"Valideyn hansısa övladını vəsiyyətnamə ilə mirasdan tam məhrum edə bilməz"

Bu gün, 17:24           
"Valideyn hansısa övladını vəsiyyətnamə ilə mirasdan tam məhrum edə bilməz"
Valideynlər mirası övladları arasında bölərkən hər hansı birinə digərlərindən fərqli yanaşa və az pay verə bilərlər. Bəzən hansısa övladın mirasdan məhrum edildiyi də bildirilir. Bu zaman ailə daxilində həm mübahisələr yaranır, həmdə ədalətlilik pozulur.

Vəsiyyətnamədən asılı olmayaraq kimlər mirasdan pay alır? Ailə üzvlərinin adı vəsiyyətnamədə yoxdursa, ona pay düşmür?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az-a açıqlamasında bildirib ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var:

“Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Ölmüş şəxsin, yəni miras qoyanın əmlakı vərəsələrə qanun, yaxud vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vəsiyyətnamə ilə şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər. Ancaq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır”.

R.Əliyevin sözlərinə görə, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmır, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı müəyyən edilən şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar və qanunvericilikdə müəyyən edilmiş növbəlilik tətbiq edilir:

“Bu növbəlilik qohumluq dərəcəsinə görə müəyyən olunur və ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci dərəcəli vərəsələr sayılırlar. Nikahsız doğulan uşağın atalığı müəyyən olunmuşsa, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır və təbii olaraq da atasının vərəsəsi sayılır.
Atalıq müəyyən olunmadığı təqdirdə isə nikahdan kənar uşağın vərəsə kimi atadan pay almaq hüququ yaranmır” – deyə R.Əliyev bildirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru