Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina edib

30-07-2021, 15:51           
Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Prokurorluq orqanlarından verilən məlumata görə, əhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.

İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".

Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.