Məzarından çıxarılaraq başı kəsiləcək qədər nifrət edilən lider haqqında MARAQLI FAKTLAR
17-10-2021, 12:58

Oliver Kromvel şübhəsiz ki, tarixdə iz buraxan ən maraqlı şəxsiyyətlərdən biridir. Çünki kralın başını kəsmək, çoxəsrlik Britaniya monarxiyasını devirmək və İngiltərənin ən yaxşı adamı olmaq asan iş deyil.
Həyatının erkən yaşlarına dair çox az məlumatlar mövcuddur. Onun haqqında bilinən hekayə 17-ci əsrin birinci yarısında siyasi səhnəyə girməsi ilə başlayıb.
Dindar bir protestant və puritan olan Kromvel millət vəkili seçildikdən qısa müddət sonra başlayan İngiltərə Vətəndaş Müharibəsində millət vəkillərinin tərəfində olub.

Müharibənin tərəfdarları kralı dəstəkləyənlər və millət vəkilləri idi. Kralı dəstəkləyənlər onun mütləq hakimiyyətinə üstünlük verirdilər, millət vəkilləri isə qanunla kralın səlahiyyətlərini məhdudlaşdırmaq istəyirdilər.
Hərbi sahədə ilk liderlik uğuruna imza atan Kromvel tezliklə orduda vəzifəyə yüksəlib və general rütbəsi alıb.
1648-ci ildə qarşıdurma pik nöqtəyə çatanda parlamentarilər kralın taxtda qalmasını dəstəkləyənlərlə kralın mühakimə olunaraq asılmasını istəyənlər arasında bölünüb.
Kromvel ikinci qrupda idi. Müharibədə qazandığı uğurlara və liderliyə görə 59 millət vəkilini yanına çəkərək kralın ölümünə səbəb olan fərmanı imzalatdırıb. Möhtəşəm hərbi uğurları ilə ölkəsinin taleyinə təsir etməyi bacarıb.
Kralın edamından sonra İngiltərə Birliyi elan edilib və dövlət məclisi monarxiyanı əvəz edib.
Liberalist və demokratik niyyətlərə sahib olan biri kimi görünsə də, Kromvel İrlandiya və Şotlandiyanı ələ keçirmək üçün qan tökməkdən çəkinməyib. İskoçlar və irlandiyalılar hələ də Kromvelə nifrət edirlər.

Edilən müdaxilələrdən sonra vətəndaş müharibəsi millət vəkillərinin xeyrinə başa çatıb.
Kromvel də həmin dönəmlərdə ölkənin müdafiəçisi, baş komandanı və parlament sədri təyin edilib. Parlamentin təkidinə baxmayaraq, tac taxmaqdan və taxta çıxmaqdan imtina edib. O, bütün nailiyyətlərinin Allah tərəfindən verildiyini iddia edən dərin dini lider olub. Hakimiyyəti dövründə küfr və üsyan edənləri ölümlə cəzalandıraraq öz çirkin siyasətini ciddi şəkildə həyata keçirib. Monarxiyanın mütləqiyyətinə qarşı çıxan yeganə hökmdar olan Kromvelin hakimiyyəti bir neçə böyrək daşı və malyariya səbəbiylə cəmi beş il davam edib.
Ölümündən sonra qısa müddətə onun yerini tutan oğlunun idarəçilik üçün lazımi keyfiyyətləri yox idi. Kralçılar tezliklə nəzarəti yenidən bərpa ediblər. Kromvelin edam etdiyi kralın oğlu II. Çarlz taxta çıxıb və krallıq bərpa edilib.
Kromvel haqqında ən maraqlı hadisələrdən biri onun ölümündən sonra baş verən hadisədir.
Ölümündən iki il sonra Kromvelin cəsədi məzardan çıxarılıb, zəncirlərə bağlanıb. Daha sonra başı bədənindən ayrılıb, vücudu isə parça-parça edilib.
Bir nizə ucuna keçirilən başı bir müddət Vestminster sarayının qarşısında sərgilənib.
Bütün bunlara baxmayaraq, ingilislərə görə Kromvel bu gün tarixinin ən əhəmiyyətli 10 liderindən biridir.
Musavat.com