Sosial məsafə hansı halda kifayət etmir? – Yeni araşdırma

6-05-2021, 07:11           
Sosial məsafə hansı halda kifayət etmir? –
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun apardığı yeni tədqiqata görə, qapalı məkanlarda insanlar arasında 2 metrlik sosial məsafənin gözlənməsi koronavirusun yayılmasının qarşısını lazımınca almaya da bilər.

Novator.az xəbər verir ki, tədqiqatın nəticəsi ABŞ-ın “PNAS” elm jurnalında dərc olunub.

Dünyanın bütün ölkələrində koronavirusdan qorunmaq üçün qapalı məkanlarda insanlara 2 metr sosial məsafə saxlamaq tövsiyə olunur.

Bu tövsiyə 2020-ci ilin yazından, yəni COVİD-19 infeksiyasının hava-damcı yolu ilə ötürüldüyünə dair sübutlar meydana çıxandan rəsmi xarakter daşıyır.

Massaçusets Texnologiya İnstitutunun tədqiqatı isə göstərib ki, insanın qapalı məkanda nə qədər vaxt keçirməsi, orada neçə nəfərin olması virusa yoluxub-yoluxmamaq baxımından sosial məsafədən daha çox rol oynayır.

İnstitutun professorları Martin Bazant və Con Buş qapalı məkana daxil olan viruslu insanın oradakı adamları infeksiyaya yoluxdura biləcəyi zamana uyğun riyazi formul hazırlayıblar.

Professorlar bu formuldan yararlanaraq müəyyən ediblər ki, qapalı məkanda virusa yoluxma səviyyəsi insanların sayına, oradakı fəaliyyət növünə və digər situasiyalara görə dəyişə bilər.

Alimlər bildirirlər ki, virus həqiqətən havada asılı vəziyyətdə qalan kiçik hissəciklərə yapışır. Amma insanların seyrək olduğu sakit mühitdə virusu daşıyan yüngül damcılar yavaş-yavaş yerə hopur, yüksək fəallıq olan məkanda isə bu hissəciklər daha uzun müddətə havada qala bilir.

Tədqiqat göstərib ki, son modeldən olan havalandırma və filtrasiya sistemləri hətta yüksək aktivlik şəraitində də virusun yayılmasının qarşısını ala bilər.

Martin Bazant və Con Buş kəşf etdikləri formulun gəmi, məktəb və həbsxana kimi məkanlara da aid olduğunu düşünürlər.

Professorlar hesab edirlər ki, bütün ölkələrin səhiyyə sistemləri koronavirusla bağlı məhdudiyyət qaydalarını onların yeni formuluna uyğunlaşdırmalıdır: “Çünki yalnız sosial məsafənin gözlənməsi qaydası qapalı məkanda virusun hava yolu ilə ötürülməsi riskini aradan qaldırmağa kifayət eləmir”.

Professor Con Buş maska taxmağı virusun yaxın və ya uzaq məsafədən ötürülməsi riskinin qarşısını ala biləcək ən yaxşı üsul adlandırıb. O həmçinin qapalı məkanlarda havalandırma və filtrasiya sistemlərini təkmilləşdirməyi tövsiyə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.