QARABAĞ Sərhəddəki gərginlilkə bağlı fərqli yozumlar... - ``Rusiya gəldi və dalana düşdü``
30-05-2021, 13:17
Son həftələr Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib.
Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.
Ermənistan tərəfi iki hərbi quluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb.
Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.
Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb.
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Dünən, mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi isə Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edərək, bildirib ki, belə bir hal baş verməyib.
Prezident: «Təxribat cavabsız qalmamalı idi və qalmadı»
Mayın 28-də Prezident İlham Əliyev də Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində çıxışında bildirib ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir :
« Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat cavabsız qalmamalı idi və qalmadı».
Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan-Ermənistan sərhədində və Şuşa ətrafında vəziyyətin gərginləşməsi yaxşı perspektivdən xəbər vermir :
«Bunun başlıca səbəbi Ermənistanda seçkilərə hazırlıqdır. Biz görürük ki, Paşinyan birmənalı şəkildə qərbpərəst mövqe nümayiş etdirir və hətta ABŞ müşahidəçiləri sərhədə yerləşdirməsini təklif edir. Bu mövqe və Paşinyanın qalib gəlməsi ehtimalı Rusiyanı narahat etməyə bilməz».
«Rusiya hər iki tərəfə təsir edərək müəyyən gərginliklər yaratmağa çalışır»
Ekspert qeyd edib ki, bu səbəbdən Rusiya hər iki tərəfə təsir edərək müəyyən gərginliklər yaratmağa çalışır :
«Ola bilsin ki, hansısa lokal konfliktlər təhrik etməyi düşünür. Çünki kiçik uğursuzluq belə Paşinyanın seçkilər nəticələrinə mənfi təsir göstərəcək.
Ə.Oruclunun fikrincə, digər səbəb Rusiyanın Yaxın Şərqə çıxışını əldə etməsi üçün yolları açmaq istəyidir :
«Rusiya gəldi və dalana düşdü. Rusiyanın İrana nə Cəbrayıl istiqamətindən çıxışı var, nə, hələlik, Zəngəzur dəhlizi (Ermənistanın Sünik bölgəsi ) yoxdur, onun olub-olmayacağı sual altındadır. Ona görə də Moskva Xudafərin keçidini nəzarətə götürmək istəyir.».
Ekspert vurğulayıb ki, müharibə təhlükəsi artır.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov «Turan» İnformsiya Agentliyinə bildirib ki, gərginliyin yaranmasının müxtəlif versiyaları var :
«Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycan ərazilərini işğal etmişdi və ermənilər orada məskunlaşmışdı. Bu ərazinin xeyli hissəsi Azərbaycan-Ermənistan sərhəd bölgəsidir. İndi Azərbaycan öz tarixi sərhədlərini bərpa edir. Ermənilər bunu qəbul etmir».
«Bunların xəritələri və digər sənədləri, arxivi, əsası var»
Deputat qeyd edib ki, bu sərhədlər hələ sovet dönəmində müəyyən olunub:
«Bunların xəritələri və digər sənədləri, arxivi, əsası var. Bu xəritələr Moskvada da, Azərbaycanda da, Ermənistanda da var. Sadəcə olaraq bu, onların növbəti təxribatı və hay-küyüdür».
Komitə üzvü vurğulayıb ki, Ermənistan Beynəlxalq təşkilatlara müraciət edir :
«Deyirlər ki, Azərbaycan bizim ərazilərimizə daxil olub, köməyə gəlin. Lakin həmin təşkilatlar xəritəyə baxırlar, peyklərdən baxırlar və müəyyən edirlər ki, Azərbaycan Ermənistan ərazisində daxil olmayıb.»
Deputatdan versiyalar...
Deputatın fikrincə, hadisələrin digər mümkün səbəb kimi Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləridir:
« N.Paşinyanla R.Köçaryan (keçmiş Prezident) arasında gedən mübarizə də səbəb ola bilər. Bir versiya var ki, N.Paşinyan qəsdən bu məsələləri qızışdırır ki, diqqət onun seçki kampaniyasından yayınsın. Digər tərəfdən bu gün Ermənistan ordusunda qalmaqda olan Köçaryan, Sərkisyan (keçmiş Prezident) tərəfdarları Paşinyanın mövqelərini daha da zəiflətmək üçün bunu qəsdən edirlər».
E.Məmmədov hesab edir ki, bu vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır.Deputat hesab edir ki, Azərbaycanın bir qarış torpağın belə onlarda qalmasına imkan verməyəcəyik.