“Sıra kimdədir?!” - Millət vəkilindən ilginc terror şərhi…
23-03-2016, 22:22
İndi də Brüsseli qana boyadılar. Avropanın tam göbəyində gerçək nonsens yaşanır. Ara qarışıb-məzhəb itib. Ortalıq “niyə?”,”səbəb?”, hansı məqsədlə?” - suallarını bir-birinə dövr etməkdədir. Adam nə terrorçunun bu qədər diletantca davranma mümkünlüyünə inanır, nə də onlarla, yüzlərlə insanın həyatını belə öz məqsədlərinin fövqündə görə biləcək hansısa rəsmi gücün varlığına.
***
Amerikada göydələnlərin partladılmasından təxminən 1 həftə müddət ötərdi. Kafelərin birində 30 ilə yaxın “xüsusi xidmət” təcrübəsi olan keçmiş icra başçısı ilə çay içirdik. Anidən gülə-gülə qayıtdı: “Elşən, ümid edirəm sən də bu nağıla inanmadın, hə?”. Bir az çaşqın halda: “Yox, əlbət”- cavabını verdim. “Aha, inanma qardaşım. Hamısı boş hekayələrdir. Hazırda “Əl-Qaidə”, bin Laden”, “terror” söhbətini gündəmə gətirmək sadəcə Amerikanın, Buşun öz maraqlarına xidmət edir. Vəssalam. Oysa, o təyyarə dediyin ən son texnologiya məhsulu olduğu üçün “pult-kontrol” sistemi ilə 10 km məsafədən blok edilə bilən təyyarələrdir. Ayrıca, bu dünyada bin Laden adında insan yaşamır, yaşayırsa belə, 20 yaşından etibarən başqa adla yaşayır. Ya da ümumiyyətlə hələ heç dünyaya gəlməyib” – fikrini tamamladı.
Müəllimin dedikləri sonradan “Wikileaks” tərəfindən də təsdiqlənəcəkdi. Dünyanı çox qısa müddətdə bir -birinə vurmağı bacaran Culian Assanc məhkəmə zalında açıqca deyirdi: “Bin Laden? Bu adın varlığına gerçəkdənmi inandınız? Güldürməyin məni, lütfən. Hərçənd gülə-gülə də bəzi həqiqətləri açıqlaya bilərəm. Əvvəla, Laden Amerikanın Əfqanıstan-SSRİ müharibəsində tam başqa adla özünə işlətdiyi kadrdır. Onu 25 yaşından sonra görən olmayıb. Ailəsi isə zəngin biznes ənənəsinə malikdir. Mən sizə 12 sentyabr partlayışından yarım saat əvvəl Laden qardaşlarından biri ilə Buş administrasiyasının rəhbəri arasındakı (biznes sövdələşməsi ilə bağlı) telefon danışığının stenoqramını təqdim edə bilərəm…”
Bəli, bu “terror”un ardınca Amerikanın Əfqanıstana açıq müdaxiləsi, dövriyyəsi yüz milyardlarla ölçülən narko-tranzitin ələ keçirilməsi, ardınca sıralanan “ərəb baharı” və…“Əl-Qaidə” dəbdən düşəndən sonra “İŞİD”-in ortalıqda peydahlanması sıradan bir məsələ deyildi. Üstəlik, üçbaşlı strategiya fonunda:
1) Müsəlmanı şeytan, başkəsən, qaniçən kimi təqdim etmək;
2) Dünya üzərində ağsaqqal, himayəçi statusuna yiyələnmək;
3) Terror adı ilə “sözə baxmayan” ölkələri nəzarətdə saxlayıb, onları faktiki girova çevirmək.
Diqqət edin: Adi bir cinayət hadisəsinin 10 dəqiqə içindəcə təftiş edilməsinin mümkün olduğu texnoloji əsrdə İŞİD meydana çıxır, 1 həftə ərzində özünə ordu yaradır, istədiyi məkanı dədə malı kimi yağmalayır, asır -kəsir, neftdən tutmuş digər strateji məhsullara qədər - əlinə keçən hər şeyi alır - satır. Və... onu izolə etmək dünya güclərinin heç birinin maraq dairəsində olmur! BMT, NATO, ATƏT, Avropa Şurası mövzu ilə bağlı qımını belə qımıldatmır, üzərinə səssizliyi hakim kəsdirib dayanır. Yəni, kimsəni maraqlandırdmır ki, məsələn, nefti, tutaq ki, İŞİD hardansa oğurladı- burası məlum. Yaxşı bəs onu kimə satdı, nə formada satdı? Və ya necə olur ki, 2 saatlıq iclasdan dərhal sonra Qəzzafini dünya siyasətindən tamamən silmək haqda qərar verməyi bacaran qurumlar rahat “sərbəst-dolaş” hüququna malik terrorist qurumu, şəbəkəni, bu böyüklükdə qlobal kabusu sadəcə eynək altından seyr etməklə kifayətlənir?
