"Qanunla, buna icazə yoxdur" - Vaqif Əsədov

19-08-2021, 11:30           
"Qanunla, buna icazə yoxdur" - Vaqif Əsədov
Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 45-55 ünvanında dövlətin mülkiyyətində və ümumi istifadədə olan ərazilərə giriş-çıxışın qapadılması ilə bağlı Bakı şəhəri Yol Polisi İdarəsi açıqlama verib. Ümumiyyətlə, Bakıda belə hallar çox yayılıb və artıq böhran həddinə çatıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov “Bizim Yol”a bildirib ki, ümumi istifadədə olan yolu bağlamaq, şlaqbaum qoymaq qanun pozuntusudur.

“Qanunla, buna icazə yoxdur. Hər hansı ərazidən sakinlər, digər vətəndaşlar istifadə edirsə, orada sərbəst hərəkər üçün şərait yaradılmalıdır. Mən siz deyən məsələni araşdıraram, amma deyim ki, əgər o ərazi ümumi istifadədədirsə, belə hallara qanunla icazə verilmir”,- deyə V.Əsədov qeyd edib.

Yol Polisi İdarəsinin bu mövzuda araşdırmasının nəticələri ilə bağlı əlavə məlumat verəcəyik.

Qeyd edək ki, həmin ünvanda şlaqbaum qoyulub və özünü “mühafizəçi” adlandıran, amma heç bir vəzifə vəsiqəsi təqdim etməyən bir şəxs oradan keçənlərə hücum edir, sanki bilərəkdən özünü döydürməyə çalışır ki, adam tutdursun. Bu azmış kimi, hətta ayaq üstə güclə dayanan, qoltuq ağacı ilə gəzən bir əlili də gətirib camaatı təhqir etdirir. Sanki həmin əlil şəxsi də döyüdürməyə çalışır. Ehtimal etmək olar ki, bu “mühafizəçi” bu yolla xeyli sayda insanı oradan həbsxanaya göndərib. Bəzi məlumatlara görə orada hansısa vəzifəli şəxs yaşayır, özü gizlənib cmaatı qabağa verir.

Narazılardan birinin dediyinə görə, “mühafizəçi” savadsızlığı ilə də onu heyrətə gətirib: “Əvvəlcə şlaqbaumu qaldırdı, içəriyə keçdim, uşaqlar düşüb oradakı poliklinikaya getdi, sonra gözləri axan, sir-sifəti saqqallı, mühafizəçi geyimi əlaqəsi olmayan səliqəsiz paltarda birisi gəldi ki, “maşını çıxart”. Adamla dialoqum aşağıdakı kimi davam elədi:

- Niyə maşını çıxarım?

- Burada saxlamaq olmaz!

- “Olmaz”ı qanun müəyyən edə bilər. Hansı qanun burada dayanmağımı qadağan edir.

- Camaat icazə vermir.

- Camaatın belə bir qadağa tətbiq etmək hüququ və səlahiyyəti yoxdur. Camaat dövlətin mülkiyyətində olan əraziyə sərəncam verə bilməz.

- Əəəə, dedim çıxar maşını. Əsəblərimlə oynama.

- Dedim ki, çıxarmayacağam. Dövlət mülkiyyətində olan ərazidir, deməli, həm də mənim mülkiyyətimdir. Hər bir vətəndaşın mülkiyyətidir. Hər kəs öz şəxsi mənzilinə sərəncam verə bilər, bura özəl və ya qanunla qapadılmış ərazi deyil.

- Müdir mənə tapşırıb ki, olmaz. Sənin müdirin sənə tapşırıq verəndə əməl etmirsənmi?

- Mənim müdirim mənə qanuni tapşırıqlar verir, qanunsuz tapşırıq versə, əlbəttə əməl etmərəm. Həm də bura nədir ki, müdiri də olsun. Bu cür ərazilərin müdiri olurmu? Kimdir müdir, çağır gəlsin.

- Gedək, göstərim.

- Mən niyə getməliyəm ki? Çağır gəlsin bura. Özünü qanunsuz müdir elan edən adam mənim üçün heç kimdir.

- Əəəə, dedim axı, müdir qoymur.

- Dedim axı, çağır, izah edim ki, burada dayanmağımı qadağan edən qanun yoxdur.

- Yaxşı.

Sonra harasa getdi, kimlərləsə danışdı, əliboş qayıdıb gəldi. Bir az kənarda çöməlib oturandan sonra, qoltuq ağacı ilə gəzən, nitqi qarmaqarışıq olan bir əlili çağırdı, ona nə dedisə, əlil arxamca dili dolaşa-dolaşa mənə dedi ki, “bərkgedən oğlansan?”. Çevrilib baxdım, başa düşdüm ki, “mühafizəçi” bunu döydürmək istəyir. Dedim ki, “sənin nəyinə baş qoşum, Allah-təala özü baş qoşub də”.

Sonra “mühafizəçi” dedi ki, səni bir də bura buraxmayacağam. Dedim ki, sən “reketliyinə” davam et, mən yenə gələcəyəm, şlaqbaum qaldırılmayacaqsa, maşını elə onun qarşısında atıb gedəcəyəm, maşına da bir zərər dəyərsə, sən cavabdehsən, polisə şikayət edərsən, gələrlər, niyə maşını yolun ortasında qoyub getdiyimi izah edərəm. Sonra dedi ki, “bura elə-belə həyət deyil”. Elə bu sözlərin arxasından oralarda yaşayan harın bir məmur boylandı. Yəni özü də bilmədən təsdiqlədi ki, burada özünü “elə-belə” hesab etməyən harın bir məmur yaşayır və mərdimazarlığı edən də odur”.

Qeyd edək ki, o ərazi həm də uşaq poliklinikasına aiddir. Ora uşaq gətirən valideynlər də narazılıq edirlər ki, onların poliklinikanın həyətinə yolları bağlanıb.

Məsələ ilə bağlı Yasamal rayonu İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq. İlkin cavabda bildirilib ki, məsələ mütləq araşdırılacaq və qanuna müvafiq qaydada tədbir görüləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.