yazıb.
O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı koronavirus statistikasının şəffaflığı şübhə doğurur.
Statistikaya görə, martın 30-da Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 2146 hal aşkar edilib, 838 nəfər müalicə olunub, 25 nəfər vəfat edib.
Qubad İbadoğlu yazıb ki, son statistikada ölüm faktının göstəriciləri narahatedicidir: “Bu informasiyada narahatedici məqamlardan biri də vəfat edənlərin sayının artımıdır. Nəzərə alsaq ki, ikinci dalğa yeni başlayıb, bu rəqəmlərə əsasən, hər 1000 nəfərə 12 ölüm düşür. Bu göstərici 1 ildən artıq bir müddətdə bu xəstəliyin müalicəsi üzrə təcrübə yığan səhiyyə sistemi üçün çox pisdir".
Qubad İbadoğlu - Sosial Media
İqtisadçı ölüm hallarının qarısını almaq üçün 2 yol təklif edib: “Ya yoluxub-sağalanların sayının artması ilə kollektiv müqavimət formalaşdırılmalıdır, ya da yoluxmayanlar kütləvi və sürətli peyvənd edilməlidir ki, fərdi olaraq insanların orqanizmində müqavimət güclənsin. Səhiyyə statistikası bərbad olduğuna görə indiyədək yoluxanların ümumi sayının 259 476 nəfər, sağalanların sayının 237 338 nəfər, vəfat edənlərin sayının 3538 nəfər olduğuna inanmaq olmur. Çünki bu siyahıda yoluxub evdə müalicə olunanlar, yaxud müalicə olunmayıb sağalanlar və ya dünyasını dəyişənlər yoxdur. Səhiyyə statistikasına inansaq, belə çıxır ki, indiyə qədər əhalinin 2,5 faizi virusa yoluxub, hələ 97.5 faizi də yoluxa bilər. Odur ki, bu rəqəmlərə əsaslanmaq və düzgün səhiyyə siyasəti yeritmək mümkün deyil. Əslində, evdə müalicə olunanlar hətta xəstəxanada sağalanlardan 10 dəfə çox olsa da, demək olar ki, kollektiv müqavimətin formalaşmasına hələ çox var. Bunu da gözləmək xalqı qırğına verməkdir. Bu səbəbdən əhalinin sürətli və kütləvi peyvənd olunması prosesinə keçmək lazımdır”.
Vaksinasiya prosesi niyə ləng aparılır?
İqtisadçı ölkədə vaksinasiya prosesinin sürətli olmadığını yazıb: “Operativ Qərargahın məlumatına görə, dünənə qədər koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib ki, bu da əhalinin 5,33 faizi deməkdir. Onların da hamısı hər iki dozanı qəbul etməyib, eyni zamanda bunlar daha çox səhiyyə işçiləri, polislər və dövlət məmurlarıdır. Peyvəndləmənin ləngiməsində isə ən azı 4 mühüm problem var:
- birincisi, lazımı qədər peyvənd yoxdur, baxmayaraq ki, Azərbaycanın 6 milyon doza vaksin aldığı deyilir;
- ikincisi, səhiyyə infrastrukturu zəifdir;
- üçüncüsü, idarəetmə işi pis təşkil olunub;
- dördüncüsü, əhali maraqlı deyil”.
“Hesab edirəm ki, ilk növbədə ölkə Prezidenti, Birinci vitse-prezident, Baş nazir, Milli Məclisin sədri peyvənd olunmalı və ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. İkincisi, peyvəndlə bağlı məlumatlar açıq olmalı, bu proses şəffaf və hesabatlı şəkildə həyata keçirilməlidir. Üçüncüsü və ən başlıcası isə səhiyyə statistikası dürüstləşdirilməlidir. Bunsuz tibbi sığorta da mənasızdır” - Qubad İbadoğlu belə yazıb.
