Ağır onkoloji xəstənin bir neçə aylıq pensiyasının itirilməsinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən reaksiya gəldi

5-11-2021, 00:03           
Ağır onkoloji xəstənin bir neçə aylıq pensiyasının itirilməsinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən reaksiya gəldi
“Bakı-Xəbər” TV-də yayımlanan “Düz kəsir” verilişinin canlı yayımında onlayn çıxış edən ağır xərcəng xəstəsi, Bakı şəhər Nərimanov rayonu, Arif Heydərov 6, mənzil 24 ünvanında yaşayan Əhmədov Ulduz Əhməd oğlu bildirmişdi ki, xərcəng xəstəsi olmasına baxmayaraq, bir neçə ay əvvəl pensiyası kəsilib, lakin əlaqədar qurumlara çoxsaylı müraciətlərindən sonra pensiyası bərpa olunsa da, aradakı bir necə aylıq pensiyasını ala bilmir.

İkinci dərəcəli əlil olduğunu deyən U.Əhmədov “Bakı-Xəbər” TV vasitəsilə Azərbaycan Prezidentinə və Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək bildirmişdi ki, cari ilin aprel ayında birdən-birə onun əlilliyi dayandırılıb.

Tural Qurbanov: “Vətəndaşın 4 aylıq müavinətinin kəsilməsi fikri də əsassızdır”
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əhmədov Ulduz Əhməd oğlunun iddialarına reaksiya verib. Agentliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Bakı-Xəbər”ə təqdim etdiyi açıqlamada U.Əhmədovun iddiasının əsassız olduğunu bildirib: “Bakı şəhər sakini Əhmədov Ulduz Əhməd oğlunun əlilliyi 21.04.2016-cı ildə e-sistem tərəfindən 5 il müddətinə avtomatik olaraq uzadılıb, 21.04.2021-ci ildə isə qanunvericiliyə əsasən, şəxsin əlillik müddəti başa çatıb. Ulduz Əhmədovun iddia etdiyi kimi cari ilin aprel ayında "birdən-birə onun əlilliyinin dayandırıldığı" fikri tamamilə əsassızdır. Vətəndaşın əlillik müddətinin uzadılması ilə bağlı onun qeydiyyatda olduğu Bakı 8 nömrəli şəhər poliklinikası tərəfindən elektron sistemə 12.07.2021-ci il tarixində forma 88 (göndəriş) daxil edilib və 16.07.2021-ci ildə isə Ulduz Əhmədova 2-ci dərəcə ömürlük əlillik təyin edilib. Nəzərinizə çatdırırıq ki, əlilliyə görə sosial müavinət əlillik təyin edildiyi tarixdən etibarən ödənilir. Bu səbəbdən, vətəndaşın 4 aylıq müavinətinin kəsilməsi fikri də əsassızdır”.

Bildirək ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun açıqlamasını “Bakı-Xəbər” TV-nin efirində uyğun verilişlədən birində də səsləndirəcəyik.

Ulduz Əhmədov: “Mənim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hər hansı bir iddiam yoxdur”
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin açıqlamasında qeyd edilən “vətəndaşın 4 aylıq müavinətinin kəsilməsi fikri də əsassızdır” və başqa fikirlərlə bağlı təkrar U.Əhmədovla əlaqə saxladıq. U.Əhmədov “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən heç bir narazılığı yoxdur, bu qurumdan diqqətsizlik görməyib. Şikayətçi qeyd etdi ki, onun problemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilədir: “Mənim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyə qarşı hər hansı bir iddiam yoxdur. Prezidentin sərəncamı var, 6 ay müddətinə xəstə gedib komissiyadan keçirsə, onun əlilli bərpa olunursa, boş buraxılmış ayların pulu ödənilir. Mənim şikayətim ondandır ki, ortadakı dörd ayın pulunu ala bilməmişəm. Mənim istəyim odur ki, boş buraxılmış aylar üçün pulumu ödəsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəmədiyi 4 aylıq müavinətimi mənə ödənilməlidir, mən dava-dərmanla yaşayıram. Mənim şikayətim tamamilə əsaslıdır, mən Prezidentin sərəncamına əsaslanıram. Mənim Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən heç bir narazılığım yoxdur. Şikayətim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəndir ki, mənim 4 aylıq müavinətimi nə üçün vermir?”

U.Əhmədov qeyd etdi ki, Nazirlik onun problemini nəzarətə götürməli və müavinətini ödəməlidir.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.