Bu azərbaycanlı zənginlərin bahalı yaxtaları var - Siyahı və yaxtaların qiymətləri
1-07-2021, 16:31
Yaxtalar demək olar ki, zəngin insan obrazının ayrılmaz hissəsidir. Varlılar üçün yaxta sadəcə olaraq əyləncə deyil, həmçinin onların statusunun göstəricisi kimi qəbul edilir. Əgər sənin dənizdə əsaslı dayaqların yoxdursa, demək sən milyarder deyilsən.
Sfera.az-ın məlumatına görə, yaxtası olan azərbaycanlılar da az deyil. Həmin şəxslərin siyahısını təqdim edirik. Beləliklə...
Azərbaycanlı milyarder Vahid Ələkbərov – Milyarderin 70 metrlik "Galactica Super Nova” superyaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna girib. Yaxta yanvar-mart ayları arasında 11 900 (22,039 km ) dəniz mili səyahət edib. "Galactica Super Nova” bu dövrdə Aralıq dənizini, Atlantik okeanını və Karib dənizini gəzib.
"Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov 50 metrlik "Galactica” yaxtasını 2016-cı ilin fevralında 19,5 milyon avroya satıb. Bir ay sonra istifadəyə verilən yeni "Galactica Super Nova” yaxtası isə cəmi 41 ayda elə milyarderin özünə məxsus Hollandiyanın "Heesen” gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.
Yaxta "Monaco Yacht Show 2016” müsabiqəsində eyni anda iki mükafat: Ən yaxşı xarici və ən yaxşı yeni superyaxta mükafatlarını qazanıb. Hazırda "Galactica Super Nova” dünyanın ən böyük alüminium yaxtasıdır. Bundan əlavə yaxta 4000 dəniz mili məsafəsi ilə 30 düyün sürətlə dünyanın ən sürətli yelkənli gəmilərindən biridir. Yaxtada 12 sərnişin üçün altı kabin var, onlara 16 nəfərlik gəmi heyəti xidmət edir. Yaxtanın dizaynı "Espen Oeino International” ixtisaslaşmış memarlıq agentliyi tərəfindən həyata keçirilib, interyer hissəsi isə "Sinot Exclusive Yacht Design” agentliyi tərəfindən hazırlanıb. Yaxtada helikopter meydançası, şəlalə, cakkuzi və təbii gün işığı ilə işıqlandırılan hovuz var. "Galactica Super Nova”nı fərqləndirən digər bir xüsusiyyəti, gəminin bütün göyərtələrini birləşdirən kristal bir lift və spiral pilləkənin olmasıdır. Göyərtlərin ümumi sahəsi 357 kv. m təşkil edir.
Milyarder Fərhad Əhmədov - "Luna" adlı yaxtası məşhurdur. Sözügedən yaxta 2010-cu ildə Roman Abramoviç üçün tikilib və 2014-cü ildə 225 milyon funt sterlinqə Əhmədova satılıb. Yaxtada üzgüçülük hovuzu, mini dənizaltı, 6 sürət qayığı, doqquz göyərtə, iki helikopter meydançası var. Onun şüşələri güllə keçirtmir, hər növ raketə qarşı müdafiə sistemi var. "Luna" adlı yaxta saatda 30 mil sürətlə hərəkət edir.
Azərbaycanlı milyarder, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov - Türkiyədə Profilo Holdinqin sahibi Cefi Kemhidən 2011-ci ildə 42 milyon dollara satın aldığı Bodrum Yalıkavak yaxta limanına 100 milyon dollar əlavə investisiya qoyaraq, 2013-cü ilin iyununda "Palmarina” limanını genişləndirib istifadəyə verdi.
Limanın yaxta tutumu 2 dəfə artırılaraq 710 yaxtaya çıxarıldı. "Palmarina Bodrum" Türkiyədə eni 10.5 metr, su tutumu 260 tona qədər olan meqayaxtalar üçün dayanacaq təklif edən yeganə turizm kompleksidir. Zənginlər öz nəhəng yaxtalarını Mənsimovun kompleksində xüsusi olaraq nəzərdə tutulmuş yaxta dayancağında park edə, üstəlik qış aylarında yaxtalarının orada qalmasına görə endirim əldə edə bilərlər.
Bu limanda uzunluğu 40 metrdən çox olan 70-ə qədər böyük yaxtanın lövbər salması mümkündür. Mənsimovun yaxta dayanacağında bir neçə meqa yaxta lövbər salıb və onun sahibləri quruya çıxaraq Bodrumda istirahət edirlər. Qeyd edək ki, Mənsimov limanla yanaşı, həm də yaxtalar sahibidir.
ARDNŞ prezidenti Rövnəq Abdullayev də yaxta həvəskarı kimi tanınır. Xəbərlərə görə, Xəzərdəki ən dəbdəbəli yaxtalardan biri də ona məxsusdur. Bu yaxtanın qiyməti azı 2 milyon dollar hesablanır.
Azərbaycanlı milyarder Zarah İliyev - 1966-cı il sentyabrın 8-də Quba yaxınlığındakı Qırmızı qəsəbədə anadan olan, Rusiyada fəaliyyət göstərən iş adamının yaxtalar sahibi olduğu deyilir. Son məlumatlara görə, İliyevin 7 yaxtası var.
Keçmiş nəqliyyat naziri, məşhur oliqarx-məmur Ziya Məmmədov da yaxtalara marağı ilə məşhur idi. Onun hələ tikintisi 2012-ci ildə başlanan, 2013-cü ildə isə yekunlaşan villasının zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qarajı var idi.
Məmmədovun həmçinin Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxminən 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villaları mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.
Eyni zamanda onun Türkiyə və digər ölkələrdə də yaxtalarının olduğu bildilir. Nazirin oğlu, iş adamı Anar Məmmədov da atası kimi yaxta sahibidir. Hətta o, Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoymuşdu. Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı "Baglietto Only One” adlanan yaxtanın satış elanı "M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.
Bunlarla yanaşı, Araz Ağalarov, İsgəndər Xəlilov və başqa azərbaycanlı milyarderlərin də yaxta sahibi olduqları heç kimə sirr deyil.