Qafqaz Albaniyası ilə bağlı müəmma

1-06-2021, 06:29           
Qafqaz Albaniyası ilə bağlı müəmma
Eurasia Review, ABŞ

Müəllif: Fərid Şəfiyev

Ermənistanla Azərbaycan arasında müasir münaqişənin başladığı ilk dövrlərdən etibarən Qafqaz Albaniyasının tarixinə maraq çox artıb. Üstəlik, indi bu mövzu həm də siyasəsiləşib.

Qədim dövlətlərdən olmuş Qafqaz Albaniyası tarixi mənbələrdə Ağvank və ya Aluank kimi də göstərilir. O, 3-7-ci əsrlərdə Cənubi Qafqazda mövcud olub. Strabon kimi qədim mənbələrə əsasən, Qafqaz Albaniyası udinlər daxil olmaqla, 26 tayfadan ibarət idi. Xristianlığa ibadət edən, bir neçə minlik etnik qrup olan udinlər bu gün Azərbaycan Respublikasında yaşayır.

Son zamanlarda Qafqaz Albaniyasına marağın artması əslində, Azərbaycan ərazisində olan xristian kilsələri ilə bağlı məsələlərlə əlaqədardır. Təəssüf ki, Qərbdən olan bəzi ekspertlər bu mövzuda səthi mülahazilər irəli sürür. Onlar xüsusilə Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyəsini “saxta” və ya “səhv elmi yanaşma” kimi qiymətləndirir. Maraqlıdır ki, bu ekspertlər Qafqaz Albaniyasının tarixi ilə bağlı xüsusi biliyə malik deyillər. Bu dövlətin tarixini öyrənmək üçün erməni (qrabar dili), ərəb və hazırda mövcud olmayan alban dilini (bu dil udinlərin dilinə daha yaxındır) bilmək lazımdır. Amma bu ekspertlər tarix üzrə fəlsəfə doktorları belə, deyillər.

Ermənistan-Azərbaycan münaqişəsi haqda yazılmış “Qara bağ” kitabının müəllifi Tomas De Vaal da hesab edir ki, “Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyəsinə bu ölkədən kənarda heç kim inanmır”. O, azərbaycanlı akademik, Qafqaz Albaniyası ilə bağlı nəzəriyyənin müəllifi Ziya Bünyadova “hücum”a da keçib. Halbuki, Bünyadov təkcə Qafqaz Albaniyasının tarixində yeni səhifə açmayıb, həm də Quranı Azərbaycan dilinə tərcümə edib. Bu mənada o, Azərbaycan tarixinin pionerlərindən olub. Sonda Bünyadov islamçı fundamentalistlər tərəfindən qətlə yetirilib. Onların İranda təlim keçdiyinə dair şübhələr də var.

Laurens Broers isə “Rəqabət Anatomiyası” kitabında tarixi məqamlara ehtiyatla yanaşır. Amma nəticə etibarı ilə Azərbaycanın nəzəriyyəsini o da qəbul etmir. Məsələnin məhz belə təsvir edilməsi ilə bağlı problem odur ki, Qərbdə Qafqaz Albaniyasının tarixini bilən ekspertlərin sayı çox azdır. Yerdə qalan ekspertlər isə əsasən Ermənistandan olan və ya erməni əsilli alimlərin fikirlərini təkrarlayır.

