İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"

25-10-2021, 20:11           
İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir:
İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir?
İşğaldan azad edilən ərazilərimizdə artıq bir neçə müddətdir ki, müxtəlif iş növləri üzrə vakansiya elan edilib. Dövlət Məşğulluq Agentliyi rəsmisinin yaydığı məlumata görə, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanları var.

“İstər xidmət, istərsə də istehsal sahəsi üzrə vakant yerlər var və sayı kifayət qədərdir. Yüksək maaşlı vakant yerlər ixtisaslı kadrlar üçün nəzərdə tutulub. Bu vakant yerlərə kifayət qədər iş təcrübəsi olan şəxslər tələb olunur. Göndərişlərin həyata keçirilməsini təşkil edirik. Artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş ərazilərimizdə işlə təmin olunub. Vakant yerlər üzrə minimum əmək haqqı 250 manat, maksimum əmək haqqı isə 1700 manatdır”, - deyə agentlik rəsmisi bildirib.

Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, təkcə Cəbrayıl rayonu üzrə poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskovator operatoru üçün 650 manat; Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat; Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub.

Bizimyol.info saytı olaraq məsələ barədə sosial sorğu keçirmək və bu barədə insanların, xüsusilə də yuxarıda adları çəkilən işlərdə çalışan vətəndaşların fikirlərini öyrənməyə çalışdıq. Sorğumuz Bakı şəhəri üzrə keçirildiyindən, mövzuya bir o qədər də isti yanaşan olmadı. Xüsusilə, dərzi, dizayner və mühafizə işi ilə məşğul olan vətəndaşlarımız yaradılmış bu iş şəraitini bir o qədər məntiqli hesab etmədilər.

“Mən 13 ildən çoxdur ki, dərziliklə məşğulam, bu sahədə kifayət qədər təcrübəm və məni tanıyan müştərilərim var. Obyekt üçün icarə haqqı versəm də, burda işləmək məni qane edir. Amma indi dediyiniz yerdə - işğaldan azad edilmiş bölgələrdə açılan iş vakansiyalarına təcrübəli işçi tələb olunur. Azərbaycanda müəyyən qədər iş təcrübəsi olan insanlar onsuz da haradasa işləyir, elə həmin təcrübələrinə görə də müəyyən yer tuta bilirlər. Kim öz iş yerini, təcrübə topladığı, yaxşı maaş aldığı yeri qoyub gedib kənarda işləyər? Əslinə qalsa, həmin vakansiya üçün şərtlər düzgün qoyulmayıb. Şəxsən mən burdakı işimdə aylıq 800 manat, hətta ondan da artıq qazanc əldə edə bilirəm. İndi mən burdakı iş yerimi qoyub, 500 manatlıq maaşa razı olum? Ağıl var, məntiq var. O halda getmək olar ki, təcrübəsizsən, özünçün burda iş tapa bilmirsən, müəyyən gəlir yerin yoxdu. Bax, onda gedib müraciət etmək olar. Heç kim dünyaya təcrübəli gəlmir ki. Hər kəs bir yerdən başlayır öyrənməyə. İndi adicə fəhləlik üçün elə şeylər tələb olunur ki, sanki adam fəhlə yox, nazir işləyəcək. Mən şəxsən təcrübəyə əsaslanan şərtlərlə, belə vakansiyaların elan olunmasına doğru baxmıram”,- deyə adının açıqlanmasını istəməyən dərzi bildirib.

Elə başqa sahələr üzrə işləyənlərin fikirləri heç də dərzinin fikirlərindən geri qalmadı. Tikintidə çalışan Bağır adlı usta da mövzuya bir qədər təbəssüm edərək yanaşıb.

