İnflyasiya gözləniləndən çox olacaq: “Əhali bahalaşma ilə üz-üzə qalıb”
2-11-2021, 00:11

Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda ölkədə illik inflyasiyanın 9,5 - 10,5 faiz civarında olacağı gözlənilir.
2022-ci ildə isə fundamental amillərin dəyişməz qaldığı şəraitdə illik inflyasiyanın 5,6 faiz səviyyəsində təşkil edəcəyi nəzərdə tutulur. Hazırda isə əmək haqlarında artım müşahidə edilmədiyi bir şəraitdə inflyasiyanın görünəndən daha yuxarı olması ilə bağlı fikirlər səslənir. Bəs qarşıdakı dövrdə real inflyasiya necə qiymətləndirilir?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya bidirib ki, indiki vəziyyətdə ayrı-ayrı ərzaq məhsulları indeksiylə götürsək kifayət qədər artım baş verib:
“Paralel olaraq kommunal xərclərdə, hazırda da rüsumlarda artım özünü göstərir. Bütün bunlar isə maaşların artmaması bazasında baş verir və bu, vətəndaşların büdcəsinə, xərc hissəsinə təsir edir. Rüsumlara gəldikdə isə bununla bağlı açıqlamada hər hansı elmi əsas gətirilməyib. Sadəcə olaraq, bu qəbildən xidmət göstərən dövlət qurumlarında əlavə olaraq xidmətdən rüsum gəliri, büdcəyə hardansa daxilolmalar olacaq. İnflyasiyaya gəldikdə isə proqnozdan daha çox olacaq. Bu gün ən azından qiymətlərin qalxması, əsasən də kommunal xərclərin qalxmasından sonra bir çox məhsulların inflyasiya həcminin ölkədə indeksə birmənalı təsir edəcək. Hazırda vəziyyət budur ki, inflyasiya gözləniləndən çox olacaq. Bu da o deməkdir ki, əhali bahalaşma ilə üz-üzə qalıb. Belə olduğu halda maaşların qalxması bunu tədricən aradan qaldıra bilər.
Ancaq eyni zamanda, növbəti dəfə inflyasiyaya daha çox təkan verə bilər. Düşünürəm ki, antiinflyasiya tədbirləri ilə bunun qarşısını almaq mümkündür. Paralal olaraq maaşların artması daha yaxşı olardı. Ən azından, makroiqtisadi vəziyyətdə tarazlığı daha çox qoruyub saxlayardı. Konkret vəziyyət və zaman çərçivəsində bazarı nəzarətdə saxlamaq lazım olacaq”.