Şuşadan düşən daş, Bayden, Putin və bizim quda

21-06-2021, 07:17           
Şuşadan düşən daş, Bayden, Putin və bizim quda
Baxmayaraq ki, Çin iqtisadi göstəriciləri ilə artıq ABŞ-ın dabanlarını tapdalayır və siyasi mövqeyi ilə əks qütbdə dayanmaqla Ağ Evin gözündə Rusiyadan daha artıq rəqibdir,

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Brüssel və Cenevrə

Dünyanın gözü bu həftə Brüsseldə və Cenevrədə idi. Brüsseldə NATO ailəsi karantin qaydalarına nisbətən əməl edərək toplaşdı, Cenevrədə isə Bayden və Putin maskasız bir araya gəldi.

Ehtimal olunur ki, NATO sammitində ölkələr Çin və Rusiyanın qiybətini edib, bu iki ölkəyə qarşı gələcək yol xəritəsi üzərində baş sındırıblar.

Baxmayaraq ki, Çin iqtisadi göstəriciləri ilə artıq ABŞ-ın dabanlarını tapdalayır və siyasi mövqeyi ilə əks qütbdə dayanmaqla Ağ Evin gözündə Rusiyadan daha artıq rəqibdir, ancaq hər halda, faktiki olaraq Kremlin qlobal siyasi məsələlərdəki çəkisi və funksionallığı daha çoxdur. Odur ki, ABŞ və Rusiya prezidentlərinin görüşü əzəli rəqiblərin Çempionlar Liqasının finalında üz-üzə gəlməsi kimi bir hadisə kimi gözlənilirdi.

Liderlər hər ikisi görüşün pozitiv keçdiyini dedilər. Ancaq bir görüşlə ABŞ və Rusiyanın öz strateji hədəflərində rahatca kompramisə gedəcəyini gözləməyə dəyməz.

Və Şuşa

Dünya nəhənglərinin görüşündə Cənubi Qafqazın da müzakirə olunduğu şübhəsizdir. NATO-nun bölgədəki vəziyyəti soyuqqanlı münasibəti, susması razılıq əlamətidir. Hələ 44 günlük müharibənin gedişində Ermənistan Prezidenti Brüsselə qaçanda, ona nəzakətlə, "qapını çöldən örtməyi" tövsiyə etdilər, o da əli ətəyindən uzun İrəvana qayıdıb, Paşinayana Fransadan yapışmalı olduqlarını dedi.

Bizim üçün bu həftə dünyanın mərkəzi Şuşa idi. Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa bəyannaməsi regionda maraqlı olanlar və Şuşanı hələ də "Şuşi" kimi görən tarix saxtakarları üçün "soyuq duş" effekti verdi. Amma həyəcanlanmasınlar, su aydınlıqdır – artıq bölgənin gələcəyi aydın və proqnozlaşdırılan biləndir, əsas budur.

Sükan əldən çıxıb

Amma keçmiş işğalçı qonşularımız apatiyadadır, müharibənin şokundan ayılmamış sərhədlər dəqiqləşdirilir, məlum olur ki, özlərinə aid bildikləri ərazilər də heç bunların deyilmiş. Şuşanın itirilməsi ermənilər üçün nə qədər tragedik hadisə idisə, Şuşa bəyannaməsi də ən azı onun qədər ağır daşdır. Düşdü başlarına sanki.

Daş düşmüş başları ilə olsa da başa düşürlər ki, sükan əldən çıxıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın avtomobili ilə bir neçə gün öncə törətdiyi ağır yol qəzası da bu mənada rəmzi görünür. Sükan əldən çıxıb.

Bəli, qatar gedib, artıq gələcəyə ayıq başla baxmaq lazımdır. Məsələn, eks-prezident Ter-Petrosyan deyir ki, "Dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi".

Ola bilsin, Ter-Petrosyan Ermənistan ideologiyasının əsaslarını dağıdır. Ancaq reallığı deyir, praqmatiklik göstərir.

