Bir daha "Tərtər işi" barədə - Səxavət Məmməd yazır....

7-05-2021, 00:25           
Bir daha "Tərtər işi" barədə -
Adına "Tərtər işi" verilən prosesdən uzaq qaçdığımı düşünənlər var. Əslində zamanında bu məsələnin üstünə gedəndə, çoxu pıçıltı ilə belə bundan danışmırdı. Sadəcə son vaxtlar izləyici mövqeyində idim. Ancaq “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru olan Hümmət Məmmədovun müsahibəsini oxuyandan və o videoları görəndən sonra yazmasam, olmaz.
Əvvəla ilk dəfə rəsmi olaraq öyrənə bildik ki, 109 nəfər fiziki təzyiqlərə məruz qalıb. 21 nəfər isə bəraət alıb. Bu prosesdə hər kəs günahsız olub, erməni tərəfə işləyən olmayıb deyən adam tanımıram. Əgər elə bir adam varsa, onun prosesdən xəbəri belə yoxdur. Bu yazacağım mətbuatda və heç bir yerdə işıq üzü görməyib. Hətta aprel döyüşləri vaxtı, döyüşün gedişində belə mülki şəxslərdən erməni tərəfə işləyən müəyyən edilib, əsir düşən erməni etiraf edib, sadəcə həmin adam zamanında ölkəni tərk edib. Bunları yazıram ki, sonra kimsə deməsin ki, qərəzlisən, ancaq işgəncədən yazırsan.
Teref.az xəbər verir ki, bunu hərbi jurnalist Səxavət Məmməd öz statusunda yazır.
Daha sonra hərbi jurnalist yazır, bəzi suallarım var. 109 nəfər fiziki təzyiqə məruz qalıbsa, o təzyiqi neçə nəfər göstərib? Hərbi prokurorluq buna da aydınlıq gətirməlidir. Çünki məndə məhkəməyə verilib və cəzalandırlan şəxslərin təxmini sayı var. Fiziki cəhətdən o qədər şəxsin 109 nəfəri dindirməsi və fiziki təzyiq göstərməsi imkansız görünür.
Müsahib heç şübhəsiz Hərbi Prokurorluğun icazəsi ilə diktafon arxasına keçib. Çünki belə məsələlərin necə həll olunduğunu yaxşı bilirik. Mənə maraqlı olan tərəf istintaq çəkilişlərinin yayımlanmasıdır. İstintaq çəkilişlərinin yayılması prosedurunu bilmirəm. Bilənlər anlatsa çox yaxşı olardı. Müsahib ancaq etiraf videolarını təqdim edib. Yəni, demək istəyirlər ki, baxın, xayinlər, satqınlar var. Bu sirr deyildi. Əgər bu videolar yayımlana bilirsə, zəhmət olmasa fiziki təzyiq göstərənlərin ifadələri və üzləşdirmə videoları da yayımlansın. Bu videoları yayıb, o birilərini yaymamaq qarşı tərəfə necə qıcıq verəcək, bunu düşünmüşdünüz?
Müsahib də, çoxlu sayda insan da deyir ki, "Tərtər işi"nin qabardılması "Silahlı Qüvvələri gözdən salmaq və Vətən Müharibəsi zəfərini kölgə altına almaqdır". Əvvəla Vətən müharibəsində hərbi qələbəni gözdən salmaq imkansızdır! Bunu birdəfəlik qulağınızda sırğa edin! İmkansızdır! Bu tarixdir. Bunu iddia etmək cılızlıqdır. Eramızdan əvvəl kutilərin, lullubilərin qələbələri tarixdə qalıbsa və onu oxuyuruqsa, bunu düşünməyin belə.
Videolara diqqətlə baxdım. Yəqin çoxunuz izləmisiniz. Hərbi geyimdəki bir əsgər qarşısındakına deyir ki, məni niyə belə elətdirdin? Atam məni bura kişi kimi göndərmişdi. Atamın üzünə necə baxacam?
Əslində ordunu gözdən salmaq bax budur. Buna göz yumanlardır. nəzarət edə bilməyənlərdir. Orda ciddi nəzarət olsaydı, bu hadisələr baş verəcəkdi? Niyə bu məsələyə diqqət ayıran yoxdur? Əsgər silahın əsgər yoldaşının yanında qoyub, gedir. Rahatçılığa fikir verirsiniz? Biri gələr yoxlamaya, silahımı götürər, başıma iş gələr düşüncəsi yoxdur. Rahatlıq ən pik həddədir. Hələ silahı deyirəm. Düşmənlə üzbəüz posta xidmətə çıxan əsgərin yerində olub-olmamasını heç demirəm. Sizcə niyə? Bu rahatlıq hardan qaynaqlanır?
Hər dəfə bu mövzuya toxunanda deyirəm, təkrar olsa da, yenə deyəcəm, bu məsələ köklü araşdırılmalıdır. Necə ki, bir əsgər əsgəri güllələyəndə manqadan komandana qədər hər kəs cəza alırsa, bu işdə də, heç kimin yaxası kənarda qala bilməz.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.