"Gəncə işi"ndə dönüş ola bilər - GƏLİŞMƏ
2-04-2021, 10:31
1 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Gəncə işi”nə baxılır. Artıq prokuror Yunis Səfərovla bərabər mühakimə edilən təqsirləndirilən şəxslərə cəza istəyib. Bundan sonra Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 9 nəfər aclıq aksiyası keçirmək qərarı verib. Etiraz doğuran prokurorun Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalova 18 il, Ceyhun Qurbanova isə 28 il həbs cəzası tələbi olub.
Lakin onlar aclıq aksiyası keçirmək qərarını sonradan dəyişiblər. Belə ki, “Gəncə işi” üzrə mühakimə olunanların aclığa başlaması haqda martın 31-də Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib. Bundan sonra təcridxananın rəisi Elnur İsmayılov dustaqlarla görüşüb. Onlara deyib ki, bu son deyil, məhkəmənin hökmü başqa ola bilər. Hökmü gözləməyi məsləhət görüb. Rəislə söhbətdən sonra təqsirləndirilən şəxslər aclığı dayandırmaq qərarına gəliblər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a bildirib ki, hazırda bu qurumun tabeliyində olan həbs yerlərində saxlanılan şəxslər arasında aclıq edən yoxdur.
Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova prokurorun çıxışına münasibət bildirərkən deyib ki, ittiham saxtadır: “Onlar saxta ittihamların həqiqət kimi qəbul olunub, heç bir günahları olmadığı halda belə ağır cəza tələbinə etiraz edirlər. Əhaliyə zülm eləyən Elmar Vəliyevə görə nə qədər adamın taleyini məhv edirlər. Terror, dövlət çevrilişi - hamısı yalandır. Yunis Səfərov özü də deyir ki, onu məhz əhaliyə zülmünə görə vurub, digər təqsirləndirilən şəxslər günahsızdır. Mütəşəkkil dəstə, terror görüntüsü yaratmaq üçün Yunisə salam verənlərin hamısını cəzalandırırlar”.
Yunis Səfərovun xalası Mehriban Məmmədova da məhkəmənin gedişindən narazılıq edib. Onun sözlərinə görə, müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması, Yunis Səfərovun pozulan hüquqlarının bərpası istiqamətində heç bir addım atılmaması onlarda ümidsizlik yaradır: “Cinayət törədib, cəzasını kəsin. Amma hər şey qayda-qanun çərçivəsində olmalıdır. Ona nə qədər işgəncə verilib”.
Gəncədə müəllim işlədiyini, Yunis Səfərovu də özü böyütdüyünü deyən Mehriban Məmmədova bacısı oğlunun başqalarına ziyan verən biri olmadığını iddia edib: “Yunis Elmar Vəliyevin insanlara qarşı qəddarlığına görə bunu elədi. İmamzadə ziyarətgahının yanındakı meydandan adamları döyüb-qovdular, onda Elmar Vəliyev belə bir söz dedi ki, ”Gəncədə kişi yoxdur". Yunis də bu sözə dözə bilmədi". Yunis Səfərovun xaricdəki dini qruplarla əlaqəsi barədə ittihamda yazılan və yayılan videolar haqda suala isə xalası belə cavab verib: “Youtube-da yayılan o video quramadır”.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də o zaman Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantı Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sonradan məhkəmədə ifadə verən Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşı Aqil Qəmbərov baş verənləri xatırlayarkən deyib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin mühafizəsini həyata keçirən polislərdən biridir. Hadisə günü olanlar haqda danışan A.Qəmbərov bildirib ki, həmin vaxt ölkə ərazisində işıqların sönməsi ilə əlaqədar axşam 20 radələrində icra başçısı Elmar Vəliyev icra hakimiyyətinin qarşısındakı pilləkənlərdə iclas keçirib. Təxminən 15 dəqiqə çəkən iclas başa çatanda Elmar Vəliyev stulda əyləşib, mühafizəçisi Qasım Aşpazov isə ayaqüstə dayanıb, onunla söhbət edib. Bu zaman başında kepka, əynində zolaqlı köynək olan bir nəfər icra hakimiyyətinin pilləkənlərinə tərəf gəlib. Həmin adamdan geri qayıtmasını tələb etsə də, əhəmiyyət verməyib: “Qışqırdım ki, hara gedirsən? Fikir vermədi...”
Aqil Qəmbərovun sözlərinə görə, Yunis Səfərovun sabiq icra başçısı və mühafizəçisinə xəsarət yetirdiyini görəndə özünü onun üstünə atıb, nəticədə silah Yunisin əlindən düşüb. Bu zaman hər ikisi pilləkəndən yıxılıb. Başqa bir polis əməkdaşı Mikayıl Zeynalov Yunis Səfərovu tutub saxlayıb. Sonra onu Gəncədəki Nizami rayon Polis İdarəsinə aparıb təhvil veriblər. Yunis Səfərov məhkəmədə ifadə verərkən bildirib ki, əvvəl silahı çıxarmayıb. İcra başçısının mühafizəçisi ona tərəf gələndə çəkindirmək üçün tapançanı çıxarıb. Amma Qasım Aşpazov çəkilmədiyinə görə ayaq nahiyəsindən atəş açıb. Yıxılmadığını görəndə ikinci dəfə güllə atıb. İcra başçısını vurmaq istəyəndə silah açılmayıb. Ona görə də tapançanın dəstəyi ilə Elmar Vəliyevin gicgah nahiyəsindən zərbə endirib.
Elmar Vəliyev məhkəməyə dəvət olunarkən vəkili buna səhhətinin imkan vermədiyini açıqlayıb. Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 59.1.12 maddəsində zərərçəkmişlə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri sayılır. Zərərçəkmiş icra başçısı dindirilməlidir ki, onun bu haqda fikri öyrənilsin. Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir. Hakim Əfqan Hacıyev də Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Rəyə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir. Vəkil Cavad Cavadov məhkəmənin nəzərinə çatdırıb ki, Elmar Vəliyevin onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada verilmiş etibarnaməsi var. Əgər onun əqli və fiziki durumu normal deyilsə, etibarnaməni necə verib? Bu sual açıq qalıb, nümayəndə də ona cavab verə bilməyib.
Hüquq-mühafizə orqanları baş verənləri terror əməli sayır. İttihama görə, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olub. Yunis Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.
Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.
Yunis Səfərov və digərlərinin işi üzrə proses aprelin 13-nə qədər təxirə salınıb.