Birtərəfli işləyən Üçtərəfli saziş... - TƏHLİL

1-06-2021, 09:26           
Birtərəfli işləyən Üçtərəfli saziş... - TƏHLİL
10 noyabr 2020 il Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişin imzalanmasından 7 aya yaxın vaxt keçir. Bu sazişin iki bəndində( 2.6.) qeyd olunan Ağdam, Kəlbəcər və laçın rayonlarının qaytarılmasından başqa, Azərbaycan üçün vacib olan daha üç bənd ( 4.7.9.) yerinə yetirilmir. Dördüncü bənd ( Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir) ümumiyyətlə qeyri müəyyəndir. “Erməni silahlı qüvvələrinin geri çəkilməsi...” dedikdə konkret göstərilməyib ki, bu “geri” deyilən yer haradır. Bir metr də geri çəkilməkdi, bir kilometr də, amma bu bənd erməni silahlı qüvvələrinin hələ Azərbaycanın ərazisini tərk etməyin hüquqi əsasını yaratmır. Deməli, “ Artsax müdafiə ordusu” adı altında erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi açıq olaraq qalır, əksinə bu qüvvələrin sayı getdikcə artırılır və Ermənistan Respublikası gizli şəkildə kontingenti təzələyir, işğal davam edir.
Reallaşan bəndlərin özündə də əksiklik kifayət dərəcədədir və bu əksiklik bizim maraqlarımıza qarşıdır. Laçın rayonunun mərkəzinə və dövlət sərhədinə qədər olan dəhliz istiqamətində yerləşən kəndlərə də bizim nəzarət etmək imkanı tanınmayıb. Üstəlik, bu kəndlərdə işğal dövründə məskunlaşdırılmış erməni əhalisi, xüsusilə Livandan köçürülmüş ermənilər yenə də bu yaşayış məntəqələr ində qalırlar. Onu da qeyd edək ki, livanlı ermənilər erməni mətbuatına tez-tez təxribat xarakterli açıqlamalar verirlər və onların arasında terrorçuların olması çox ehtimal olunur. Dəhliz boyu yaşayış məntəqələrinə Azərbaycan hərbiçiləri buraxılmasa da, qanunsuz məskunlaşmış ermənilərin də bu yerlərdə qalması doğru deyil və sülhməramlı qüvvələr Ağdamda, Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilərin köçməsini tələb etdiyi kimi, Laçın dəhlizi boyu da məskunlaşan ermənilərin köçməsini könüllülük prinsipinə deyil, məcburi faktora əsaslandığını onlara elan etməli idi.
7-ci bənd: “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”. Bu razılaşma tam birtərəfli şəkildə həyata keçirilir. Rusiya qısa bir müddətdə 52 min erməninin qayıtmasını təşkil etdi. Əlbəttə, Xankəndini, ümumiyyətlə Qarabağı tərk edən ermənilərin statistikası açıqlanmasa da, formal olaraq onların geri qayıdışı təşkilatlanmış şəkildə baş verirdi. Bizim qaçqınların o yerlərə dönməsi barədə heç bir rəsmi mövqenin olmaması kimin günahıdı? Rusiyanın belə bir rəsmi addımın atılmamasını istəməsi tamamilə mümkündür, amma bu əbədi ola bilməz ki? Lap Rusiya istəyirsə, bu o demək deyil ki, Azərbaycan tərəf bu istəyi 7 ayda bir dəfə də rəsmən bildirməməlidir. Üç ildən sonra köç təşkil olunsun, amma bu müddətdə tikinti – bərpa işlərini görmək üçün fəaliyyətə başlamaq olardı və ya bu işə başlamağın konkret vaxtını rəsmən elan etmək mümkün idi. Yəni, məsələ yalnız sülhməramlılarla əlaqəli deyil, özümüz də bilinməyən səbəbdən bir hərəkət etmirik. O, bilinməyən səbəb nədir?
Sonuncu-9-cu bənd: “ Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır...” Burada Naxçıvan bölgəsi ilə əlaqəyə zəmanət verilməsi konkret göstərilsə də, keçmiş Dağlıq Qarabağ daxili yollar da nəzərdə tutulub. Bu bəndin də bizim üçün reallaşmadığı faktdır. Nə Kəlbəcərə, nə də Şuşaya daxili yollarla gedə bilmirik. Heç sülhməramlılar da müşayət etmək istəmirlər. Ermənilər çətin vəziyyətdə olamaqlarına baxmayaraq Kəlbəcər istiqamətində Ermənistana keçməyi tələb edə bilir, bizim maşın karvanlarına mane olacaqlarını şərt kimi irəli sürə bilirlər, sülhməramlılar Bərdədən yüklərini götürüb Ağdamdan keçməklə Xankəndinə gedirlər, amma bizim üçün bu yollar qapalı. İki tərəf üçün sazişdə nəzərdə tutulan yollar açıqdır, bizə gələndə bağlı.
Zamanın uzanması qalib dövlətin- Azərbaycanın mövqelərini möhkəmlətmir. Hər gün Qarabağ ətrafında dünya dövlətlərinin, beynəlxalq təşkilatların müxtəlif bəyanatlarının şahidi oluruq. Onların nə deməsi bu gün hələ ki, önəmli deyil, amma biz ən azı Üçtərəfli sazişin tam reallaşması üçün işə başlamalıyıq. Üçtərəfli saziş nə vaxta qədər bir tərəfə-erməniyə işləyəcək?

İlham İsmayıl //moderator.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.