Britaniyada iş axtaranların sayı son 5 ildə rekord artım göstərib
Bu gün, 17:14

İngiltərədə iş axtaranların sayı son beş ildə ilk dəfə bu qədər sürətlə artıb.
Valyuta.az xəbər verir ki, artımın əsas səbəbi kimi şirkət rəhbərlərinin noyabrda maliyyə naziri Rachel Reeves tərəfindən yeni vergi artımlarının tətbiq olunacağından ehtiyat etməsi göstərilir.
"Recruitment & Employment Confederation" ("REC") və "KPMG" tərəfindən aparılan sorğuya əsasən, zəif iqtisadi perspektiv və xərclərlə bağlı narahatlıq bizneslərin ixtisarlara getməsinə və işə qəbul planlarını təxirə salmasına səbəb olub. Xüsusilə sosial sığorta sahəsində gözlənilən yeni artımlar 190 min nəfərə təsir göstərə bilər.
Vakansiyaların azalması, maaş artımlarının zəif qalması və işçi tələbatının aşağı düşməsi əmək bazarında durğunluq yaradıb. Parlament üzvləri isə hökuməti işəgötürənlərlə inamı bərpa etməyə və işsizlərə daha geniş dəstək verməyə çağırıblar.
"İş və Pensiya Departamenti" ("DWP") Pat Makfaddenin rəhbərliyi altında iqtisadi artımı hədəfləyən yeni struktur quruma çevriləcək.
Rəsmi statistikaya görə, son beş ildə 16–24 yaş arasında təhsil almayan, işləməyən və peşə təlimində iştirak etməyən gənclərin sayı 793 mindən 923 minə yüksəlib.