“Azərbaycanda deputatlar oliqarxlaşmayıb, oliqarxlar deputat olub”

6-11-2021, 07:20           
“Azərbaycanda deputatlar oliqarxlaşmayıb, oliqarxlar deputat olub”
“Prokurorluq düzgün araşdırma aparsa və təsdiq olunsa ki, deputat Cavanşir Feyziyev Böyük Britaniyada müsadirə olunan pullarını qanunsuz yollarla qazanıb, onda onun mandatına xitam verilə və o, korrupsiya cinayətlərinə görə həbs oluna bilər”.

Bunu hüquqşünas Yalçın İmanov Milli Məclisin deputatı Cavanşir Feyziyevin xaricdəki vəsaitlərinin müsadirə edilməsi məsələsini “Toplum TV”-yə şərh edərkən deyib.

Britaniya mətbuatının yazdığına görə, ölkənin Milli Cinayət Agentliyi (NCA) nüfuzlu azərbaycanlı siyasətçi C. Feyziyevin həyat yoldaşına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinqi (20.5 milyon dollar) müsadirə etməyi planlaşdırır. Məlumata görə, 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6.4 milyonu oğlu Orxan Cavanşirin, 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabında saxlanılır.

Britaniyanın Milli Cinayət Agentliyi hesab edir ki, sözügedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub.

“Qanunvericiliyə görə, deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz”

Müstəqil araşdırmaçı jurnalist Xədicə İsmayıl məsələ ilə bağlı açıqlamasında bildirir ki, C. Feyziyev deputat olduğu halda sahibkarlıqla məşğul olub: “C. Feyziyev ölkədə demək olar ki, dərman bazarının kifayət qədər böyük hissəsinə nəzarət edən şirkətin rəhbəridir. Söhbət ondadır ki, o, deputat kimi, bu şirkətə rəhbərlik etməməlidir. Amma faktlar C.Feyziyevin deputat olduqdan sonra da uzun müddət bu şirkətə rəhbərlik etdiyini göstərir. Sual yaranır, niyə Azərbaycan parlamentinin deputatları pullarını başqa ölkələrə çıxarırlar? Niyə vətənpərvərlikdən danışan şəxslər pullarını xaricə daşıyırlar? Niyə öz ölkələrinə sərmayə qoymurlar? Onların sərmayə qoymaq hüquqları var. Ancaq onda həmin vəsaitlərin dürüst yollarla qazandıqlarını sübut etməlidirlər”.

“C.Feyziyev pulların yuyulmasında şüphəli bilinirsə, deməli, bunun üçün əsaslar var”- bunu isə Ağ Partiyanın sədri Tural Abbaslı deyir.

Siyasətçinin sözlərinə görə, əgər C. Feyziyev deputatlığa namizədliyini verənə qədər sahibkarlıqla məşğul olubsa, pul qazanıbsa, heç kim ona heç nə deyə bilməz, amma Milli Məclisin deputatı olduqdan sonra o, heç bir halda sahibkarlıqla məşğul ola bilməzdi.

“C. Feyziyev vəsaitləri qanuni yollarla qazanmış olsaydı, başqa məsələ. Amma o, pulların yuyulmasında, qara işlərdə şüphəli bilinir. Deməli, bunun üçün əsaslar var. “Forbes” jurnalında Azərbaycandan olan bircə nəfər də olsa, rəsmi milyarderin adı yoxdur. Amma nazirlərdən tutmuş dövlət məmurlarına qədər bir çoxunun qanunsuz milyardlarla vəsaiti ortaya çıxır. Feyziyevin də ortaya çıxan 20,5 milyon dolları bunun ancaq görünən hissəsidir. Bir digər məsələ də budur ki, Ferziyev deputat olduğu üçün pul qazanmır, pul qazandığı üçün deputatdır. Yəni ki, deputatlar oliqarxlaşmayıb, oliqarxlar deputat olub”.

Cavanşir Feyziyevin deputatlıq mandatı ləğv oluna bilərmi?

“Hüquqi müstəvidə atılmalı addımlar olsa belə, Baş Prokurorluq sakit qalacaq”, - bunu Yalçın İmanov deyir.

“Bildiyim qədərilə London tərəfindən həmin əmlaklara həbs qoyulub. Azərbaycan Baş Prokurorluğu məsələyə reaksiya verməlidir. Qanunvericilik müstəvisində bunun üçün əsaslar var. Amma qanunun tələbinə baxmayaraq, Baş Prokurorluğun bu proseduru icra edəcəyinə inanmıram”, - deyə hüquqşünası açıqlamasında qeyd edib.

“Deputatın pulları dondurulacaq” – bunu Xədicə İsmayıl deyir.

Jurnalistin sözlərinə görə, indiyə qədərki praktika onu göstərir ki, əgər C. Fərzəliyev pullarını dürüst yollarla qazandığını və həmin pullara görə vergi ödədiyini sübut edə bilməsə, vəsaitləri dondurulacaq.

“Həmişə belə olur. Ya vəsaitlər dondurulur, ya da tərəflərin qarşılıqlı razılığı ilə vəsaitin hansısa hissəsi dondurulur”, - deyə X. İsmayıl qeyd edib.

Tural Abbaslı da hesab edir ki, deputata qarşı heç bir hüquqi tədbir görülməyəcək: “İndiyə qədər belə edənlərə qarşı hansı addımlar atılıb ki, Cavanşir Feyziyevə qarşı da atılsın? İndiyə qədər xaricdə hesabı ortaya çıxan kiminsə barəsində hansı hüquqi tədbir görülüb ki, indi də görülsün?”

Məsələ ilə əlaqədar olaraq Cavanşir Feyziyyəvdən özündən açıqlama almaq mümkün olmayıb.

Feyziyevlər ailəsinin sözçüsü isə mediaya açıqlamasında Feyziyevlərin NCA-nın iddialarını “qəti şəkildə rədd etdiklərini” və iddiaların “tamamilə yanlış” olduğunu bəyan edib. Ailənin sözçüsü deyib ki, Feyziyevlər Böyük Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.