Real insanların rəqəmsal kopyaları yaradılır
17-08-2021, 00:03
Cənubi Koreyanın “DeepBrain” şirkəti real insanların rəqəmsal kopyalarını yaratmaq ilə məşhurdur.
Teref.az xəbər verir ki, şirkət növbəti investisiya raundunu uğurla başa vurub və bunun nəticəsində 44 milyon dollar əldə edib. Sözügedən şirkət süni zəka elementlərinə sahib patentləşdirilmiş alqoritmlər əsasında hazırlanan qeyri-adi məhsul satmaqla məşğuldur.
Söhbət, real insanın rəqəmsal kopyasından gedir. “DeepBrain” real insanın mimikasını, danışıq tərzini və əl-qol hərəkətlərini kopyalayır.
Daha sonra kopyalanmış elementlər real insanın rəqəmsal kopyasına inteqrasiya olunur və nəticədə rəqəmsal kopya fərdi həyatını sürə və real insanın müəyyən tapşırıqlarını yerinə yetirə bilər.
Sözügedən texnologiyanın yaradıcılarının fikirlərinə əsasən bu cür rəqəmsal kopyalar xəbər telekanalları, siyasətçilər, banklar və satışla məşğul olan şirkətlər üçün uyğun olacaqlar.
“DeepBrain”in yaratdığı texnologiyanın bariz nümunəsi kimi Cənubi Koreya prezidenti Mun Çje İnin rəqəmsal kopyasını göstərmək olar. (Technote.az)