Azərbaycanda vəkillər necə və kimdən qazanır? - AÇIQLAMA
4-11-2021, 13:07
Vəkil qurumununun vəkilləri tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən hissəsinin vergidən azad olunması təklif edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. "Vəkil qurumunun tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən, yaxud göstərilməsi nəzərdə tutulan vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən, yaxud ödənilməsi nəzərdə tutulan hissəsi qurumun vergi tutulan gəlirlərinə aid edilmir", - deyə sənəddə deyilir.
Maraqlıdır ki, bu dəyişiklik vəkillərin gəlirinə nə qədər təsir edəcək? Azərbaycanda vəkillərin gəliri qənaətbəxşdirmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında vəkil Ruslan Mustafazadə deyib ki, əslində atılacaq addımlar bu sahədə durumun normallaşması üçündür:
“Son 2-3 ildə aparılan islahatlar vəkilliyin inkişafına yönəlib. Bu sahədə aparılan addımların növbəti mərhələdə də belə davam edəcəyini düşünürəm. Ümumiyyətlə, büro tərəfindən gəlir yoxdur. Gəlir yalnız vəkilin özünün bağladığı müqavilələr əsasında olur. Ola bilər ki, ay ərzində 1 müqavilə bağlayasan, ola bilər 15... Müqavilənin dəyəri 500 manatlıq da olar, 5 min manatlıq da. Gəlir fərdi müqavilələrdə dəyişir. Dövlət tərəfindən olan işlərdə gəlirin miqdarı hər region üçün fərqlidir. Məsələn, Sumqayıtda 2 büro var. 1 saylı Sumqayıt bürosu, Sumqayıt regional bürosu. Növbətçi kimi təyinatla olan işlərə bir ay bir büro çıxır, növbəti ay digər büro çıxır.
Təbii olaraq, bu, vəkillər arasında bölüşdürülür. Məsələn, bizim növbətçilik ayımızda mən özüm ayda 4 dəfə növbətçi düşürəm. İşin saatından da çox şey asılıdır. Ona görə gəlir standart deyil. Məsələn, Abşeron rayonundan vəkillərimiz deyirlər ki, onların aylıq gəliri dövlət hesabına çıxdıqları işlərdəndir. Məhkəmə proseslərində isə belədir ki, əslində çox vaxt itirirsən, amma az saat verilir. Tutaq ki, proses saat 11-ə təyin olunub, sən saat 10-dan çıxırsan ki, çatasan, proses bir az daha gecikir, ordan çıxmaq, gəlmək var. Amma məhkəmə bunları hesablamır, yalnız işin gedişi olan 15 dəqiqəni nəzərə alıb, hesablamanı ona görə aparır. Ona görə məhkəmə işlərində gəlir daha az olur”.