Pandemiyanın uşaqlara faydası dəyib - Baş pediatr açıqladı

1-06-2021, 20:23           
Pandemiyanın uşaqlara faydası dəyib -
Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məlumat verib.

O, bildirib ki, o, dünyada uşaqlar arasında qeydə alınan xəstəliklərin təsnifatı var. Bu təsnifata görə, Azərbaycanda uşaqlar arasında son illərə qədər ən çox rast gəlinən tənəffüs sistemi xəstlikləri olub.

Baş pediatrın sözlərinə görə, bundan sonra isə uşaqlar arasında rast gəlinən xəstəliklərə anadangəlmə xəstəliklər daxildir: "Bu, perinatal dövrdə rast gəlinən xəstəliklərdir. 15-20 il öncə isə ikinci yerdə yoluxucu xəstəliklər yer alırdı. Koronavirus pandemiyası dövründə də tənəffüs yolları xəstəliklərinə rast gəlinir. Amma pandemiya dövründə bütövlükdə uşaqlar arasında xəstəliklərin sayı azalıb. Bunun da səbəbi pandemiya dövründə əks epidemik tədbirlərin aparılması, gigiyenik tələblərə əməl olunmasıdır. Pandemiya dövründə koronavirusa görə maskadan istifadə və əllərin gigiyenası nəticəsində digər viruslarla bağlı rast gəlinən xəstəliklərin sayı dəfələrlə azalıb".

N.Quliyev həmçinin qeyd edib ki, ölkəmizdə bu gün uşaqların sağlamlığının müdafiəsi üçün bütün tədbirlər həyata keçirilir: "Bilirsiniz ki, Azərbaycan 1992-ci ildən Uşaq Hüquqları Haqqında Konvensiyaya imza atıb. Hər 5 ildən bir Azərbaycan BMT yanında hesabat verir. Uşaqların sağlamlığı ilə bağlı bu gün pandemiyadan başqa qorxulu xəstəliklər gözlənilmir", - deyə Səhiyyə Nazirliyinin baş pediatrı bildirib.

Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Onu da deyək ki, Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb. Koronovirus.info -nun məlumatına görə, ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3%, 10-19 yaş arasında 6%, 20-29 yaş arasında 16%, 30-39 yaş arasında 21%, 40-49 yaş arasında 15%, 50-59 yaş arasında 18%, 60-69 yaş arasında 15%, 70-79 yaş arasında 4%, 80 yaş üzəri olanlarda isə 2% təşkil edir.

Yoluxanların 49%- i kişi, 51%-i isə qadınlardır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.