GENERALIN ÖLDÜRDÜYÜ İŞ ADAMININ YAXIN DOSTU DANIŞDI - “Rövşən Əkbərova ömürlük cəza verilsin, ailəmizi məhv etdi...”

6-10-2021, 14:26           
GENERALIN ÖLDÜRDÜYÜ İŞ ADAMININ YAXIN DOSTU DANIŞDI -
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Qafqaz.media virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə əvvəlcə qətlə yetirilmiş iş adamının həyat yoldaşı Fəxritac Əliyeva dindirilib. İstintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyən şahid general R.Əkbərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib: “Balalarımın hələ də gözü yolda qalıb. Elçinin qətli ailəmizi məhv etdi. Qatilin ömürlük cəzalandırılmasını istəyirəm”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid R.Əkbərovun adını hadisə baş verən günədək eşitmədiyini deyib: “Elçin davakar insan deyildi. Bunu hamı bilir. Hadisədən əvvəl Rövşən Əkbərovun adını heç vaxt Elçinin dilindən eşitməmişəm. Səməd Elçinin yaxın dostu olub. Cənazəni gətirmək üçün Nazim İbrahimovla birlikdə Kiyevə getmişdi. Hadisənin kim tərəfindən törədilməsi ilə bağlı telefonda danışanda Rövşən Əkbərov tərəfindən törədildiyini eşitdim”.


Daha sonra mərhumun uşaqlıq dostu, məktəb yoldaşı, biznes ortağı olan Səməd Novruzov ifadə verib. Şahid ifadəsində hadisə barədə zəng vurub ona xəbər verdiklərini, cənazəni gətirmək üçün keçmiş səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla birgə təyyarə ilə Kiyevə yola düşdüklərini deyib: “Cənazəni gətirmək lazım idi. Qərara gəldik ki, Nazim İbrahimovla mən gedim. Hava limanında bizi diplomatik korpusun nümayəndəsi qarşıladı. Gecə oteldə qaldıq, səhərisi günü morqa getdik. Morqda çox adam vardı. Elçini tanıyanlar, dostları hamısı oraya yığılmışdı. Bir nəfər Ukrayna vətəndaşı olan keçmiş hərbçi Qriqoryev Aleksandr Mixayloviç yaxınlaşıb dedi ki, “eqo zarezali svoi””.

Şahid deyib ki, cənazəni hava limanına təhvil verdikdən sonra N.İbrahimovla birlikdə səfirliyə gediblər. Səməd Novruzov səfirlikdə o vaxt eşitdiklərini nəql edib: “Səfriliyə çoxlu adam toplaşmışdı. Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Tələt adlı şəxs də orada idi. Səfirlikdə hadisənin necə baş veürməsi ilə bağlı müzakirələr gedirdi. Deyirdilər ki, Elçin mayın 31-də “Abşeron” kafesində dostları ilə yemək yeyib, sonra səfirliyə gəlib və həyətdə kiminləsə mübahisəsi düşüb. Bundan sonra Elçin yanındakı dostuna deyib ki, gəl gedək skripkaya qulaq asaq. Birlikdə restorana gediblər. Səfirlikdə mübahisə etdiyi adamlar da orada olublar və yenidən mübahisə düşüb. Elçin vurulanda dostu Məzahir Şıxaliyev də yanında olub. Dedilər ki, iki nəfər hərbçi olub, kursa gəliblər, biri Sumqayıtdan olub dedilər. Söz-söhbət gəzirdi ki, Elçini öldürən Rövşən Əkbərov olub. İlk dəfə onda Rövşən Əkbərovun adını eşitdim. Səbəbini bilən yox idi. Hərə bir versiya deyirdi. Mən hadisədən bir gün əvvəl Elçinlə danışmışdım, yaxında Bakıya gəlməyi planlaşdırıdı. O, mənə Rövşən Əkbərov haqqında heç nə deməmişdi. Mən Rövşən Əkbərovu ancaq televizorda görmüşəm”.


Dövlət ittihamçısının və müdafiəçilərin suallarını cavablandıran Səməd Novruzov həmin ərəfədə Ukraynada R.Əkbərovu görmədiyini deyib:

-Mən onunla görüşməmişəm, Nazim İbrahimovun da görüşdüyünü görməmişəm. Hadisə ilə bağlı eşitdiklərimi deyirəm, hadisəni görməmişəm. Həmin vaxt Məzahiri həbs etmişdilər. Mən morqa, Nazim İbrahimov polisə getmişdi.

Daha sonra R.Əkbərov şahiddən səfirliyə ayın neçəsində gəlməsini soruşub və hər gün orada olduğunu deyib.

Şahid isə cavabında iki dəfə səfirliyə getdiyini, ad məsələsini isə iyunun 2-də səfirlikdə olarkən eşitdiyini söyləyib.

R.Əkbərov:

-Siz Elçini mənim öldürdüyümü eşitdikdən sonra niyə bir dost kimi gəlib mənimlə danışmadız? Niyə soruşmadız ki, sən öldürmüsənsə, niyə öldürmüsən?.

S.Novruzov:

-Mənim Kiyevdə kifayət qədər vaxtım olmayıb. Bu sual isə bu günə kimi də məni narahat edir. Niyə Elçin öldürülüb? Səbəbi tapa bilmirəm.

R.Əkbərov:

-Soruşardınız da. Bir nəfər də gəlmədi. Bir də mənə zəng elədilər ki, qəzetdə haqqında yazı çıxıb ki, adam öldürmüsən. Hadisədən 21 il ötüb. Məndən şübhələnirdizsə, niyə bu illər ərzində Bakıda gəlib mənimlə danışmağa cəhd etmədiniz. Niyə demədiniz ki, söhbət edək, dəqiqləşdirək?”.

S.Novruzov:

-O qədər sadəlöhv adam deyiləm ki, sübutum olmadan deyim siz eləmisiz. İstintaq sübuta yetirməmişdisə bunu mən sizdən necə soruşa bilərdim? Bu hadisəni sizin törədib-törətmədiyinizi də Allah bilir.

Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.

İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.

İ.Rafiqqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.