Əgər peyvənd varsa: ÜST 1,5 milyon insanın öləcəyini necə proqnozlaşdırır?
7-11-2021, 16:44
“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluqe deyib. Onun sözlərinə görə, "Delta" ştammı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir:
“Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.
ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insan COVID-19-dan ölə bilər.
Bilirik ki, dünyada vaksinasiya sürətlə davam etdirilir. Belə olan halda yarım milyon insanın öləcəyi proqnozunun kökündə hansı səbəb dayanır?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, yoluxma sayı demək olar ki, bütün dünyada stabildir:
"Amma nəzərə alsaq ki, payız aylarıdır, hava soyuqdur, yoluxmanın artması gözlənilir. Buna baxmayaraq, yoluxma sürətlə getmir. Bu, vaksinin və yoluxub sağalan insanların sayının çoxalması hesabınadır. Lakin ölüm sayı əvvəlki illə müqayisədə çoxdur. 2 min yoluxma ilə 30 ölüm sayının olması ciddi rəqəmdir. Bu, bütün dünyada belədir, yoluxma zəif, ölüm çox. Öz praktikamızdan görürük ki, insanlar həkimə gec müraciət edir. Xəstələrdə bir arxayınlaşma yaranıb. Xəstəlik təzə yayılanda insanlar daha çox həkimlərə müraciət edirdi, nəinki indi. Bir qədər gözləyirlər, qrip olduğunu düşünüb gecikdirirlər və artıq ağırlaşanda xəstəxanaya gəlirlər. Belə olan halda bir qismini vəziyyətdən çıxartmaq çətin olur. Buna görə də ölümlər artır".
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov isə deyib ki, bu proqnozun öncədən verilməsi insanlar arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır:
"Vaksinasiyasız yoluxmanın, virusun qarşısını almaq mümkün deyil. Yəni, ölümləri birbaşa vaksinlə əlaqələndirmək doğru olmaz. Bir nəfər proses barədə açıqlama verir və bu yayılır, insanlar inanır. Ölüm hadisəsinin nə qədər olacağını indidən demək, proqnozlaşdırmaq nə dərəcədə real ola bilər? Heç indi sabah üçün yoluxma sayı dəqiq bilinmir, ölüm haradan çıxdı? Düşünürəm ki, ölüm sayı da, yoluxma sayı da artmayıb və artacağı da zamandan asılıdır. Bir milyon yarım insanın fevraladək öləcəyini demək səhv məlumat olardı".
Naibə