Rusiyada inflyasiya yeni bir rekord qırıb.
3-09-2021, 07:00

Belə ki, ölkədə inflyasiya daha da sürətlənərək vətəndaşların gəlirlərini və əmanətlərini alt-üst etməyə davam edir.
İyul ayının əvvəlində inflyasiya artımının sona çatdığını bəyan edən İqtisadi İnkişaf Nazirliyinin proqnozlarının əksinə olaraq, "Rosstat" istehlakçı qiymətləri indeksi üçün rekord rəqəmlər açıqlamağa davam edir.
Rusiyada illik ifadədə inflyasiya 2016-cı ilin avqustundan bəri yeni maksimuma - 6,79%-ə çatıb. Təzə ucuz meyvə və tərəvəz məhsulları ilə yaranan ənənəvi yay deflyasiyası bu il ləng və qısaömürlü olub. Yalnız beş həftə ərzində qiymətlər aşağı düşüb, bundan sonra yenidən yüksəlməyə başlayıb.
Qeyd edək ki, ölkəmizdə də mövsümlə bağlı müəyyən qədər deflyasiya müşahidə edilsə də, artıq qışa doğru tədricən bazarda məhsullar azalmağa doğru gedəcək. Belə olduğu təqdirdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntilər necədir?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiyaya baxanda antiinflyasiya proqramlarını daha uğurla həyata keçirir:
“Ancaq inflyasiya əlbəttə ki, var. Ümumilikdə istehlak indeksi məzmununda götürdükdə, inflyasiya idarəolunan səviyyədə olur. Ancaq ayrı-ayrı hansısa bir məhsulu götürdükdə, məsələn bitki yağının qiyməti normadan artıq bahalaşır. Bu da normadan artıq inflyasiya ifadəsidir.
Rusiyada ölkə rəhbərliyi bəyan etdi ki, bu inflyasiya dövrünü indeksləşdirib əhalinin müəyyən təbəqəsinə yardımlar edəcəklər. Belə ki, onların təqaüdlərinə, maaşlarına əlavələr olacaq. Bizdə elə bir ciddi vəziyyət yaranmayıb, ancaq təhlükə var. Bunun qarşısını, əsasən də süni qiymət artımının almaq lazımdır.
Bu nöqteyi-nəzərdən, dövlət nəzarət orqanları, əsasən də İqtisadiyyat Nazirliyi və onun nəzdində olan Antiinhisarçılığa qarşı mübarizə ilə bağlı qurumlar hərəkətə gəlməlidirlər. Bəzi qiymət əmələ gəlmə prosesini, baxmayaraq ki, bazar münasibətləri çərçivəsindədir, nəzarətdə saxlamalıdırlar. Çünki belə hallar baş verir və bu da inhisarçılıqla bağlıdır.
Bazarda kifayət qədər sağlam rəqabətin olmaması qiymət artımına səbəb olur. Əgər bu əhaliyə lazımdırsa və satılırsa, inhisarçılar bundan maksimal dərəcədə istifadə edirlər. Qiymətləri qeyri-elastik hala gətirərək vətəndaşları çıxılmaz vəziyyətdə qoyurlar. Hazırda vəziyyət idarəolunandır. Ancaq bu məsələdə dövlət nəzarət orqanları hərəkətə gəlməlidir, başlı-başına buraxmaq olmaz. Çünki bəzi məhsullar ayrı-ayrılıqda götürdükdə normal inflyasiya həddini çoxdan keçiblər”.