Bu arada Ermənistanın "Joxovurd" qəzeti yazır ki, təkcə son günlərdə 50 hərbi qulluqçu işdən çıxmaq barədə ərizə yazıb.

Və bu gün Pakistan Quru Qoşunları komandanı Azərbaycana gəlir.

İnsan faktoru

Bir müddət əvvəl ABŞ hökümətinin vaxtı keçməyə yaxınlaşan peyvəndlərlə bağlı qərar verə bilməməsi məlumatı yayılmışdı. Yeni məlumat da var: Nyu-Yorkda 1000-ə yaxın sakinə vaxtı keçmiş peyvənd vurulub.

Bax, belə edirsiniz ki, İlon Mask da ABŞ-da sahibi olduğu son evi də satır. Milyarder ümumiyyətlə, ötən ilin may ayından ABŞ-dakı malikanələrini satmağa başlayıb.

O, 100 faiz Çinə köçməyəcək

BMT ekspertləri Çin həbsxanalarında etnik və dini azlıqlara mənsub olan məhkumların orqanların çıxarılması barədə etibarlı məlumatlara sahib olduqlarını bildiriblər.

Bu arada BMT-nin başqa bir məlumatı da tükürpədicidir: dünyada son bir ildə qaçqınların ümumi sayı 82,4 milyona yüksəlib, bu rəqəm Almaniya əhalisinin sayına bərabərdir.

İnsan sağlamlığının qayğısına qalan Ronaldo Avro-2020-dəki mətbuat konfransında masanın üzərindən "Coca-Cola"nı, Poqba isə pivə şüşəsini yığışdırıb. UEFA isə deyib ki, öz işinizlə məşğul olun – qurum ümumiyyətlə, oyunçulara masa üzərindəki sulara toxunmaq qadağası qoyub.

Seçki dramı

Ermənistanda qarşılıqlı söyüş-təhqir, ifşalarla müşayiət olunan parlament seçkisi marafonu sona çatdı. Seçkiöncəsi xaos bitdi – indi yeni dövr başlayır: seçkisonrası xaos.

Özləri də etiraf edirlər ki, seçkidən sonra ölkədə it yiyəsini tanımayacaq. Məsələn, Köçəryan deyib ki, seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir.

Yaxın və uzaq keçmişi yadımıza salıb, "onlar dalaşa, biz tamaşa" deyə bilərdik, ancaq Azərbaycan bütün bölgədə sülhün, firəvanlığın bərqərar olunmasında maraqlıdır. Hətta Ermənistanda da... qarşıdurmalar seçilməyəcəyi təqdirdə Köçəryanın arzusudur.

Erməni biznesmenlər

Köçəryan yenidən hakimiyyətə gəlib, öz dəstəsinin başı ilə canı üstə olan ölkəni süni nəfəs aparatından da ayırmaq istəyir. Onun vaxtında əli milyardlara çatan iş adamları indi İnterpol xətti ilə axtarışdadır. Ötən həftə "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və "Royalsys Engineering" şirkətinin sahibi David Qalustyan, "KOMEX" şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç Qarabağ silah daşıdıqları üçün Azərbaycan tərəfindən axtarışa verildi.

Onları tutub, taladıqları torpaqlarımızdan qazandıqlarını burunlarından gətirmək, əllərindəkini də alıb Qarabağın bərpasına yönəltmək savab iş olar.

Qudam, ay Qudam!

Vandamın oğlunun Azərbaycanlı xanımla ailə qurması da həftənin ən çox müzakirə olunan hadisələrindən idi. Operativ Qərargahın toyların qadağan olunması ilə bağlı qərarı ləğv etsə, Bakıda ya da Qəbələnin Vəndam kəndində qız toyunda amerikan qudamızın "Qudam, ay Qudam" mahnısına qol qaldıracağını da görə bilərik.

Düzdür, qızlarımızın yad ellərə gəlin köçməsinə görə Operativ Qərargahı qınayanlar da tapılır, ancaq nəyi pisdir ki, Vandam da oldu bizim adam, diasporumuzun bir üzvü.
Vüsal Məmmədovшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.