“Uşaqların peyvəndlənməsi hələ tezdir” - Məşhur pediatrdan nazirliyin qərarına ETİRAZ
5-10-2021, 19:15

Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etidiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Maraqlıdır, müvafiq tibbi göstəriş deyərkən nələr nəzərəd tutulur? Hansı qrup uşaqlara vurulacaq?
Bununla bağlı Cebhe.info- ya pediatr Aytən İsmayılzadə danışıb. Həkim müvafiq tibbi göstəriş deyilərkən çox ehtimal ki, risk qrupunun nəzərdə tutulduğunu dedi:
“Risk qrupuna onkoloji problemi, auto-immun xəstəlikləri, məsələn revmatoid-artrit və s. olanlar aiddir. Həmin qrup uşaqların immuniteti zəif olduğu üçün onların vaksinasiyası nəzərdə tutulur. Düşünürəm ki, əhalinin böyüklər arasında 70 faizi peyvəndlənsə, uşaqlara ehtiyac qalmaz. Ümimiyyətlə, 12-15 yaş qrupu uşaqların peyvəndlənməsində elə də problem yoxdur. Amma düşünürəm ki, biz böyüklər arasında peyvəndin davamlılığını, immunitet qazandırma qabiliyyətini təsdiqləməli, sonra uşaqlara keçməliyik”.
Pediatr deyib ki, bu baxımdan uşaqların peyvəndlənməsi hələ tezdir:
“Çünki nəticəyə gəlmək üçün kifayət qədər təcrübəmiz yoxdur. Biz hələ indi kütləvi peyvəndləməyə başlamışıq. Hesab edirəm ki, bir neçə ay keçməlidir, formalaşmış immunitetin səviyyəsini bilməli, ondan sonra uşaqların peyvəndlənməsinə qərar verməliyik”.
Aytən İsmayılzadənin sözlərinə görə, uşaqlar arasında hələlik ciddi ağırlaşma hallarına rast gəlinməyib. Sadəcə, gələcəyin fəsadlarına görə uşaqlar virusa yoluxmasalar, yaxşı olar:
"Virus mədəaltı vəzini, sinir sistemini zədələmiş ola bilər, ciyərdə problemlər yarada bilər. Ölüm halları olmasa da, qalıcı fəsadlar yarada bilər. Peyvənd onsuz da yoluxmanın qarşısını almır, sadəcə xəstələnməni ağır keçirtmənin qarşısını alır”.
Pediatr əlavə edib ki, uşaqlara “CoronaVac” effektiv olmadığı üçün “Pfizer” vaksini vurulur: “Bəlli dövrdən sonra anticismlər azalır, immunitet zəifləyir. Ona görə də uşaqlara hələlik “Pfizer” peyvəndinin vurulması qüvvədədir”.