“Asimmetrik müharibə” - İranın pilotsuz təyyarələri kimləri təhdid edir?.. - TƏHLİL

27-11-2021, 07:21           
“Asimmetrik müharibə” -
İsrail İranı “dron hücumlarında” ittiham etdi...

İsrailin müdafiə naziri Beni Qants İranın hərbi potensialını “sülhə təhdid” adlandırıb. O, İranın pilotsuz uçuş aparatı (PUA) proqramına xüsusi diqqət yetirib. Bəs görəsən, təhlükə nə dərəcədə böyükdür və qorxmağa əsas varmı?

Moderator.az gazeta.ru-nun mövzuyla bağlı araşdırmasını oxucularına təqdim edir.

“Vurğulamaq istəyirəm ki, pilotsuz uçuş aparatları bütün dünyada strateji hədəfləri vurmağa qadir olan dəqiq silahlardır. İndiyə qədər müşahidə etdiyimiz pilotsuz təyyarələrin hücumlarının əksəriyyəti İranın cənub və cənub-şərqindən dənizdəki hədəflərə vurulub”, - deyə “Times of İsrael” qəzeti Beni Qantsdan sitat gətirib. Onun sözlərinə görə, Tehranın bölgədəki rəqiblərinə dənizdə hücum etmək üçün istifadə edilən iki İran pilotsuz təyyarə bazası Çabahar bölgəsində və Keşm adasında yerləşir.

Nəşr qeyd edir ki, son bir ildə İsrail və İran bir-birinə dənizdə “elan edilməmiş” müharibədə iştirak ediblər. Eyni zamanda Tehranın Fars və Oman körfəzlərində İsrail gəmilərinə və ya bu ölkəyə bağlı gəmilərə bir neçə hücum təşkil etdiyi iddia olunur. Belə hücumların birində İran tərəfinin israilli iş adamına məxsus neft tankerinə endirdiyi zərbələr nəticəsində Britaniya və Rumıniya vətəndaşları həlak olub.

“İran terrorizmi şəxsən Ali lider ayətullah Əli Xameneinin və rejimin ali rəhbərlərinin göstərişi ilə ixrac edilir. Üstəlik, bu potensial sünni ölkələrini, Yaxın Şərqdəki, Avropa və Afrika ölkələrindəki beynəlxalq qüvvələri təhlükə altına qoyur”, - deyə Beni Qants bildirib.

Aralarında pilotsuz kamikadze uçan aparatların da olduğu “Ababil” seriyasından olan İran PUA-larından Yəməndə və Qəzza zolağında fəal şəkildə istifadə olunur. “The Jerusalem Post” aydınlıq gətirir ki, pilotsuz təyyarələr İranın etibarlı şəxsləri tərəfindən “ixrac edilib və ya kopyalanaraq” adı dəyişdirilib. HƏMAS katapultla buraxılan “Şəhab” pilotsuz təyyarəsindən istifadə edir. Yəməndəki husilər yüksək dəqiqlikli hücumlar həyata keçirmək üçün “Qasef” və “Samad” kamikadze pilotsuz təyyarələrindən istifadə ediblər.

Bundan başqa, İsrail hökumətinin məlumatına görə, İranın Suriyadan İordan çayının qərb sahilinə partlayıcı maddələr çatdırmaq cəhdi qeydə alınıb. İran Suriyanın Homs əyalətindəki T4 aviabazasından PUA-nı havaya qaldırıb. Pilotsuz təyyarə “İordan çayının qərb sahilindəki terror qrupları” üçün partlayıcı maddələr daşıyırdı, lakin cihaz Şimal hərbi dairəsinin Beyt Şean bölgəsində İsrail müdafiə qüvvələri tərəfindən ələ keçirilib. İslam İnqilabı Keşikçiləri Korpusunun İran qüvvələrinin yerləşdiyi Suriyadakı T4 bazası tez-tez İsrail ordusunun zərbələrinin hədəfinə çevrilir.

