Rusiya zabiti Laçının Zabux kəndindəki 1 №-li postdan açıqlama verdi - “Sakitlikdir...”

28-07-2021, 11:40           
Rusiya zabiti Laçının Zabux kəndindəki 1 №-li postdan açıqlama verdi - “Sakitlikdir...”
Azərbaycan Respublikasının Laçın rayonundakı 5 km-lik “dəhliz” ərazisində müvəqqəti yerləşən və rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin nümayəndəsi Zabux kəndindəki 1 №-li postdan vəziyyət barədə açıqlama verib.

Moderator.az xəbər verir ki, həmin reportajın video-görüntülərini “ZvezdaTV” kanalı yayımlayıb.

Adını çəkməyən rus zabit açıqlamasında son günlər guya Laçın dəhlizi ərazisində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atışma olması haqda informasiyaları təkzib edib. O, ərazidə sabitlik olmasının həm Rusiya hərbi birləşməsi, həm də “yerli əhali” tərəfindən təsdiqləndiyini bildirib.

Lakin Rusiya zabiti “yerli əhali dedikdə” konkret olaraq kimləri; Ermənistanın sərhədə yaxın Tex və Gorunzur kəndlərindəki erməniləri, yoxsa Laçın şəhərində və rayonun Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış erməniləri nəzərdə tutduğunu açıqlamır. “Dəhliz” ərazisində azərbaycanlıların yaşamadığı dəqiqdir...

Video-görüntülərdən isə bəlli olur ki, “sülhməramlı” adlananların hərbi postu üzərində Azərbaycan və Rusiya bayraqları dalğalansa da, sol tərəfdə erməni dilində yazılar görünür.

Xatırladaq ki, Moderator.az 44 günlük savaşdan öncə və sonrakı müddətdə dəfələrlə Laçın rayonunun Zabux kəndində ermənilərin qanunsuz məskunlaşdırıldığı, onlar üçün yeni evlər tikildiyi və onların “meri”nin Andranik Çavuşyan adlı bir Suriya ermənisi olduğunu yazıb. Həmin Andranik mütəmadi olaraq Rusiya hərbçilərinə belə, silahlarını təhvil verməyəcəkləri, “buranın onların vətəni olduğu və buradan heç yerə getməyəcəkləri” haqda təxribatçı bəyanatlar verir...

Onu da qeyd edək ki, 1919-cu ilin yazında xalq qəhrəmanı Sultan bəyin dəstələri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun da dəstəyi ilə məhz Zabux kəndi ərazisində təkqulaq terrorçu erməni generalı Andranik Uzunyanın çoxminli qoşununu darmadağən edib...

VİDEOYA BURADAN BAXIN:
https://vk.com/video-17452458_456247861












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.