Eldar Mahmudovla bağlı sensasion qərar - “...apreldə həbs ediləcək”
31-03-2016, 09:37
Sabiq nazirin kompromat müharibəsi aparmaq iddiası iqtidarın əsəblərini tarıma çəkib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov aprelin ilk ongünlüyündə həbs olunacaq. Redaksiyamıza daxil olan özəl xəbərdə iddia edilir ki, sabiq nazirin həbsinə hakimiyyətin ən yuxarı səviyyəsində qərar verilib. İddiaya görə, Eldar Mahmudov vəzifəsindən qovulandan sonra onun həbsə alınmamasını şərtləndirən bir sıra məqamlar olub. Sabiq nazirin vaxtilə göstərdiyi xidmətlər nəzərə alınıb.
Lakin Eldar Mahmudovun azadlıqda qalaraq hakimiyyətdə təmsil olunan nazirləri hədəf alan saxta kompromatları ortaya çıxarması onunla bağlı həbs qərarının verilməsini şərtləndirib. Bildirilir ki, bir müddət əvvəl KQB-nin sabiq zabiti, eks-mayor Yuri Şvetsin maliyyə naziri Samir Şərifov haqda müsahibəsinin hazırlanmasında “Mahmudov izi”nin aşkarlanması siyasi hakimiyyətin səbrini daşırıb. Xatırladaq ki, Şvets həmin müsahibəsində Samir Şərifovu “üç qat agent” adlandırmışdı. Əslində bu müsahibəyə qədər də Eldar Mahmudovun Samir Şərifova münasibəti bəlli idi. Mahmudovun Şərifovla yolları dəfələrlə qudası Cahangir Hacıyevin sədri olduğu Beynəlxalq Bankdakı qanunsuzluqlarının ört-basdır olunmasına görə toqquşub. Eldar Mahmudov nəzarət səhmləri dövlətə məxsus olan Beynəlxalq Bankda baş verənlərə maliyyə naziri olaraq Samir Şərifovun diqqət ayırmaması üçün kreslosunun verdiyi imkanlardan çox ciddi şəkildə istifadə edib. Bu isə son illərdə tərəflər arasında çox ciddi qarşıdurmalara da səbəb olmuşdu.
Azərbaycanda ötən ilin fevralındakı devalvasiyadan sonra tərəflər arasında qarşıdurma bir qədər də dərinləşib. Yada salaq ki, 2015-ci il fevralın 21-də manatın ucuzlaşmasından bir neçə gün əvvəl həmin vaxt Beynəlxalq Bankın rəhbəri olan Cahangir Hacıyev, Mərkəzi Bank sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və bir neçə hakimiyyət rəsmisinin iştirakı ilə prezident yanında müzakirələr aparılıb. Sonuc olaraq manatın ucuzlaşması qərarı verilib. Həmin müzakirələrdən dərhal sonra C.Hacıyev öz yaxın ətrafının sərəncamında olan milyonlarla manat vəsaiti Beynəlxalq Bankda dollarda saxlanan aktivlərə dövr etmişdi. Bu isə hakimiyyətin üst düzeyində ciddi narazılığa səbəb olmuşdu.
Beynəlxalq Bankda dövləti təmsil edən qurumun - Maliyyə Nazirliyinin rəhbəri kimi Samir Şərifovun baş verənlər haqda ölkə rəhbərliyinə məlumat verməsi isə Cahangir Hacıyevin və onun o dövrdə qüdrətli olan nazir qudasına xoş getməmişdi. C.Hacıyev bu əməliyyatdan sonra vəzifədə 1 ay duruş gətirə bildi.
Onun həbsinə həmin günlərdə hazırlanan sanksiyanın icrası qoruyucu mələyinə çevrilmiş qudası Eldar Mahmudovun sayəsində 9 ay gecikdi. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra qudasını qorumaq üçün istifadə etdiyi rıçaqları itirmişdi. Bilinirdi ki, C.Hacıyevin həbsi labüddür. