Bişkek protokolu - Kapitulyasiya, yoxsa qələbəyə aparan sənəd?

1-06-2021, 07:19           
Bişkek protokolu -
Son statusumda Müsavat başkanı Arif Hacılının bir statusunu da paylaşmışam. Arif bəyin statusunda diqqətimi çəkən belə bir cümlə var: “Heydər Əliyev hakimiyyətinin 10-cu ayında Azərbaycan üçün kapitulyasiya kimi dəyərləndirilən Bişkek protokolu imzalanmışdı”.

Statusuma yazılan şərhlərdən birində dostlardan Hasanagha Azad adlı şəxs Bişkek Protokolunda hansı razılıqların yazıldığı barədə sual edir və mənim buna münasibətimlə maraqlanır. Əvvəla, qeyd edim ki, bu günə qədər siyasi müxalifət Bişkek Protokolu barədə heç bir zaman həqiqətləri dilə gətirməyib və bundan hakimiyyətə, konkret olaraq Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə qarşı şantaj olaraq istifadə edib. 1994-cü il may ayının 5-də Qırğızıstanın paytaxtı Bişkekdə protokolu imzalayacaq 7 nəfərdən altısının sənədə imza atması, Azərbaycanı təmsil edən vitse-spiker Afiyəddin Cəlilovun isə imza atmaqdan imtina etməsi, sonradan may ayının 8-də sənədin Bakıya gətirilən kserosurətinə spiker Rəsul Quliyev tərəfindən imza atılması opportunist mövqeyi sərgiləyən müxalif qüvvələrə siyasi manipulyasiya üçün geniş imkanlar yaratdı. Elə məhz bu səbəbdəndir ki, ən böyük müxalif qüvvələrdən biri kimi tanınan Müsavat Partiyasının başkanı Arif Hacılı hələ də köhnə havanın sədaları altında züm-zümə etməkdədir: “Bişkek Protokoluna imza atılması Azərbaycanın siyasi-hərbi kapitulyasiyası deməkdir!”

Gəlin görək, doğrudanmı belədi?

Arif Hacılı, ötən statusumda da qeyd etdiyim kimi, çox dayaz düşüncəli, qarışıq siyasi proseslərin incəliklərini dərk edə bilməyən sıradan funksionerdi. Ancaq onun bu fikrinə “ürək laykı” atan sabiq Müsavat başkanı İsa Qəmbər siyasətdə kifayət qədər bişmiş, praqmatik düşüncə sahibi olan siyasi personadı. Deməli, onun bu məsələyə münasibəti “obıvatel”ə oynamaq, qısqanclıq və siyasi spekulyasiyadan başqa bir şey deyil. O özü də çox gözəl başa düşür ki, Biçkek Protokoluna imza atılması o dövrün şərtlərində atılan ən doğru addım idi. Əgər hakimiyyətdə Heydər Əliyev yox, İsa Qəmbər olsaydı, əminəm ki, o özü də o dövrün şərtlərində çıxış yolu kimi müvəqqəti atəşkəsi nəzərdə tutan sənədə imza atmağa üstünlük verərdi. Əks mövqe, yəni aktiv savaşın davam etməsi Azərbaycan üçün həqiqətən də fəlakətlə nəticələnər, əsil kapitulyasiya o zaman baş verərdi.

Maraq doğuran suallardan biri də odur ki, müxalifətin kapitulyasiya kimi dəyərləndirdiyi Bişkek Protokolu nə anlama gəlir, mahiyyəti nədən ibarətdi? Bu sualın ən doğru cavabını ATƏT-in Minsk Qrupundakı Rusiyanın təmsilçisi Kazimirovun xatirələrindən bir cümlə ilə belə verə bilərik: “Bu sənəd hüquqi xarakter daşımadığına, üstəlik, heç bir hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi”.

