Tramvaylar Bakıya qayıdır: - Bəs onu niyə ləğv etmişdilər?

31-05-2021, 18:33           
Tramvaylar Bakıya qayıdır: -
Bir zamanlar Bakının küçələrində qırmızı tramvaylar, sarı trolleybuslar insanları Bakıətrafı qəsəbələrə, Abşeron bağlarına çatdırırdı.

Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, avtomobilləşmə Bakıda da tramvayı sıxışdırmağa başladı. Tramvayların çox yer tutması, ləng hərəkəti, avtomobillərə mane olması səbəbindən onu tamamilə yox etmək qərara alındı.

Zaman-zaman həmin nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi gündəmə gəlir. Əksəriyyət isə, bunun tərəfdarıdır.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya danışıb.

O deyib ki, tramvayların fəaliyyətə başlaması hansısa bir qurumun iradəsindən asılı olan məsələ deyil:

“Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edib. Proqrama uyğun olaraq Bakı şəhərində ekoloji cəhətdən təmiz ictimai nəqliyyat tramvay və trolleybusların yaradılması qeyd olunub. Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi digər qurumlar birgə fəaliyyət göstərib, bu işi hansısa bir formada həyata keçirməlidir. Hesab edirəm ki, əsaslı təkliflər irəli sürüləndən sonra ekoloji cəhətdən təmiz nəqliyyat növü olan tramvaylar və trolleybusların fəaliyyətə başlaması mümkün ola bilər. Amma buradan normal olaraq belə bir sual ortaya çıxır ki, Azərbaycanın yol-nəqliyyat infrastrukturunun bugünkü inkişaf səviyyəsini buna nə dərəcədə imkan verir? Dediyim kimi, bunu ciddi bir şəkildə təhlil etmək lazımdır”.

Ekspert qeyd edib ki, bu gün paytaxt yollarda müəyyən yüklənmə olur, nəqliyyat sıxlığı yaşanır, hazırda nəqliyyat vasitələrinin sayı həddən artıq çoxdur:

“Amma bu o demək deyil ki, alternativ ictimai nəqliyyat növlərini yaratmaq problem yarada bilər. Əslində zamanla bu proses həyata keçirilə bilər. Elə bir yol şəbəkə qurmaq olar ki, vətəndaşlar şəxsi nəqliyyat vasitələrinə yox, ictimai nəqliyyat vasitələrinə üstünlük verərlər. Yəni bir insan əmin olsa ki, səhər evdən çıxıb tıxacda qalmadan rahat şəkildə işə çatacaq və işdən çıxıb evinə gedə biləcək, o zaman onlar avtomobili evdə qoyub işə ictimai nəqliyyatla gedəcək.

Əslində, ətraf mühitin qorunması baxımından bundan gözəl bir vasitə yoxdur. Tramvay, trolleybus ətraf mühitin qorunması üçün əvəzsiz bir ictimai nəqliyyat növüdür. Düşünürəm ki, Azərbaycanda gec-tez buna keçid baş verəcək. Təəssüflə olsun ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyev, eləcə də Hacıbala Abutalıbov məqsədli şəkildə tramvay və trolleybus xətlərini məhv etdilər. Onun dəmir parçalarından pul qazandılar. Öz ciblərini doldurdular və bu gün Bakı şəhərinin ictimai nəqliyyat sektoruna nə qədər ziyan vurduqlarını bəlkə də onlara başa salmaq çox çətin olardı”.

Elməddin Muradlı bildirib ki, hazırda bəzi ölkələr bu cür ictimai nəqliyyat növlərini ləğv etsə də, artıq yenidən qurmağa başlayıb:

“Düşünürəm ki, Azərbaycanda da artıq bu səhv aradan qaldırılmalıdır. Yeni ictimai nəqliyyat növləri kimi tramvay və trolleybusları biz həyatımıza qaytarmalıyıq. Təsəvvür edin ki, bu gün iritutumlu avtobus təxminən 80 nəfər, ancaq tramvay isə 300 nəfərə yaxın sərnişin tutur. Rentabelliyinə görə hansı daha əlverişlidir? Təbii ki, tramvay. Sadəcə, o sistemi qurmaq bir xeyli vaxt aparacaq. Həm də böyük maliyyə tələb olunur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.