PKK da eyni cür. Kimə harda sərf edirsə, orda var. 1974 - cü ildə Öcalan və dostları tərəfindən Ankaranın Tuzluçayır səmtində yaradılan bu təşkilat az sonra kimsənin ağıl və proqnoz etmədiyi formada SSRİ tərəfindən yönləndirilməyə başladı. (Bu haqda çox az sayda insanın bilgisi var). Təbii, bütün hallarda Türkiyəyə qarşı. Lazımlılıq müddəti bitincə isə yenidən özfəaliyyətə keçdilər – ta Öcalan həbs olunana qədər. Daha sonrakı hərəkət dinamikası da nizamsız dağ döyüşlərindən və bəsit kamikadze fəndlərindən savayı heç nə ilə yadda qalmadı. Hər həmlədə birə-beş itki verdilər, bütün münaqişələrdən məğlub ayrıldılar. Hətta zaman-zaman öndərləri Öcalanın avtoriteti o səviyyəyə qədər endi ki, qaldırdığı “ağ bayraq” və silahdaşlarına ünvanladığı mesajlar belə qulaqardına vuruldu, təşkilat Qərbin və Avropadakı bəlli qüvvələrin əl oyuncağına çevrildi, İraqdan Suriya sərhədinə qədər pərakəndə şəkildə sızdı. Və…indi də xüsusi missiya icra edirlər. Muxtariyyat eyforiyasına qapılan kürdlər hətta özlərini Suriyanın bölüşdürülməsində iştirak edəcək qüvvələrdən biri sanırlar. Fəqət anlamırlar ki, bu məsələdə heç Əsədin özü tərəf deyil, o ki qala onlar… Bütün proseslər Rusiya və Amerikanın iradəsindən asılıdır. Elə öz təyyarəsini az qala zorla türk hərbiçilərinə vurdurmaq da rus tərəfin perspektivə hesablanan addımı idi. Ki, növbəti mərhələdə kürd separatizminə verilən dəstəyin tutarlı səbəbi olsun: “Sən mənim vətəndaşımı qətl etdin, mən də əvəzində sənin düşməninə geniş alan verirəm”.
Türkiyə isə sözün əsl mənasında qaynayır. Düz 3 gün öncə, son dövrlər fantastik təhlükəsizlik tədbirləri ilə qorunan Taksim belə (qeyri-rəsmi bilgilərə görə “İstiqlal” küçəsində dolaşan əhalinin ən az 4/2-si mülki geyimli “orqan” əməkdaşlarıdır) terrordan yan keçə bilmədi. Üstəlik, bu dəfəki hədəf əsasən İsrail vətəndaşları oldu. Təsadüfənmi? - Xeyr, təbii. Və ya diqqət edin: Məlum hadisədən az öncə Avropa mətbuatında yola saldığımız həftənin əsas media manşetləri nəyə, hansı mövzuya həsr edilmişdi? – İsrail - Ərdoğan yaxınlaşmasına. Cavab aydındır, deyilmi? Ayrıca, nəzərə alsaq ki, İsrail xüsusi xidmət orqanları tarix boyu terror təşkilatlarının kabusu olub (sadə bir fakt: Benazir Bhutto Mossadla aralarında olan qeyri-rəsmi təhlükəsizlik müqaviləsinin pozulmasından düz 10 dəqiqə sonra qətlə yetirilmişdi) o zaman mövzuya daha bir aydınlıq körpüsü salmış olarıq…
Başqa bir tərəfdə (paralel olaraq) də Fransanın sabiq prezidenti Sarkozinin sərsəmləmələri yer alır. Adam deyir ki, Türkiyəni Avropa İttifaqına qəbul etmək olmaz, çünki onun böyük bir hissəsi(ərazisi) Asiyanı əhatə edir. Amma mövzu növbəti dəfə niyə məhz indiki həssas məqamda gündəmə gəlir? – bax onu açıqlamır. Oysa, bu mübhəmin də açması var. Daha doğrusu, Sarkozi öz həmfikilərinə, ələlxüsus da erməni lobbisinə sətiraltı mesaj verir: “Mən bunu dedim, siz də terror faktını, təhlükəsizlikdə olan boşluqları qabardaraq Türkiyəni qlobal arenadan çıxdaş edin”.
***
Qardaş ölkənin qan ağlayan, kədərli günündə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri isə həqiqətən böyük cəsarət tələb edirdi. Əgər hörmətli Əli Həsənov dünənki açıqlamasında “risk” sözünü dilinə gətirməsəydi, yəqin bu yazıda həmin frazanı səsləndirməkdən ehtiyatlanardım. Boynuma alıram. Fəqət, ölkə başçısının Türkiyədəki qətliamları törədən qüvvələrə qarşı açıq demarşı, sərgilədiyi kişilik, həmrəylik nümunəsi sözün gerçək anlamında gözdən yayınacaq, nəzərdən qaçacaq məsələ deyil. Bunu qiymətləndirmək lazım. Həm də çox böyük risk və məhrumiyyətlərin gözə alınması fonunda qiymətləndirmək lazım!
***
Terror dalğası isə səngiyənə bənzəmir. Nə yazıq ki, görünən budur. Dünən Türkiyə, bu gün Brüssel, sabah isə... şeytan və onun aracıları bilir, daha hansı ölkə. Zatən Ərdoğan 48 saat öncəki açıqlamasında Avropaya və bütün dünyaya özünün uzaqgörən eyhamını vurmuşdu: “Bəşəriyyətin məhvinə yönələn bu ucuz, bu iyrənc yöntəmlərə qarşı əsla və əsla susqun qalmaq olmaz. Yoxsa axıdılan qanlar bir gün sizlərin də üzünə sıçrayacaq”
P.S Əcəba, sıra kimdədir?!...
Elşən Musayev, Milli Məclisin deputatı
7news.Az