İmtahanlar bir dəfə keçirilsin, yoxsa iki dəfə?

1-06-2021, 06:04           
İmtahanlar bir dəfə keçirilsin, yoxsa iki dəfə?
Ekspert: “Düşünürəm ki, bu il sınaq imtahanlarının keçirilməməsini və mövcud şərtləri nəzərə alaraq imtahanlar iki dəfə keçirilməlidir”

Pandemiya səbəbindən bu il 11-ci sinifi bitirəcək 86 minə yaxın şagird orta ümumtəhsil məktəblərində lazımı səviyyədə tədris prosesi ilə əhatə oluna bilmədi və zəruri bilikləri əldə etməkdə çətinlik çəkdi. Eyni zamanda, bu müddət ərzində sərt karantin rejimi səbəbindən hazırlıq kursları və repetitorların fəaliyyətindəki məhdudiyyətlər və digər çətinliklər də builki məzunlara öz mənfi təsirini göstərdi.

Bütün bu nüanslar qəbul imtahanlarında özünü necə göstərəcək? Qəbul imtahanlarının bir dəfə keçirilməsi nəticələrdə özünü hansı formada göstərəcək?

“Press Klub”un suallarını cavavblandıran təhsil eksperti Kamran Əsədov həm pandemiyanın, həm də qələbə ilə yekunlaşan 44 günlük müharibənin bir il ərzində tədrisə göstərdiyi təsirləri xatırlatdı:
“Bu, qəbul və buraxılış imtahanlarında mütləq şəkildə nəzərə alınmalı olan detallardır. Çünki istər fiziki və psixoloji, istərsə də tədrisin əhatəliyi və əlçatanlığı baxımından bu tədris ilində şagirdlərimiz çox ciddi çətinliklərlə üzləşdi. Buna baxmayaraq, 2021-ci il aprelin 15-dən Dövlət İmtahan Mərkəzi 86 min şagirdi əhatə edən buraxılış imtahanları keçirdi və iki nəfər bütün test tapşırıqlarına doğru cavab verərək maksimum bal (300) topladı. Bundan sonrakı mərhələdə ixtisas qrupları üzrə imtahanlar gəlir. Təbii ki, bir il ərzində pandemiya səbəbindən kağız daşıyıcılar üzərindən ənənəvi qaydada sınaq imtahanlarının keçirilməməsi şagirdlərə öz təsirini göstərib. Çünki buna qədər abituriyentlər kağız daşıyıcılar üzərində olan, DİM-in keçirdiyi bir neçə sınaq imtahanında iştirak edirdilər və bu sınaq imtahanlarında həm mövzuları mənimsəmə səviyyələrini müəyyənləşdirirdilər, həm də cavab kartında işləmə bacaraqlarını formalaşdırırdılar. Bir çox hallarda hətta savadlı şagirlərimiz bilik və bacarıqlarını, doğru cavabları sual kitabçasından cavab kartına köçürməkdə çətinlik çəkirlər. Məhz bu amil də istər qəbul, istər də buraxılış imtahanlarına bilavasitə təsir göstərən amillərdən biri hesab edilir”.

K.Əsədov xatırlatdı ki, Dövlət İmtahan Mərkəzi mayın 26-dan iyunun 8-nə qədər ali təhsil müəssisələrinin, eyni zamanda 11-ci sinif bazasından kolleclərə elektron ərizə qəbuluna başlayıb:

“Hələ də bloklar üzrə keçirləcək imtahanların vaxtı məlum deyil. Dövlət İmtahan Mərkəzinin rəhbərliyi qeyd edib ki, blok imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur. Amma böyül ehtimalla bu, bir dəfə də ola bilər. Çünki avqust ayında pandemiya imkan verməzsə, sərt karantin rejimi və ya buna bərabər olan tədbirlər görülərsə, imtahanlar yalnız bir dəfə keçiriləcək. Ona görə də abituriyentlər yalnız bir imtahanı nəzərə almalıdırlar. Əlbəttə, imtahan iki dəfə olanda abituriyentlərimiz birinci imtahanı müəyyən qədər sınaq imtahanı kimi dəyərləndirirdilər. Onlar bilmədikləri mövzuları yenidən oxuyurlar, cavab kartından istifadə vərdişlərinə yiyilənirlər. İmtahan bir dəfə keçiriləndə imtahan iştirakçıları öz biliklərini tam şəkildə ortaya qoymaqda çətinlik çəkirlər. Bir sözlə, imtahanların bir dəfə keçirilməsi imtahan nəticələrinə öz təsirini göstərir”.

Ekspert onu də əlavə etdi ki, daha hazırlıqlı abituriyentlər üçün imtahanın bir və yaxud iki dəfə keçirilməsi o dərəcədə təsir göstərmir:

“Amma əvvəlki illərin təcrübəsindən də görürük ki, birinci imtahandan sonra 150-200 bal toplayan abituriyentlər daha yaxşı hazırlaşıb, nəticələrini 100-150 bal qaldıra bilirlər. Digər tərəfdən isə yüksək bal toplayan abituriyentlər müəyyən qədər özlərində arxayınlıq hiss edirlər və hətta onların nəticələri bəzi hallarda aşağı da düşür. Biz bunu 670-680 bal toplayan abituriyentlərin nəticələrində görürük. Bir sözlə, bütün hallarda imtahanların iki dəfə keçirilməsi nəticələrin daha yüksək olmasına gətirib çıxarır və yüksək bal toplayanların sayı çoxalır. Amma imtahan bir dəfə keçiriləndə keçid balını toplayan, müsabiqə şərtini ödəyən abituriyentlərin sayı az olur. Düşünürəm ki, bu il sınaq imtahanlarının keçirilməməsini və mövcud şərtləri nəzərə alaraq mütləq şəkildə imtahanlar azı iki dəfə keçirilməlidir”.

İmtahanların iki dəfə keçirilməsinin mənfi tərəflərinə toxunarkən K.Əsədov söylədi ki, bu, həm də valideynlərin əlavə xərc çəkməsinə gətirib çıxarır:

“Çünki bir imtahandan sonra ikinci imtahan üçün ən azı bir ay vaxt lazım olur. Valideynlər hazırlıq kursları və repetitorlara əlavə vəsait sərf etməli olurlar. Uşaqlar isti hava şəraitində hazırlığa gedirlər, istirahət edə bilmirlər. Amma bütün hallarda imtahanlar bir dəfə keçiriləndə, hətta bu və ya digər üzürlü səbəbdən (temperaturu 37-dən yuxarı olanlar) imtahana braxılmırlar. Buna görə də bəzi abituriyentlər imtahanda iştirak edə bilmirlər. Bu amil də imtahanın iki dəfə keçirilməsini zəruri edir ki, bu və ya digər səbəbdən nəticəsi aşağı olan və yaxud imtahanda iştirak edə bilməyən abituriyentlər ikinci dəfə imtahanlarda iştirak edə bilsinlər. İmtahanların iki dəfə keçirilməsi nəticələrin daha da yaxşı olmasına xidmət edir”.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.