Yeri gəlmişkən, erməni millətçiləri üçün Qafqaz Albaniyası nəzəriyyəsi tamamilə qəbuledilməzdir. Çünki o, ermənilərin son 300 ildir iddia etdikləri, Qarabağ və Cənubi Qafqazı əhatə edən, Qafqaz Albaniyası coğrafiyası ilə üst-üstə düşən “Böyük Ermənistan” nəzəriyyəni darmadağın edir. Ermənilər hesab edirlər ki, xristian dövləti olmuş Qafqaz Albaniyası həm siyasi, həm də dini nöqteyi-nəzərdən onların ölkəsinin bir qolu olub. Erməni alimlər çox vaxt onların regionda tarixi iştiraklarına sübut kimi erməni kilsəsini göstərir. Amerikalı alimlər Cerard Toul və Con Laflin deyirlər ki, “erməni kilsəsi Yaxın Şərqdə, Anadoluda və Qafqazda geniş coğrafiyanı əhatə edir... Kilsələr, qəbirstanlıqlar və dini bidələr mübahisəli ərazilərin əsl sahibinin kim olduğunun sübutu kimi qəbul edilir. Odur ki, hesab olunur ki, belə ərazilərlə bağlı mübahisələrə əsas yoxdur. Əslində, belə müzakirələr vasitəsilə ərazini müqəddəs məkan kimi göstərməyə cəhd edirlər. Ərazi müqəddəs məkan kimi təkcə dini əhəmiyyətinə görə deyil, daha geniş anlamda, yəni həm də müasir xalqın qədim irsi kimi təsvir edilir”.

Azərbaycanlı tarixçilər üçün isə (Ziya Bünyadovdan sonra ən məhsuldar tarixçi alim Fəridə Məmmədova olub) Qafqaz Albaniyası tam müstəqil, Ermənistanla rəqabət aparan dövlət olub. Mənə gəlincə, hesab edirəm ki, müasir münaqişəyə görə hər iki nəzəriyyə müəyyən qədər siyasiləşdirilib.

Doğrudur, münaqişələrlə bağlı yazan azərbaycanlı tarixçilərdə emosiya hiss olunur. Amma bu, erməni alimlərə də aiddir. Yalnız Qərbdə təhsil almış diaspor üzvü olan alimlərdə bu, hiss olunmur. Lakin geosiyasi, dini amillər Ermənistanın Qərb ekspertlərinə təsirini artırmasına yol açır. Bundan başqa, Qərb dövlətlərində fəaliyyət göstərən çoxsaylı araşdırma mərkəzləri “Tavitian Foundation” kimi erməni diaspor qrupları tərəfindən maliyyələşdirilir. Bu fond antiazərbaycan mövqeyi ilə məşhur olan “Karnegi” fondunu da maliyyələşdirir. Azərbaycan tərəfinin apardığı müvafiq araşdırmalara isə maliyyə yardımını dövlət ayırır. Qərbdən olan alimlər bunu mənfi qarşılayır. Amma təkcə ABŞ universitetlərində ermənişünaslıqla bağlı 22 kafedra varsa, Azərbaycana aid kafedralara rast gəlinmir.

Bəli, Qərb Azərbaycan hökumətinin bu sahəni maliyyələşdirməsini tənqid edir. Bu yaxınlarda Almaniyada da belə tənqid eşidilib. Halbuki, Almaniyada fəaliyyət göstərən fondların əksəriyyəti məhz dövlət tərəfindən maliyyələşdirilir. Məsələn, “Heinrich Böll Foundation”. Buna baxçayaraq, fondun Tbilisidəki qərargahının rəhbəri Stefan Mayster Azərbaycanla bütün akademik əlaqələri dayandırmağa çağırıb.

Bir çox qərbli alimlərin antiazərbaycan mövqeyini müəyyən mənada onların hökumətlə bağlı tənqidi düşüncələri ilə də əlaqələndirmək olar. Bəziləri isə oriyentalistlərin, antiislamçıların və türkfob qüvvələrin təsiri altındadır.

Qafqaz Albaniyası ilə bağlı digər problem odur ki, onun tarixi əsasən erməni mənbələrindən istifadə edilməklə tədqiq olunur. Alban əlifbası ilə yazılmış mətnlər uzun illər ərzində tapılmayıb. Yalnız bu yaxınlarda gürcü alim Zaza Aleksidze sayəsində belə mətnlər aşkarlanıb. Onlar Misirin Dağ Sinay Monastırında tapılıb. Qəribədir ki, alban dini mətnləri Cənubi Qafqazda qalmayıb. Üstəlik nəzərə alaq ki, mərkəzi Gəncəsər monastırında yerləşmiş müstəqil Alban Həvvari Kilsəsi 1836-cı ildə Çar Rusiyası tərəfindən ləğv olunaraq Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilib. Bir sözlə, bu mövzu tarixi, dini, dramatik amillərlə və qəsd nəzəriyyələri ilə əhatə olunub.

