Siqaretə aksizin artırılması daha qorxulu olan başqa bir prosesə şans aça bilər - təhlükə nə qədər realdır?..

5-11-2021, 00:05           
Siqaretə aksizin artırılması daha qorxulu olan başqa bir prosesə şans aça bilər - təhlükə nə qədər realdır?..
Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır. Dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manata qaldırılması təklif edilir.

Siqaretə tətbiq olunan aksiz dərəcəsinin artırılması ilə bağlı belə bir fikir yayılıb ki, bu vəziyyət adıçəkilən məhsulun qiymətinin bahalaşmasına və bazara ucuz və qaçaq yolla siqaretlərin daxil olmasına səbəb olacaq.

Ekspertlər hesab edir ki, siqaretə tətbiq edilən aksiz dərəcəsinin artması onun qiymətinin kəskin qalxmasına və qaçaqmalçılıq hallarının artmasına səbəb olacaq.

Əli Məsimli: “Siqaretin aksiz dərəcəsinin qalxması onun qiymətinə də təsir edəcək”
Millət vəkili Əli Məsimli bildirdi ki, siqaretin aksiz dərəcəsinin qalxması onun qiymətinə də təsir edəcək: “Bu da insanların büdcəsinə pis təsir edir. Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu, aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək”

Eyyub Hüseynov: “Bu hal bazara ucuz və qaçaq yolla siqaretlərin daxil olmasına şərait yaradacaq”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu hal bazara ucuz və qaçaq yolla siqaretlərin daxil olmasına şərait yaradacaq: “Məlumdur ki, hazırda bazarda bu cür siqaretlər böyük paya malikdir. 2017-ci ildə beynəlxalq təşkilatların apardığı araşdırmaya görə, Azərbaycanda olan qaçaqmal siqaretlərdən dövlət büdcəsi 20 milyon manat zərər çəkib. Ona görə də belə qərarlar qəbul olunanda gərək qaçaqmalçılıq hallarının qarşısı alınsın. Belə halların artmaması üçün üsullar mövcuddur. Onu da qeyd edim ki, artıq 4 ildir Şəkidə bir fabrik açılıb, filtrsiz və təhlükəli siqaretlər istehsal edir və bunlar Bakıda da satılır. Biz dəfələrlə onun ekspertizasını keçirmişik, təhlükəli siqaret olduğunu bildirmişik. İstehlakçıların sağlamlığının qorunması üçün təkcə aksizlərin qaldırılması hələlik effektiv deyil, bunun üçün digər varianlar da var”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.