Nuru paşaya görə ölümə göndərilən mübariz azərbaycanlının İNANILMAZ HƏYATI...
31-05-2021, 06:05
Sayt özünün böyük oxucu marağına səbəb olan "Əfsanəvi azərbaycanlılar" layihəsində bu dəfə xalqımızın görkəmli aydınlarından və mübariz şəxsiyyətlərindən biri Əliababs Müznibin məşəqqətlərlə, təlatümlərlə dolu həyatı ilə bağlı maraqlı faktları təqdim edir.
***
1906-cı ildə “Molla Nəsrəddin” satirik dərgisinin nəşrə başlamasından bir müddət sonra Azərbaycanda başqa satirik dərgilər meydana çıxdı. Onların arasında 1907-ci ildə ilk sayı işıq üzü görən “Bəhlul”, 1910-cu ildə nəşrə başlayan “Mirat” və “An”, sonralar isə “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur” (1918-1919), həmçinin rus dilində nəşr olunan satirik nəşrlər - “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913) vardı.
Həmin jurnallardan biri də “Babayi-Əmir” adlanırdı. 1915-ci il aprelin 21-də nəşrə başlayıb 17 oktyabr 1916-cı ilədək nəşr edilən “Babayi-Əmir” öz səhifələrində avamlığı, geriçiliyi, mövhumatı sərt tənqid edir, mədəniyyətin önəminə diqqət çəkirdi. Dərgidə həmçinin Əzim Əzimzadə karikaturaları, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn, Əliağa Vahid, Cəfər Cabbarlı və digərlərinin tənqidi, satirik məzmunlu şeirləri, felyetonları çap olunmuşdu.
Jurnalın baş redaktoru Əliabbas Müznib idi. O, "Babayi-Əmir"dən öncə “Dirilik” adlı tərəqqipərvər dərgi nəşr etdirməyə başlamış, Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məşhur məqalələrindən biri – “Milli dirilik” ilk dəfə həmin dərginin səhifələrində işıq üzü görmüşdü.
1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunan “Dirilik”in nəşri hakim dairələrin narahatlığına, nəticədə isə onun nəşrinin dayandırılması barədə qərarın verilməsinə gətirib çıxardı.
1883-cü ildə Bakıda dünyaya göz açan, ilk təhsilini evdə anası Reyhan xanımdan aldıqdan sonra mədrəsədə oxuyan, maddi çətinlik üzündən mədrəsəni yarımçıq qoymaq məcburiyyətində qalan, atasının yanında daş yonub, xarratlıq edən Müznib elmə, savada həvəsindən bir an belə, əl çəkmir. Daim mütaliə ilə məşğul olan Əliabbas Müznib güclü hafizəsi sayəsində fars və ərəb dillərini öyrənmişdi.
24 yaşında ikən bəddi yaradıcılığa başlayan, 1907-ci ildə ilk məqaləsi “Şərqi-Rus” qəzetində, ilk şeiri isə “Təzə həyat” qəzetində işıq üzü görən Müznib, çox keçmədən dövrünün Mirzə Ələkbər Sabir, Seyid Hüseyn kimi mütərəqqi düşüncəli ziyalıları ilə tanış olur, onlarla dostluq edirdi.
O, 1910-cu ildə “Hilal” adlı qəzetin nəşrinə başladı. Həmin ilin 18 dekabrında ilk sayı işıq üzü görən “Hilal” elə birinci nömrəsindəncə hökumət dairələrinin qəzəbinə tuş gəldi. Buna səbəb onun Çar hakimiyyətinə qarşı kəskin siyasi mövqeyi idi.
Rəsmi icazə olmadan nəşr edilən qəzetdə Müznibin “Hökumət, ah bir insan yeyən qurd, Rəiyyətdə nə pul qoyar, nə bir yurd” misraları ilə başlayan şeirinin dərci hökumət dairələrini əsəbiləşdirdi. Nəticədə “Hilal” qəzeti bağlandı, onun ikinci sayının bütün nüsxələri isə müsadirə edildi. Üstəlik,
Müznib barədə cinayət işi açıldı.
Lakin bütün bunlar 27 yaşlı Əliabbası qorxutmadı: o, 1911-ci ilin yanvarında “Hilal”ın nəşrinə yenidən başladı. Bu dəfə o, qəzetin üç sayını çap etməyə imkan tapdı. Hökumətin müdaxiləsi ilə “Hilal”ın nəşri yenidən dayandırıldı.
Əliabbas Müznib ruhdan düşmür və indi də dəfə “Şihabi-saqib” adlı dərginin nəşrinə başlayır. Dərgidəki yazıların ana xəttini çar rejiminin zülmünə kəskin etiraz, xalqın ağır, dözülməz həyatının açıq təsviri təşkil edirdi.
Artıq hökumət dairələri Müznibin “nazı ilə oynamaq” fikrində deyildilər. Odur ki 1911-ci ilin martında jandarmlar onun evinə hücum çəkir, axtarışlar aparırlar. Nəticədə “Şihabi-saqib” də nəşrini dayandırmalı olur, Müznibin özünü isə Sibirə sürgün edirlər. Beləliklə o, “Sibirə sürgün edilən ilk azərbaycanlı jurnalist” ünvanını qazanır.
Ancaq sürgün də Müznibi sındırmır. Sürgündən qayıdaraq ncə “Dirilik”, ardınca “Babayi-Əmir” dərgilərini nəşr etdirir.