“Neçə ildir ki, ev ustasıyam. Ailəmlə burda – Bakıda yaşayıram. İndi mən həmin elanı oxuyub təcrübəli işçi kimi ora getsəm, 300-350 manatla nə edəcəyəm? Yemək pulu, qalmaq pulu, geyim pulu... Bunları kim ödəyəcək? Mən 350 manatla orda özümü dolandırmalıyam, ya Bakıdakı ailəmi? Çox gülünc şərtlər qoyulub. Ora təcrübəsi olmayan, ümumuiyyətlə, hər hansısa işdə çalışmayan, gəlir yeri olmayan vətəndaşlar cəlb olunmalıdır. Xüsusilə də, rayon yerlərindən. Rayonlarımızda kifayət qədər işsiz gənclərimiz var. Hər gün yüzlərlə gənc Bakıya gəlir. Elə zənn edirlər ki, burda iş imkanları çoxdur. Bəli, çox az qismi özünə iş tapa bilir. Bəs yerdə qalanları? Bax, həmin insanlar cəlb olunmalıdır elə iş yerlərinə. Təcrübəsi yoxdur? Öyrənər. Heç kəs ideal təcrübə ilə işləmir ki. Məsələ odur ki, bu işsizlər ordusunun sayı azalsın” - deyə Bağır adlı usta fikrini bildirib.

Mövzuya müsbət yanaşanlar da oldu. Ancaq həmin şəxslər, əsasən, yaşlı nəslin nümayəndələri idi və əksəriyyəti təqaüdə çıxmışdı. Aydın baba da məhz elələrindəndir: “Çox yaxşı. Müsbət qarşılayıram. O torpaqlar 30 ildir ki, kimsəsiz idi. İndi-indi cana gəlir oralar. Əvvəl hamı deyirdi torpaqlarımız azad olunsun, gedib yaşayaram, nə bilim, işləyərəm. İndi bəs nə oldu? Gedin də. Soruşanda işsizlikdən şikayət edirlər. İş olanda da getmirlər ki, uzaqdı. Bunun bir adı var – tənbəllik. Ya da işləmək istəməmək. Bizim vaxtımızda çörəkpulu qazanmaq üçün Rusiyanın ucqarlarına gedib çıxırdılar. Nədi-nədi bir tikə çörək qazanmaq üçün. İndi Allaha şükür torpaqlarımız da azad olunub, özü də öz dövlətimizin, Vətənimizin ərazisidir. Xaric deyil ki. İşləmək istəməyən üçün bəhanə tapmağa nə var?”

Dövlət Məşğulluq Agentliyinin özündən belə narazı olan vətəndaşlar da oldu. Onlar əsasən gənc nəslin nümayəndələri idi. Bildirdilər ki, ilk dəfə iş yerində işləmək istəyən birindən 10 ilin təcrübəsi tələb olunur.

“Mən Texniki Universiteti bitirmişəm. Diplomum evdə “yatır”. Özüm də işsizəm. Dəfələrlə Məşğulluq İdarəsi ilə əlaqə saxlamışıq. Deyiblər xəbər edəcəyik. Etməyiblər. Edəndə də getmişəm, deyiblər ki, filan sahə üzrə iş təcrübəniz var? Götürmək istəmirlərsə, bunu konkret desinlər. Bəhanə nəyə gərəkdir?

Bəzən də dəxli olmayan tələblər irəli sürülür. O dəfə bir mühafizə işi düşmüşdü. Məndən dil bilgisi tələb olundu, sən demə, rus dilini bilməliyəmmiş. Daha sonra isə ev heyvanları yemi satılan mağazada işçi elanı gördüm. Orda da yazılmışdı ki, namizəd rus dilini mükəmməl bilməlidir. Mən anlamıram, heyanlarla rusca danışmalıyıq, ya necə?” - deyə Sahib bəy bildirib.

Biz öz üzərimizə düşən vəzifəni - vətəndaşlarımızın problemlərini, narazılıqlarını, fikir və təkliflərini bacardığımız qədər cəmiyyətə, eləcə də, dövlət qurumlarına, onların rəhbərlərinə çatdırmağa çalışırıq. Burada, xüsusilə, Dövlət Məşğulluq Agentliyinin üzərinə düşən pay aydındır - insanların özlərinə normal gəlir yeri olan iş yerləri tapa bilmələri üçün sadə və asan şərait yaratmaq, vətəndaşları çətinə salmamaq və işlərini mürəkkəbləşdirməmək. İnsanlarımızla işləmək istədikləri iş yerləri arasındakı “təcrübə” divarı bir qədər sökülsə, başladıqları işdə təcrübə toplayıb peşəkar və işində mütəxəssis olan vətəndaşlarımızın da sayı çoxala bilər.

İslam peyğəmbəri həzrəti Məhəmmədin də söylədiyi kimi: “Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin”.

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.