“Şəhid ailələri, qazilər qapılarda qalırlar” - ETİRAZ

6-05-2021, 18:40           
“Şəhid ailələri, qazilər qapılarda qalırlar” - ETİRAZ
Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Bu barədə hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib. Onun sözlərinə görə, hadisə mayın 4-də Bakının Novaxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub:
"Oğlum müharibə vaxtı iki dəfə kantuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı.

Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi.

Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət bütün olanları bilinc altına yeridib, belə nevroloji problemi yoxdur.

Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs belə bir hadisə baş verib".
İntihar xəbərləri onsuz da üzüntülüdür, fəlakətli həddə ağrılıdır, üstəlik, intihar edən qalib ordumuzun hərbçisidirsə, adamın canı ikiqat sıxılırr. Postmüharibə dönəmində mənəvi böhran, depressiya, stress bu və ya digər səviyyələrdə yaşanır. Əsgərlərin aldığı xəsarətlər, baş-beyin travmaları, dözülməz ağrılar bəzən intihara gətirib çıxarır. Üstəlik, pandemiya şəraitində yaşadığımızı da nəzərə alsaq, vəziyyət olduqca ciddidir. Bəs, bu sahədə nə kimi tədbirlər görülməlidir ki, qəhrəman oğullarımız canlarına qıymasınlar?

Baş verənləri “Sherg.az”a dəyərləndirən Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu təəssüflə qeyd edib ki, belə hallar var, yenə də olacaq:

“Ən vacibi odur ki, vətən müharibəsində iştirak edənlərə diqqət və qayğı göstərilsin, onlarla təmas qurulsun. Müharibənin odu və alovundan keçmiş qazilərin, veteranların ən düzgün xilas yolu onların bir təşkilatla cəmlənməsi, tez-tez görüşmələridir. Çünki bir-birilərindən təskinlik alırlar. Lakın nə qədər desək də, bunlara qulaq asan yoxdur. Nə “YAŞAT” fondu, nə rayon icra hakimiyyətləri problemi həll edəcək”.

R.Kərimoğlu vurğulayıb ki, müəyyən həkim qrupu, psixoloqlar və mütəxəsisslər dəvət edilsə də, onların heç biri problemi həll edə bilməyəcək:

“Yeganə çıxış yolu müharibə iştirakçılarının bir-biri ilə əlaqələrinin yaradılması, təmasların təşkil olunmasıdır. Bütün rayon və qəsəbələrdə qazilər parkı, istirahət mərkəzləri yaradılmalıdır. Özü də dərhal və gecikdirilmədən. Həmin parklar və istirahat mərkəzləri də müharibə iştirakçılarının idarəçiliyinə verilməlidir. Hamısı bir yerə toplaşıb, dərdləşməlidirlər. Vətən müharibəsi iştirakçılarımızın böyük əksəriyyəti özünə qapanıb. Belə olmasaydı, intihar etməzdilər. Özünə qapanmamanın da tək yolu onların ictimailəşmələri, bir yerdə olmaqlarıdır.

Aparılan işlər düzgün həyata keçirilmir. Dövlətin vəsaiti var, ölkə başçısı müxtəlif qərar və sərəncamlar verir. Amma bu sahədə fəaliyyət göstərənlərin işləri yönəltməsi düzgün deyil.

Vahid dövlət komitəsi yaradılmalıdır- Şəhid ailələri, Qarabağ əlilləri, veteranlar və hərbçilərlə iş üzrə Dövlət Komitəsi. Həmin qurumda bütün işlər nizamlanmalıdır. Bu gün qazilərimiz və şəhid ailələrinin problemi olanda bilmirlər hara getsinlər, qapılarda qalırlar. Prezidentə düzgün informasiya və hesabatlar verilmir. Ona görə də bu işləri nizamlamaq üçün kifayət qədər məlumatı olanlar cəlb etmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.