Mosul yenə İŞİD-də qaldı:Müəmma dolu işğalın bitməyən xilas əməliyyatları

29-03-2016, 01:03           
Mosul yenə İŞİD-də qaldı:Müəmma dolu işğalın bitməyən xilas əməliyyatları
İraq ordusunun Mosul şəhərini İŞİD-dən geri almaq üçün keçirdiyi əməliyyat dayandırılıb. Bu məlumatı Şimali İraq kürd muxtariyyətinin hərbi yetkililəri yayıb. Məlumata görə, Mosul uğrunda gedən döyüşlər 5 gün davam edib. Bu müddət ərzində isə cəmi 3 kənd azad olunub. Əməliyyatın öz məqsədinə çatmadan dayandırılmasının səbəbi əlaverişsiz hava şəraitiylə əlaqələndirilir. Hava yağışlı olduğundan İraq əsgərlərinin irəliləyə bilmədiklərini bildirən Mahmur cəbhəsinin kürd komandiri Zıryar Vesani mətbuat açıqlamasında İŞİD-dən geri almağa çalışılan Nəsir kəndi ətrafında döyüşlərin durduğunu və hazırda hər hansı bir hücumun olmadığını deyib.
Qeyd edək ki, 5 gün bundan əvvəl Suriyadan Bəşər Əsəd qoşunları Palmiraya, İraqdan isə yerli hərbi birləşmələr Mosula eyni anda hücuma keçmişdilər. Məqsəd İŞİD-in gözünü açmasına imkan vermədən qısa müddətdə “xilafət”i laxlatmaq, ona ciddi zərbələr vurmaqla məğlubiyyətə uğratmaq idi. Görünən budur ki, Palmiraya hücumun istənilən effekti verməsinə və antik şəhərin işğaldan azad olunmasına baxmayaraq, Mosulda planlar baş tutmayıb. Halbuki, İraq ordusuyla yanaşı, sünni və kürd könüllərinin qatıldığı bu əməliyyata çoxdan hazırlıq görülmüşdü. Əməliyyat planına görə, hücumlar vilayətin Mahmur rayonundan üç istiqamətdə keçiriləcək, hücumin əsas yükü İraq ordusu ilə Haşdi Vətəni (sünni könüllülər) güclərinin çiyinlərinə düşəcək, peşmərgələr (kürd yaraqlıları) lazım gələrsə onları dəstəkləyəcəkdilər. İŞİD-lə toqquşmalarda şiə yaraqlılarının (Haşdi-Şabi) iştirakına isə qəti qadağa olunmuşdu. Bunun onsuz da gərgin olan məzhəb münaqişələrini alovlandırmasından ehtiyat edilirdi.
Mosul 2 il bundan əvvəl İŞİD hücumlarına məruz qalmış və ciddi müqavimətlə üzləşmədən təslim olmuşdu. Hücumdan əvvəl müəmmalı şəkildə şəhəri döyüşmədən tərk edən İraq ordusu özlərindən geriyə xeyli hərbi texnika və qızıl, xarici valyuta ehtiyatı buraxmışdı. Dəyəri milyard dollarlarla ölçülən bu vəsait İŞİD-in “xilafət” strukturlarının yaradılmasında müstəsna rol oynamışdı. Hətta bəzi ekspertlər “xilafətin” öz pul vahidi olan qızıl dinarını həmin qızıl ehtiyatını əridərək, kəsdiyini bildirirlər.
İki ildir davam edən işğal dövrü ərzində, demək olar, hər ay Mosul əməliyyatına başlayacağını bildirən rəsmi Bağdad hər dəfə İraq əsgərlərinin döyüşə hazır olmadığını səbəb gətirərək, əməliyyatları təxirə salır. Son əməliyyatın ciddi nəticə əldə etmədən dayandırılması da bu konteksdən xeyli müəmmalı görünür.
Mosulun işğala məruz qaldığı dövrdə İraqa rəhbərlik edən baş nazir Maliki hakimiyyətinin sonunu gətirən həmin məğlubiyyətdən sonra bir çox korrupsiya faktları su üzünə çıxdı. Hazırda sabiq baş nazir zaman-zaman 600 milyard dollar mənimsəməkdə günahlandırılır.
İraq müxalifətinin dilə gətirdiyi bu məbləğ xeyli astronomik görünsə də, hər halda “od yanmasa tüstü çıxmaz” həqiqəti var, bu qədər olmasa delə, 100 milyardlarla dolların mənimsənildiyi şübhə doğurmur. Mənimsəmə faktları isə əsasən hərbi xərclərdə qeydə alınıb. Mümkündür ki, Mosulun və digər yerlərin işalına Bağdadın laqeyd yanaşılması “qara pulların” daha rahat yuyulması və təmizlənməsiylə əlaqədar olsun. Nə bəlli olar, bəlkə son hərbi əməliyyat da elə Mosulun yox, “qara pulların” qurtarılmasına hesablanıb. (strateq.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.