Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ
29-05-2021, 11:48
"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur – red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu”.
Bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, hər nə qədər karantin yumşaldılsa da maskadan istifadə, sosial məsafə və əl gigiyenası qaydalarına mütləq riayət olunmalıdır:
"Təbii ki, yumşalmalar barədə qərarın verilməsində vaksinasiyanın da rolu böyükdür. Çünkü Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Ancaq insanlar yenə də karantin rejiminin yumşaldılmasına baxmayaraq daimi olaraq əl gigiyenasına riayət etməlidir, sosial məsafəni gözləməlidir, vaksinasiya olunmalı olan şəxslər mütlə vaksinasiya olunmalıdır, qapalı məkanlardan bacardıqca uzaq durmaq lazımdır. Əgər qapalı məkanlardan məcburi şəkildə istifadə etmək zərurəti yaranıbsa, mütləq tibbi maskadan istifadə edilməlidir və məkan havalandırılmalıdır.
Açıq havada da simptomları (kəskin respirator xəstəlik – soyuqdəymə, qrip) olan şəxslərin maska taxması məqsədə uyğundur. Bu, bizi təkcə koronavirusdan deyil, digər hava damcı yolu ilə keçən infeksiyalardan da qoruyacaq. Yəni simptomu olan şəxsin hər yerdə maska taxması digər insanları hər hansı bir hava damcı yolu ilə keçən xəstəliklərdən qoruyacaq. Ona görə də hər nə qədər də qaydalar yumşaldılsa da dediyim bu nüanslara insanlar riayət etməkdə davam etməlidirlər”.