Azərbaycanda ərzaq təhlükəsizliyi problemi: - Pulumuz yemək üçün də xaricə axır
20-10-2021, 14:50
2021-ci ilin 9 ayı ərzində Azərbaycanda 1 milyard 321 milyon 204 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon 171 min dollarlıq çoxdur.
Ötən ilin 9 ayı ərzində Azərbaycan 1 milyard 185 milyon 30 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Dövlət Gömrük komitəsi xəbər verir ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində statistik dəyər baxımdan ət, süd, kərə yağı, buğda, düyü idxalı azalıb, meyvə-tərəvəz, çay, bitki yağları idxalı artıb. Azərbaycan ən çox xarici valyutanı bitki yağları, meyvə-tərəvəz və buğda idxalına xərcləyir.
Qeyd edək ki, hər bir ölkənin ərzaq təhlükəsizliyi mühüm amillərdən biridir.
“Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”na görə, ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Proqramın məqsədlərində yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi sisteminin yaradılması öz əksini tapıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025- ci illər üçün Dövlət Proqramı”nın məqsədlərindən biri ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsidir. Dövlət Proqramının son icra ili olan 2025-ci ildə əldə edilməsi gözlənilən nəticələrdən biri də qida və kənd təsərrüfatı məhsullarının (inkişaf etmiş ölkələrin bazarları da daxil olmaqla) ixracının artırılması ilə bağlıdır. Göründüyü kimi, hər iki dövlət proqramlarında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm amillər öz əksini tapsa da həmin məqsədlərin hələ də reallaşmadığını görmək mümkündür.
Bu istiqamətdə mövcud problemlər niyə öz həllini tapmır və valyuta ölkədə istehsal oluna biləcək məhsulların idxalına sərf olunur?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, tam idxalsız heç bir ölkə öz iqtisadiyyatını, daxili istehlak bazarını qura bilməz:
“İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr bu və ya digər formada daxili istehlak bazarını istehsal, eləcə də idxal hesabına təmin eməyə məcburdurlar. Hər bir ölkənin ərzaq təhlükəsizliyi deyilən problemi var. Xüsusilə də Azərbaycan kimi ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsi digərləri ilə müqayisədə daha ciddi xarakter daşıyır. Yəni bunun təmini Azərbaycan kimi ölkələr üçün xüsusilə vacib sayılır. Ona görə də Azərbaycan bu gün böyük valyuta ehtiyatlarına sahib olduğu, maliyyə cəhətdən kifayət qədər gücə malik olduğu halda, daxili istehlak bazarının, xüsusən də ən çox tələb olunan istehlak məhsulları üzrə idxaldan asılılığı narahatlıq doğurmaya bilməz.
Bu məsələyə ciddi yanaşılmalıdır. Həqiqətən də bu gün bizim daxili istehlak bazarımız ən çox istehlak olunan, kütləvi tələbat malları üzrə xarici istehsala məxsus məhsullardan asılı vəziyyətdədir. Ona görə də bizə xarici amillərin, təsirlərin daha tez və güclü sirayət etməsi qaçılmaz xarakter daşıyır. Dünyada bu, ya digər məhsul bahalaşan, bazarlarda inflyasiya amili ortaya çıxan kimi dərhal Azərbaycan bazarlarında bu və ya digər inflyasiya baş verir. Əvvəlki illərdə də ölkəmizdə qeydə alınan bütün inflyasiya göstəricilərində idxal inflyasiyası mühüm rol oynayıb. Ona görə də bu məsələ ciddi narahatlıq doğurur”.
Ekspert hesab edir ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təminində ilk növbədə ərzaq buğdasında idxalda hazırkı asılılıq səviyyəsini azaltmağa çalışmalıyıq:
“Ölkədə 40 faizdən çox ərzaq buğdası tələbinin ödənilməsində idxaldan asılıyıq. Ona görə də ərzaq təhlükəsizliyi məsələsində ilk növbədə məhz bu məhsulun idxaldan asılılığı bazarda minimum səviyyəyə endirməyə nail olmalıyıq. Təəssüf ki, neçə illər ərzində ölkədə taxılçılığın inkişafı, ərzaq buğdası tədarükü, istehsalı ilə bağlı daha çox məhsuldarlığa nail olmaq üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilsə də, hələ ki, bu sahədə istənilən nəticəyə nail ola bilmirik. Çünki yerli istehsal xarici istehsalla müqayisədə baha başa gəlir. İstənilən sahibkarın əlində valyuta ehtiyatı varsa, təbii ki, o pulu daha çox gəlir gətirən, daha az məsuliyyət tələb edən sahəyə qoymağa çalışır. Ona görə də bizdə sahibkarlar ən çox tələb olunan kütləvi mallar üzrə yerli istehsalla məşğul olmaq əvəzinə, həmin məhsulların xaricdə istehsalı ucuz olduğuna görə onu ölkəyə gətirməkdə daha çox maraqlıdırlar. Problemin kökü buradadır. Yəni əlində pulu olan düşünür ki, bir məhsulu burada istehsal etməkdənsə, gedib gətirmək daha ucuz başa gəlir və çox gəlir əldə edir”.
Ekspertin sözlərinə görə, bu amilə ərzaq təhlükəsizliyi məsələsində ciddi fikir verməliyik, yəni necə edək ki, yerli istehsal ucuz başa gəlsin:
“Biz sahibkarın qarşısını kəsməklə ona nail ola bilmərik. Məsələn, gömrük rüsumunu qaldırmaq, hansısa qadağalar qoymaqla məhsul gətirilməsinin qarşısını almaq olmaz. Əksinə, o zaman daxildə istehsal olunan məhsulların qiyməti beşqat artacaq. Ona görə də məcburdur ki, sahibkara həmin məhsuldan xaricdən gətirməyə şərait yaratsın. Yəni inzibati yollarla bu məsələni həll etmək mümkün deyil. Ona görə də hökumət ilk növbədə çalışmalıdır ki, yerli istehsal ucuz başa gəlsin. Ərzaq təhlükəsizliyinin təmininin yeganə həlli məhz bu məsələdən asılıdır. Bunun üçün də düzgün vergi siyasəti stimullaşdırıcı əhəmiyyət kəsb eləməlidir, həm də müəyyən sahələrdə dövlətin subsidiyalaşdırmasına, dotasiyasına ehtiyac var. Yerli istehsalın ucuz başa gəlməsinə nail olsaq, ərzaq təhlükəsizlyinin təmini sahəsində istehlak bazarının xarici məhsullardan asılılığına getdikcə son qoya bilərik”.