Qubad İbadoğlu həmçinin qeyd edib ki, hökumətin yenidən sərt karant qərarı verməsi gözlənilmir: “Böyük ehtimalla hakimiyyət buna getməyəcək, çünki belə olanda sahibkara və aztəminatlı təbəqəyə pul ödəmək lazımdır. Hakimiyyət isə müharibədən sonra pulu daha çox sevməyə başlayıb, olsa da, heç kimə vermək istəmir”.
“Qubad İbadoğlu siyasi dividend qazanmaq istəyir”
Həkim Vaqif Qarayev də hesab edir ki, hökumət sərt karantin rejiminə keçərsə, xalqın maddi və psixoloji durumunu nəzərə almalıdır: “Mediada koronavirusun yeni dalğaları ilə bağlı yayımlanan yazılar diqqət cəlb etmək cəhdindən başqa bir şey deyil. Qapanmalar yoluxma sayını azaldır, karantin şərtləri yumşaldılanda isə yenidən artım müşahidə olunur. Buna niyə yeni dalğa deyək? Ölkədə durumun ağır olduğunu nəzərə alsaq, sərt karantin insanlara həm maddi, həm də psixoloji baxımdan pis təsir edəcək. İnsanların narazı olmağa haqqı var. Necə dolansınlar? Bunun da bir yolu var - qapanmalar olacaqsa, insanlara maddi vəsait ayrılmalıdır. Rəsmilərin arqumenti isə belə olur ki, müharibədən çıxmış ölkəyik.
Əslində, onlar da haqlıdır, müharibə xeyli vəsait apardı. Mən Qubad İbadoğlunun paylaşımını oxumuşam. Bəzi mütəxəssislər siyasi dividend qazanmaq istəyirlər, amma bu cür olmamalıdır, çünki ortada xalq var. Müxalifət və ya iqtidar yönlü olmağımıza baxmayaraq hamımız eyni xalqın nümayəndəsiyik. Bu səbəbdən xalqın tərəfində çıxış etmək lazımdır. Çözüm yolu nədir? Mənim şəxsi düşüncəm bu yöndə idi ki, yanvar ayında azalma müşahidə olunanda karantini yumşaltmaq yerinə, qapalı şəraitdə vaksinasiya prosesi aparılmalı idi. Əhalinin təxminən 2 milyonu vaksinasiya olunduqdan sonra fəaliyyət sahələrini açmaq olardı”.
Vaqif Qarayev - Sosial Media
O da çıxış yolunu sürətli və kütləvi vaksinasiyada görür: “Müşahidələrimə əsasən deyə bilərəm ki, könüllü olaraq peyvənd vurduran insanların da vaksinasiya prosesinin təşkili aşağı səviyyədədir. Məsələn, saatlarla sırada gözləyən insanlara vaksin olmadığını deyirlər. Bu cür təşkil olunma yolverilməzdir. Biz həkimlər ovaksinasiyanın təbliğatı ilə məşğuluq, amma könüllülərə qarşı bu cür rəftar başqalarını bu prosesdən çəkindirir. Statistikaya əsasən, hələ ki yarım milyon insana vaksin vurulub. Bu, çox aşağı göstəricidir. İsrail vaksinasiya prosesini bitirib. Almaniya, Fransa və ABŞ-da bu proses çox sürətlə gedir”.
“Statistikadan daha çox “Feysbuk”da yazılanlara inanıram”
Həkim Azərbaycanda koronavirus statistikasının qeyri-şəffaflığı ilə bağlı məsələdə iqtisadçı ilə həmfikirdir: “Mən rəsmi statistikadan daha çox “Feysbuk”da yazılanlara inanıram. Hər gün apardığım müşahidələrə əsasən, həkim, dərman, xəstəxana, oksigen balonu axtaranlar çoxalıbsa, bilirəm ki, yoluma artıb. Rəsmi statistikada, sadəcə, xəstəxanaya gedib analiz verən şəxslər öz əksini tapır, amma evdə müalicə alan və ya xəstə olunduğundan xəbərsiz olan xeyli sayda insan var”.