Qeyd etdiyimiz kimi Qafqaz Albaniyasi 7-ci əsrdə müstəqil dövlət kimi süquta uğrayaraq Ərəb Xilafətinin tərkibinə keçib. Ərəblərin işğalından sonra albanların əksəriyyəti islam dininə ibadət etməyə başlayıb. O zaman xristian dininin tərəfdarları erməni kilsəsi ilə birləşib və erməni kilsəsi Alban Həvvari Kilsəsinə tam nəzarət etməyə çalışıb. Azərbaycanlı tarixçilər hesab edir ki, erməni kilsəsi müstəqil Albaniya ilə bağlı bütün izləri yox etmək məqsədilə çox sayda tarixi sənədi məhv edib və saxtalaşdırıb. Alban dilində yazılmış palimpsestlər sübut edir ki, dini mətnlər silinib və yenidən yazılıb. Bu, qəsd nəzəriyyəsi deyil, sübut edilmiş faktdır. Alban dilində yazılmış palimpsestlər Zaza Aleksidze, Yost Qippert, Volfanq Şulçe və Timur Maysak daxil olmaqla, müxtəlif alimlər tərəfindən tədqiq edilib. Timur Maysak qeyd edirdi ki, “Alban kilsəsələrində ibadət erməni dilində aparılmağa başlanmışdı. Erməni dilində olmayan dini kitablardan istifadə etmək qadağa olunmuşdu. Qafqaz Albaniyasına aid kitabların yeni nüsxələrinin çıxarılması dayandırlmış, bu dil isə unudulmuşdu. 5-7-ci əsrlərə aid əlyazmalar məhv edilib və ya onlar üzərindən başqa dildə yeni mətnlərin yazılması məqsədilə silinib”.

Erməni alim İosif Orbeli 1909-1919-cu illərdə apardığı araşdırmalarında Gəncəsər monastırında alban dilində mətnlər olduğu haqda məlumat verib. Amma bu mətnlər də bir müddət sonra yoxa çıxıb.

Görünür, alban xristianlar müsəlmanlarla yaşadıqları dövrdə erməni xristianlarla sıx əlaqdə olublar. Lakin onlar öz müstəqilliklərini saxlamaq istəyiblər. Orta əsrə aid bir çox mənbələr Azərbaycanın Qarabağ regionunda Gəncəsər monastırında yerləşən Alban Həvvari Kilsəsinin müstəqil olduğunu təsdiqləyir. Amma əsrlər keçdikcə bir çox albanlar erməniləşdirilib. Erməni əsilli amerikalı alim Ronald Suni bu fikrin tərəfdarıdır: “Qarabağın dağlıq hissəsindən tarixi Ermənistana qədər yaşamış albanlar əsasən xristian olaraq qalmışdılar. Lakin onlar zamanla ermənilərlə qarışıblar”.

Yeri gəlmişkən, Rusiya imperiyası siyasətçiləri də Albaniyanın bir zamanlar mövcud olduğunu bilirirlər. Hətta şahzadə Georgi Potemkin (1739-1791) özünün “Şərq planı”nda Ermənistan və Albaniyanın iki ayrı vassal kimi yaradılmasından danışır.

Bir sözlə, Qafqaz Albaniyasının dini irsi ilə bağlı məsələ müvafiq dilləri bilən və elmi biliklərə malik peşəkar tarixçilər tərəfindən həll edilməlidir. Bu mövzu hər cür millətçilərin hücumlarından azad olmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.