Bakı-Sumqayıt yolundakı tıxac problemi nə vaxt həllini tapacaq - açıqlama

5-10-2021, 08:27           
Bakı-Sumqayıt yolundakı tıxac problemi nə vaxt həllini tapacaq - açıqlama
Sakinlər “Bu tıxaclar axırımıza çıxacaq” deyir; ekspert Sumqayıta metro çəkilməsini təklif edir
“İllərdir ki, hər gün işlə bağlı Sumqayıtdan Bakıya gəlirəm. İnanın, bu yollarda əsəblərim korlanıb. Bu gün də stressdən əllərim əsib. Nə qədər tıxac, saatlarla gözləmək olar?! Bu tıxaclara görə iş yerindən o qədər danlaq götürmüşəm ki. Bakıda evlər baha olmasaydı, çoxdan köçüb gedərdim. Sumqayıtda da iş yoxdur. Necəsə yaşamalıyıq. İllərdir beləcə sürünə-sürünə gedirik-gəlirik”.

Bunu deyən Sumqayıt şəhər sakini Səbinə Əliyevadır. O, qəzetimizə müraciət edərək kömək istəyib: “Dəfələrlə olub, bu yolu təmir ediblər, hər dəfə o təmirə görə də tıxaclar olub, dözmüşük. Deyirdik, çətinliyə dözərik, təki bu tıxaclardan canımız qurtarsın. Amma hər dəfə nə isə tikinti aparırlar, yolu sökürlər, düzəldirlər, sonra təzədən sökürlər. Amma yenə faydası olmur. Bircə onu deyə bilərəm, bu tıxaclar axırımıza çıxacaq”.

Qeyd edək ki, səhər və axşam saatlarında Sumqayıt-Bakı yolunda tıxac yaranır. Bəzən bu tıxac saatlarla davam edir və hərəkətin tam dayandığı vaxtlar da olur.

Dünən səhər tıxacın uzunluğu kilometrlərlə olub. Avtomobillər “Akkord” binalarından 20 Yanvaradək tıxacla hərəkət etməli olublar. Bu isə işə gecikən insanların narazılığına səbəb olub.

Yeri gəlmişkən, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı plan vardı. Hətta bu yolun genişləndirilməsi işlərinin 2020-ci ilin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulurdu. Amma sonradan bunun davam etdirilmədiyi, layihənin isə dayandırıldığı deyilirdi.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, Bakı-Sumqayıt yolunda genişləndirmə işləri aparılıb və yekunlaşıb: “Bir layihə üzrə işlər nəzərdə tutulmuşdu, o işlərin icrasını həyata keçirmişik. Üzərimizə düşən işi tam olaraq yerinə yetirmişik. Sumqayıt yolunda Masazır dairəsinə qədər olan hissədə genişləndirmə işləri mümkündür. Bu işləri orada aparmışıq. Orada yeni körpü, yeni tunel inşa olunub. Bununla bağlı aidiyyəti qurumlar, yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir təklif olunarsa və həmin təklif Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qəbul olunarsa, biz yenidən bu işləri icraçı olaraq yerinə yetirməyə hazırıq. Hazırda bu qurumlar tərəfindən hər hansı təklif yoxdur. O ki qaldı böyük tıxacların yaranması məsələsinə, bizim agentlik yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olmadığına görə bu məsələ ilə bağlı fikir bildirə bilmərik”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a problemin həlli ilə bağlı bir sıra təkliflər irəli sürüb: “Bakı-Sumqayıt yolunun genişləndirilməsi məsələsi hələ bir neçə il əvvəl gündəmdə idi. Rəsmilər də hətta məlumat yaymışdılar ki, bu yolun genişləndirilməsi ilə bağlı geniş işlər görüləcək. Müəyyən obyektlərin sökülməsi, yolların genişləndirilməsi baş vermişdi. Amma bu, Sumqayıt yolunu tam əhatə etmədi. Müəyyən bir hissəyə qədər oldu, sonra dayandırıldı. Açıqlamalar verilmişdi ki, Sumqayıta qədər yol genişləndiriləcək, altenativ yollar yenə tikiləcək. Amma təəssüf ki, artıq neçə ildir ki, biz Sumqayıta alternativ yolların çəkilməsinin şahidi deyilik. Bunun üçün Bakı-Sumqayıt arasında Sumqayıtdan Bakıya gedən vətəndaşlarımız yollarda çox əziyyət çəkirlər. Əlbəttə, Sumqayıt iri şəhərlərdən biridir. Sumqayıtın əhalisinin bir qismi Bakı şəhərində çalışır. Səhər Bakıya, axşam da evlərinə dönürlər. Bu zaman böyük çətinliklər yaşayırlar. Təəssüfedici haldır ki, neçə illər keçməsinə baxmayaraq biz hələ də Bakı-Sumqayıt yolunun alternativi, bu yoldakı tıxacların qarşısını almaq üçün konkret əməli iş görə bilməmişik. Düşünürəm ki, yaxın illərdə Bakı-Sumqayıt üçün əlavə bir yol, daha bir qatar yolu, tramvay yolunun çəkilməsi labüddür. Indi biz görürük ki, Bakı ərazisindən Hocasənə qədər metrostansiya tikilir. Yaxşı olardı ki, metrostansiya uzadılaraq Sumqayıta qədər gedib çatsın. Çünki bu gün Sumqayıta real şose yolu Bakıdan ”20 Yanvar", “Şamaxinka” deyilən ərazidən və Biləcəri yolundan keçir. Bir də Novxanı-Corat istiqamətindəndir. Amma o yollarla gəlmək vətəndaşlara uyğun deyil. Sumqayıt sakinləri çox əziyyət çəkirlər".

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıqlar vermişdi.

Nəzərə çatdıraq ki, müşahidələrə görə, Bakıdan Sumqayıt istiqamətinə hərəkət zamanı tıxacın yaranmasına əsas səbəb Xırdalan dairəsində yolun darlığı və hərəkətin düzgün təşkil edilməməsidir.

Sumqayıtdan Bakıya gələndə isə Beynəlxalq Avtovağzalın qarşısında yolun daralması - “butulka effekti” səbəbindən tıxac yaranır. Son genişləndirmə işləri zamanı bu ərazidə yol bir zolaq artırıldı. Ancaq problem yenə də həllini tapmır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.