“Tehranın regionda təhlükəsizliyini təmin etmək strategiyası iki fundamental prinsipə əsaslanır: “asimmetrik müharibə” və “mütərəqqi müdafiə doktrinası”. Birinciyə gəlincə, İran yaxşı başa düşür ki, regiondakı rəqibləri ondan qat-qat güclüdür, ona görə də bütün sahələrdə rəqabət aparmaq üçün qarşısına məqsəd qoymur və ən uğurlu olduğu müəyyən sahələri inkişaf etdirir. Bunlardan biri PUA-ların və havada nəzarət aparan döyüş sursatlarının (Nəzarət aparan döyüş sursatları hədəf bölgədə havada uzun müddət qala və sonra onu vura bilən pilotsuz uçuş aparatıdır. O, hədəfi vurduqdan sonra özünü məhv edir - red.) hazırlanmasıdır. Bu uğurlar İsraildə “təhlükə” kimi qəbul edilir”, - deyə Rusiya Beynəlxalq Məsələlər Şurasının (RIAC) eksperti, iranşünas Nikita Smagin bildirib.

Smaginin fikrincə, “mütərəqqi müdafiə doktrinası” İranı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə və ya birbaşa ABŞ qüvvələrinə mümkün qədər yaxınlaşmağa məcbur edir. Bu ona görə edilir ki, Vaşinqton və onun müttəfiqləri tərəfindən gözlənilməz zərbə endiriləcəyi təqdirdə onlar imkan daxilində cavab tədbirləri görsünlər.

“İran və onun regional qeyri-dövlət müttəfiqləri havada nəzarət aparan döyüş sursatları istehsal edə bilər. Hətta çox mükəmməl olmasa da belə. Bundan əlavə, vurğulamalıyam ki, hərbi nöqteyi-nəzərdən hücum PUA-ları, patrul döyüş sursatı və qanadlı raketlər arasında sərhəd getdikcə azalır. Yeri gəlmişkən, bunu 2019-cu ildə Yəməndə husilərin Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumu da göstərdi. O zaman orada nə partladığını müəyyən etmək kifayət qədər çətin idi”, - deyə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun elmi əməkdaşı Dmitri Stefanoviç bildirib. Onun fikrincə, İsrailin müdafiə naziri Beni Qantsın çıxışında birbaşa İran ərazisindən, yoxsa Tehranın müttəfiqlərindən “təhdid” nəzərdə tutduğu anlaşılmaz olaraq qalıb. Sonuncu variant nəzəri cəhətdən ekspertə daha inandırıcı gəlir.

“Eyni zamanda, bu cür hücumların İranın maraqlarına uyğun olduğuna qəti şəkildə şübhə edirəm. Tehranın siyasətinə, liderlərinə və onların bəyanatlarına müxtəlif cür yanaşmaq olar. Lakin onlar heç terror aktlarında diqqət çəkməyiblər”, - deyə Stefanoviç vurğulayıb.

Ekspertin fikrincə, İranın bu yüksək dəqiqlikli silahlardan istifadə etməsi regionda qüvvələr balansını çətin ki, keyfiyyətcə dəyişə bilər. Axı bütün ölkələr uzaqmənzilli yüksək dəqiqlikli silahların hazırlanması ilə məşğuldur. Üstəlik, yaxşı inkişaf etmiş hava hücumundan müdafiə sistemi ilə real döyüş şəraitində daha mürəkkəb vəzifələr də var. Məsələn, müxtəlif diapazonlu adi ballistik raketlərin kifayət qədər zəngin və keyfiyyətli arsenalı İsrail üçün daha böyük problem olaraq qalır.

“İsrail “təhdidlərdən” danışarkən onları qəsdən şişirdir. İranın bunun üçün kifayət qədər qüvvə və vasitələri yoxdur və öz təhlükəsizliyinin təmin edilməsi çərçivəsində qarşısına belə bir vəzifə qoymur. O başqa məsələ ki, Təl-Əviv özü Tehran üçün xüsusidir. Bu, xarici siyasət və müdafiə sahəsində ən ideallaşdırılmış istiqamətlərdən biridir. Burada praqmatik mülahizələr yox, daha çox bir-birini təhdid kimi başa düşülən təsəvvürlər işləyir”, - deyə Smagin fikrini yekunlaşdırıb.

Tərcümə və təqdim etdi: Miraslan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.