Mənim şəxsi düşüncəmə görə, Levon Ter-Petrosyanın da müsahibəsində qeyd etdiyi kimi, sabiq prezident, mərhum Heydər Əliyev hadisələri düzgün təhlil edib, bilərəkdən vaxtı uzatmaq qərarına gəlmişdi. Çünki o, gözəl anlayırdı ki, həmin dövr ölkədə yaranan gərgin siyasi situasiya, kənardan edilən təsir və təzyiqlər, ən mühüm olanı da məğlub duruma düşməyimizin ordu və ümumən cəmiyyətdə yaratdığı demoralizasiya prosesi müharibəni davam etdirməyə qətiyyən imkan vermir. Belə bir vəziyyətdə müharibəyə davam etmək nəinki ermənilərin Kürə qədər işğal planlarına yol aça bilər, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşərdi. Təbii ki, tək çıxış yolu kimi müvəqqəti atəşkəsə nail olub, düşmənin növbəti işğal planlarını durdurmaq, dövlət strukturlarını, iqtisadiyyatı, ən əsası isə ordunu gücləndirmək Heydər Əliyev siyasətinin prioritetləri idi. Heydər Əliyev bunu bacardı. Sabiq erməni lideri Ter-Petrosyan da bunu xüsusi təəssüf hissiylə xatırlayır, “gərək biz o zaman, hərbi cəhətdən Azərbaycandan güclü olduğumuz vaxtlarda məsələni həll edəydik” deyir. Ter-Petrosyanın sözlərindən o da anlaşılır ki, istər Bişkek Protokolu, istər Lissabon Sammiti, istərsə də Ki-Uest danışıqlarının nəticəsiz bitməsi Heydər Əliyevin düşünülmüş siyasətindən qaynaqlanıb. “O, hər dəfə son anda razılaşmır və sanki vaxtı uzadırdı” – deyir Ter-Petrosyan. Bəli, Levon tam haqlıdı, Heydər Əliyev bilərəkdən vaxtı uzadırdı. Çünki o bilirdi ki, danışıqlar masasında qarşımızda oturan düşmənin əli güclüdü, həm də çox güclüdü. Heydər Əliyev çox gözəl bilirdi ki, düşmənin əlində kartlardan biri kozırdı, həm də tuz kozırdı. Bizim əlimiz isə zəifdi, bu zəif əllə heç nə etmək olmaz. Yeganə yol mövcud status-kvonu qorumaq, bacardıqca vaxtı uzadaraq son qələbəni əldə etmək üçün güclənmək lazımdır. Heç şübhəsiz, Heydər Əliyev eyni siyasəti yürütməyi oğlu İlham Əliyevə də tövsiyyə etmişdi. O da ilk baxışda təslimçilik kimi görünən, ancaq əslində çox böyük bir siyasi projeni uğurla davam etdirdi.

Yuxarıda da qeyd etdiyim kimi, 1994-cü ilin may ayının 5-də Bişkek şəhərində imzalanan sənədə Azərbaycanın nümayəndəsi Afiyəddin Cəlilov imza atmamışdı. Yalnız 3 gün sonra Azərbaycan tərəfi sənədə imza atdı. Siyasi müxalifət bu faktdan istifadə edərək mərhum Afiyəddin müəllimi qəhrəman elan edir, 3 gün sonra sənədə imza atan Rəsul Quliyevlə Heydər Əliyevi xəyanətdə suşlayaraq işğal altındakı torpaqları ermənilərə satmaqda təqirləndirirdilər. Elə isə ortaya məntiqi sual çıxır: əgər bu protokola imza atmaq xəyanət idisə, nə üçün o xəyanətkarla – Rəsul Quliyevlə 2003-cü ildə müttəfiq oldular? Hətta İsa Qəmbər çıxışlarının birində Rəsul müəllim haqqında “baş nazirim” deyə bəhs etmişdi. Əslində mərhum Afiyəddin müəllimin sənədə imza atmaması deyildiyi qədər qəhrəmanlıq olmadığı kimi, Rəsul müəllimin hərəkəti də xəyanət deyildi. Hər ikisi Heydər Əliyevin yürütdüyü siyasətin icraçıları rolunu oynamışdılar. Mərhum dövlət başçısı həm sahədə, həm də masa arxasında zəif olduğumuzu bilirdi, ancaq yenə də öz siyasi manevr qabiliyyətini sərgiləyərək, heç bir hüquqü yükümlülüyü olmayan sənəddə belə milli maraqlarımızı qorumağı bacarmışdı. Məsələn, 8 may 1994-cü ildə Rəsul Quliyevin imza atdığı protokolda Azərbaycan tərəfi bu düzəlişlərə nail oldu:

– Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov da danışıqlar prosesində iştirakçı-tərəf kimi tanındı və sənədə onun da imza atması nəzərdə tutuldu;

– protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri “işğal edilmiş ərazilər” sözləri ilə əvəzləndi;

– atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olundu.

Bu sənədə əsasən tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər. Amma aradan keçən illər göstərdi ki, Ter-Petrosyanın da təəssüflə qeyd etdiyi kimi, heç bir sülh sazişi imzalanmadı. Çünki “hər dəfə son anda Heydər Əliyev razılaşmırdı”. Aradan 27 il keçəndən sonra sabiq erməni lideri anlayıb ki, mahir siyasətçi Heydər Əliyev sülh danışıqları prosesini bilərəkdən uzatmaqla vaxt qazanırmış. Bu vaxt Azərbaycan tərəfinə güclənmək və müasir texnologiyalarla təmin olunmuş ordu yaratmaq üçün lazım imiş. 44 Günlük Savaş bunu bariz şəkildə ortaya qoydu. Bu savaş İlham Əliyevi görkəmli sərkərdə və bacarıqlı siyasi xadim kimi təsdiq etməklə yanaşı, əslində, qələbənin ən böyük memarının Heydər Əliyev olduğunu da göstərdi. Bunu hər kəs anlayır – ermənisi də, rusu da, Azərbaycan xalqı da… ümumiyyətlə, bütün dünya anlayır. Bir tək anlamayan Arif Hacılı kimi dayaz düşüncə sahibi bədxahlardı.

Elçin İlqaroğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.