Azərbaycanlı stomatoloq: “Sertifikasiya imtahanı ləğv edilməlidir, dünya təcrübəsində belə bir qayda yoxdur”
23-06-2021, 07:03
Sertifikatlaşdırmanın nəticələrinə görə, mütəxəssislərə ixtisas kateqoriyası verilir
Azərbaycanda fəaliyyət göstərən stomatoloq Rüfət Hüseynli səhiyyə sitemindəki sertifikasiya imtahanlarından narazıdır. O, mətbuata açıqlamasında deyib ki, Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarını ləğv etməlidir, çünki dünya təcrübəsində belə bir qayda yoxdur: “Buna bənzər təcrübə yalnız Rusiyada mövcuddur”. Mütəxəssis bildirib ki, dünya ölkələrində sertfikasiya prosesini kredit- bal sistemi əvəz edib. Yəni həkim tələb olunan balı toplayaraq normanı yerinə yetirir.
Teref.az xəbər verir ki, Saxta.info stomatoloqun bu açıqlamasının əsaslı olub-olmamasını araşdırıb.
Azərbaycanda sertifikasiya prosesi Azərbaycan Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasın”a əsasən təşkil olunur.
Sertifikasiya prosesi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan, eləcə də özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərini əhatə edir.
İmtahanın məqsədi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.
Ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya prosesinə cəlb edilirlər.
Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.
Sertifikasiyadan kеçməyən tibb işçilərinin isə 6 ay müddətində iş yeri saxlanılır. Onlar müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Sertifikasiya Komissiyasına müraciət etməlidirlər.
Xarici təcrübəyə gəlincə, Rusiyada 1995-ci ildən tibb işçilərinin sertfikasiyası təşkil olunur. Rusiyada bu proseslə bağlı əsasənamə 1995-ci ildən hazırlanıb və sertifikasiya imtahanı 5 ildən bir keçirilir. Məqsəd tibb içşilərinin peşəkarlığının artırılması, kadr seçimi, onların yerləşdirlməsi prosesini təkmilləşdirmək, həmçinin şəxsi məsuliyyəti artırmaqdır.
Sertifikatlaşdırmanın nəticələrinə görə, mütəxəssislərə ixtisas kateqoriyası verilir. Mütəxəssislərin kvalifikasiyası üç - ikinci, birinci və ən yüksək ixtisas kateqoriyası üzrə müəyyən edilir. İkinci ixtisas kateqoriyası ən azı beş il, birinci kateqoriya yeddi, ən yüksək kateqoriya on il işləyən həkimlərə verilir. Rusiyada sertfikatlaşdırma imtahanı test üsulu və müsahibə yolu ilə təşkil olunur.
Ukraynada həkimlərin sertifikasiyası prosesi ötən əsrin 90-cı illərinin sonlarından keçirilir. Bu proses Ukrayna Səhiyyə Nazirliyinin 19 dekabr 1997-ci il tarixli "Həkimlərin sertifikasiyasının daha da təkmilləşdirilməsi haqqında" əmri ilə təsdiqlənən əsasnamə əsasında tənzimlənir. Ukrayna qanunvericiliyinə görə beş ildən bir təşkil olunan bu prosedur çərçivəsində həkim və kiçik tibb işçiləri ixtisaslarını artırmaq və ya təsdiqləmək üçün sertfikasiyadan keçirlər.
Bununla yanaşı, Ukraynada tibb işçiləri sertfikasiyalar arasındakı 5 il ərzində hər il üçün ən azı 50 bal toplamalıdırlar.
elmi-praktik konfrans, konqres və ya simpoziumda iştirak - 5 bal
şifahi məruzə və ya onun elmi-praktik konfransda təqdimatı - 30 bal
praktiki bacarıqların inkişafı üzrə təlim - 15 bal
Bu göstərici ilə bağlı sənəd sertfikasiya komissiyasına təqdim olunur.
Yeri gəlmişkən, Qərbi Avropa və ABŞ-da sertifikasiya prosedurunun əsas göstəricisi daim təkmilləşdirilən kredit/bal sistemidir. Yəni bu ölkələrdə növbəti sertifikasiya zamanı həkimin ötən müddət ərzində kredit toplayıb-toplamaması əsas götürülür. Və bu, əsasən ailə həkimi institutunu əhatə edir.
Almaniyada tibb işçilərinin təkrar sertifikasiyası məcburi prosesdir və bir sıra ölkələrdə olduğu kimi 5 ildən bir keçirilir. Ancaq növbəti sertifikasiyaya qədər, daha dəqiq desək 5 il ərzində həkim 250 bal toplamalıdır. Ballar kurslara qatılmaq, məqalələr yazmaqla əldə edilir.
ABŞ-da təkrar sertifikasiya prosesi 6 ildən bir təşkil olunur. Bu ölkədə ailə həkimlərinin qarşısında 3 il ərzində 300 kredit toplamaq şərti qoyulub. Bunun 180 balı müxtəlif ixtisasartırma kursları vasitəsilə reallaşdırılır. Bura məsafədən təhsil kursları da daxildir. Belə ki, hər bir həkim hər il olmaq şərtilə təhsil saytlarında qeydiyyata düşərək distant yolla ixtisasartırma kursu keçməlidir. Ümumilikdə prosedur növbəti sertifikasiyaya qədər, yəni 6 il sürür və həkim 6 kursda iştirakını təsdiqləyən sənəd təqdim etməlidir. Kreditlərin qalan hissəsi elmi- tədqiqat işlərindən, rezidentlər üçün təhsildən əldə oluna bilər.
Qeyd edilənlərə əsasən demək olar ki, dünyada həkimlərin sertifikasiya proseduruna cəlb edilməsi praktikası mövcuddur. Amma ölkələrin əksəriyyəti, xüsusilə səhiyyə sistemi inkişaf etmiş ölkələr bu proseduru kredit/bal sistemi vasitəsilə reallaşdırır. Bir qədər də konkretləşdirsək, sertifikasiya vaxtı həkimin biliyi onun topladığı ballarla qiymətləndirilir.
Saxta.info bu qənaətə gəlib ki, stomatoloq Rüfət Hüseynlinin açıqlaması əsasən doğrudur.
Müəllif: Ayna.az