Moskva Mirzə İbrahimovu dil məsələsinə görə necə cəzalandırdı?

23-03-2016, 09:48           
Moskva Mirzə İbrahimovu dil məsələsinə görə necə cəzalandırdı?
Tbilisi və Yerevana qaz verməyən respublika rəhbərliyi nədə ittiham olundu?

Dostlar! 1957-ci ilin payızında dil məsələsi ilə bağlı Mirzə İbrahimovun Azərbaycan Dövlət Universitetinin tələbələri qarşında bir çıxışı Moskvanın səbrini tükəndirən sonuncu hadisə oldu. Həmin vaxt böyük türk şairi Nazim Hikmət Bakıya gəlmişdi və Oktyabr ayının 18-də (1957-ci il) onunla Universitetdə görüş keçirilirdi.

Görüşdə Universitetin filologiya fakültəsinin tələbələrindən biri Nazim Hikmətə yazılı sual göndrmişdi ki, “Azərbaycan dilini bilməyən, yaxud bilib bu dildə danışmayan ziyalını necə qiymətləndirmək olar?” Sovet İttifaqında mühacirət həyatı keçirən, dövlət təhlükəsizliyi orqanlarının gözlərini və qulaqlarını öz arxasında hiss edən Nazim Hikmət bu sualdan yayındı və ona cavab vermədi. Görüşün sonunda çıxış edən Mirzə İbrahimov Nazim Hikmətin yaradıcılığını yüksək qiymətləndirdikdən və onun Azərbaycana gəlişinin böyük hadısə olduğunu qeyd etdikdən sonra ona verilmiş cavabsız suala qayıtdı. O, həmin sualı ucadan oxuyaraq dedi: Azərbaycan dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalı əclafdır. Bu cavab görüş iştirakçılarının həyəcanlı və gurultulu alqışlarına səbəb oldu və bu alqışlar fasiləsiz olaraq uzun müddət davam etdi. Bu görüşdə baş verənlər haqqında Azərbaycan Dövlət Təhlükəsizlik orqanları Moskvaya geniş məlumat göndərdi.


Həmin sözlər az sonra Mirzə İbrahimova qarşı siyasi ittihamnaməyə çevrildi, Sov.İKP MK katibliyində, Rəyasət Heyətində səsləndirildi və 1958-ci ilin yanvarında onun siyasi səhnədən uzaqlaşdırılmasında həlledici rol oynadı. Mərkəzi Komitə bürosunun qərarı ilə 1958-ci ilin martında onun yerinə İlyas Abdullayev Ali Sovetin Rəyasət Heyətinin sədri seçildi. Ötən əsrin 50-ci illərinin axırlarında dil qalmaqalından sonra Moskva ilə Bakı arasında ikinci ziddiyyət qaz məsələsi ilə bağlı oldu. Moskvadan təlimat gəlmişdi ki, Ermənistan və Gürcüstan Azərbaycan qazı ilə təchiz edilsin. Bu məqsədlə SSRİ Nazirlər Sovetindən və Sovet partiya rəhbərliyindən 1957-ci ilin ortalarında Azərbaycan partiya və hökumət rəhbərliyinə göstəriş gəlmişdi ki, Bakıdan Tbilisi və Yerevana “Dostluq” qaz kəməri çəkilsin, respublikanın qaz ehtiyatları qonşu respublikaların istifadəsinə verilsin.

Məsələ Azərbaycan KP MK bürosunda müzakirə ediləndə büro üzvləri bunun əleyhinə oldular. Nazirlər Sovetinin sədri Sadıq Rəhimova tapşırıldı ki, Moskvanın bu göstərişindən imtina edilməsinin iqtisadi və sosial əsaslandırmasını hazırlasın. Sadıq Rəhimov İttifaq orqanlarının tövsiyəsi ilə Azərbaycan qazının Gürcüstan və Ermənistana nəql edilməsinin məqsədəuyğun olmaması haqqında əsaslandırma hazırlayıb Azərbaycan KP MK bürosuna təqdim etdi. O, bürodakı çıxışında bunun yolverilməz olduğunu əsaslandırdı. O, qeyd etdi ki, bizim rayonlarda qaz çatışmadığı halda, biz Azərbaycana məxsus qazı gürcülərə və ermənilərə verə bilmərik. Bu məsələ ilə bağlı mübahisələr SSRİ Nazirlər Sovetinə qədər gedib çıxdı.

Neft məhsullarına gəldikdə isə Sadıq Rəhimov ilk növbədə Azərbaycanın öz ehtiyaclarının ödənilməsi və artıq qalan məhsulların qonşu respublikalara verilməsinə tərəfdar idi. Bu isə ona gətirib çıxarmışdı ki, 1958-ci ildə Ermənistan nəzərdə tutulduğundan 7,5 min ton, Gürcüstan isə 10 min ton az mazut almışdı. Nəticədə Rustavi zavodunun iş qrafiki pozulmmuşdu. Azərbaycan rəhbərliyi, ilk növbədə onun sədri Sadıq Rəhimov Mingəçevirdən qonşu respublikalara elektrik xəttinin çəkil¬məsi, habelə Daşkəsən filizinin Rustaviyə daşınmasına da etiraz etmişdi. Azərbaycan hökumət başçısının fikirləri həmin dövrdə Nikita Xruşşovu bərk qəzəbləndirdi və bütün baş verənlər Moskva tərəfindən yerliçilik kimi qiymətləndirilirdi.

Moskvanın təlimatı ilə 1958-ci ilin iyun ayında Sadıq Rəhimov vəzifəsindən azad edildi. Mustafayevin təqdimatı, Mokvanın razılığı və respublika KP MK bürosunun qərarı ilə Vəli Axundov həmin vaxt Azərbaycan Nazirlər Sovetinin sədri təyin edildi. Az sonra respublikaya Moskvadan göndərilmiş yoxlama komissiyası öz hesabatında yazırdı: respublikada yerlibazlıq hallarına, dövlət intizamının pozulması faktlarına rast gəlinir. Yerlibazlığın ən mühüm təzahürü respublika rəhbərliyinin Qaradağ – Tbilisi – Yerevan qaz kəmərinin inşaatına, “özümüzə qaz çatışmadığını” dəlil gətirərək etiraz etməsində özünü göstərib.

Nazirlər Sovetinin keçmiş sədri yoldaş Rəhimov isə iclasda bəyan etmişdi ki, qaz bizim Azərbaycanın qazıdır və onu gürcülərə və ermənilərə verə bilmərik. Beləliklə, 1954-cü ildə hakimiyyətə gəlmiş Mustafayev komandasının bir üzvü millətçiliyə, digər üzvü isə yerliçiliyə görə vəzifələrindən uzaqlaşdırıldılar. Lakin iş bununla qurtarmadı.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.