1914-cü ildə Əliababs yeni tıəhülkə ilə üz-üzə qalır: dini fanatizmə qarşı kləskin mövqeyinə görə ölüm təhlükəsi ilə üzləşir - Bakı ruhanilərindən şeyx Qəni onun haqqında ölüm fitvası çıxarır. Lakin xoşbəxtlikdən Müznib bu təhlükəni sağ-salamat adlada bilir.
Yazımızın qəhrəmanı 1918-ci ilin şanlı 28 Mayını – Cümhuriyyətimizin quruluşunu sevinclə qarşılayır. O, türk və müsəlman Şərqinin ilk demokratik Respublikasına XIX yüzilliyin əvvəllərindən başlayan rus işğalının, çarizmin başımıza gələn bəlalardan qurtuluşu üçün bir fürsət kimi qiymətləndirir. Bunu Müznibin 1919-cu ilin mayında, Cümhuriyyətinin birillik yubileyi ilə bağlı yazıdan aydın görmək mümkündür. O, həmin il ilk demokratik respublikamızın marşını da yazmışdı.
Sibir sürgünündən qayıtdıqdan sonra Müsavat firqəsinin (partiyasının) sıralarına qoşulan Müznib, bundan sonra Rəsulzadənin mənəvi-ideoloji silahdaşı kimi istər Cümhuriyyətin elanı, istərsə də Cümhuriyyət illərində cani-könüldən çalışmışdı.
Cümhuriyyətin rus-bolşevik işğalı nəticəsində devrilməsindən sonra yeni hökumətin üzvlərindən Ruhulla Axundovun göstərişi ilə Müznib öncə Qarabağa, ardınca Qarabağa göndərilir. Qarabağda “Firqə və inqilab komitəsinin əxbarı (xəbərləri – red.), “Qarabağ füqərası”, “Qarabağ diriliyi” qəzetlərində çalışır. 1924-cü ildə Qubada, işlədiyi qəzet mətbəəsində təsadüfi qəza nəticəsində gözlərindən birini itirir. Müalicə məqsədilə Bakıya qayıdır, üç ilə yaxın “Kommunist” qəzetində işləyir.
1926-cı ildə gözlənilməz (bir az da gözlənilən!) şəkildə təqaüdə göndərilir, jurnalistika fəaliyyətindən tamam uzaqlaşdırılır. Bunun iki səbəbi var idi. Birinci: Cümhuriyyət və onun qurucusu ilə mənəvi-ideoloji bağlılığı unudulmamışdı. İkinci: o, “Molla Nəsrəddin”, “Damğa”, “Kəndçi”, “Kommunist” qəzetlərində tənqidi yazılarla çıxış edir və bu, Azərbaycanın ovaxtkı Sovet rəhbərliyinin xoşuna gəlmirdi.
Bundan sonra Müznib ömrünün sonunadək Azərbaycan ədəbiyyatına dair çoxsaylı kitablar yazır. Bu kitablarda XVIII-XIX yüzilikdə yaşamış şairlərimiz haqqında məlumat və onların yaradıcılığından nümunələrlə zəngin “Aşıq Pəri və müasirləri” xüsusi yer tutur.
1937-ci ilin "qırmızı terror"u ərəfəsində cəzalandırılmaq üçün ilk yada düşənlərdən biri məhz Əliabbas Müznib olur. Hələ 1936-cı ilin 7 dekabrında Müznibə qarşı əksinqilabi təşkilatın üzvü olmaqda ittiham edilir və barəsində cinayət işi qaldırılır. Evində axtarışlar aparılır və həbs olunur. O, pantürkizm və panislamizm ideyalarının təbliğində suçlandırılır. Müznibin xüsusilə “Vahid Türk Dövləti”nin yaradılmasının təşəbbüskarlarından və təbliğatçılarından biri olduğu həmin vaxt onun haqqındakı siyasi rəylərdə qırmızı xətlə keçir. Bundan başqa, Əliabbas Bakının Nuru paşanın başçılığı ilə Osmanlı ordusu və yerli qüvvələrin iştirakı ilə daşnaklardan təmizlənməsini alqışlamasından tutmuş Cümhuriyyətin quruluşuna tərəf çıxmasına qədər müxtəlif addımlarına görə suçlanır. 1918-ci ilin 25 aprelindən 31 iyulunacan mövcud olan, Stepan Şaumyanın rəhbərlik etdiyi və saysız-hesabsız qanlı əməllərə rəvac vermiş Bakı kommunasına qarşı vaxtilə tutduğu əks-mövqeyə görə sorğu-sual edilir.
Qondarma istintaq 1937-ci ildə başa çatır və Müznib səkkiz il müddətinə Sibirə sürgün edilir. Bu hökmü verənlər Müznibin sağlamlığındakı problemlərə görə sayca ikinci olan Sibir sürgünündən salamat qayıtmayacağınıl yaxşı bilirdilər. Görünür, elə bu səbəbdən də güllələnmə əvəzinə həmin hökmü qəbul etmişdilər.
Hər şey terrorçu rejimin hesablaması ilə üst-üst düşür: 1958-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) ünvanlanan arayışdan da göründüyü kimi, Müznib haqqındakı hökmdən cəmi bir il sonra – 1938-ci ilin 28 avqustunda Vladivostokda vəfat edir.
17 il sonra – 1955-ci il 24 fevralda Azərbaycan SSRİ-nin ali məhkəmə instansiyası tərəfindən ailəsinə göndərilən arayışda isə onun bəraət aldığı göstərilir.
Onu da deyək ki, Müznibin yaradıcılığının önəmli bir bölümü (xüsusilə 1907-1936-cı illəri əhatə edən hissəsi) məhv edilib...
Elçin ŞAHMURAD,
Azmarka.az