Qlobal neft hasilatının gündəlik 400 min artırılması tələbi tam ödəyirmi?
6-10-2021, 07:15
"OPEC +" ölkələri neft hasilatını gündəlik 400 min barel səviyyəsində artırmağa davam edəcək. Bu açıqlamadan sonra neft qiymətləri artmağa davam edir. Belə ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 1,028 dollar və ya 1,3% bahalaşaraq 82,33 ABŞ dollarına çatıb.
Bu mövzu ilə bağlı İqtisadçı Eldəniz Əmirov "Margin.az"a açıqlama verib.
"Pandemiyadan sonra bir çox ölkənin neftə olan tələbi daha da artıb. Hazırda neft hasilatının gündəlik 400 min barel artırılması tələbi tam ödəyə bilmir. Çünki məhsulların emalı və istehsalına diqqət yetirməklə yanaşı, indi müəyyən öhdəliklərin yerinə yetirilməsinə və ehtiyatların formalaşdırılmasına ehtiyac var. Buna görə də neftin qiyməti artmaqda davam edir.Amma düşünürəm ki, bu artım uzun sürməyəcək, qarşıdakı günlərdə sıçrayış olacaq və daha sonra qiymət dalğalanmaları gözlənilir”, - deyə Əmirov müsahibəsində bildirib.
Xatırladaq ki, WTI markalı xam neftin noyabr müqaviləsində bir barelin qiyməti 89 sent və ya 1,2% artaraq 78,51 ABŞ dollarına çatıb.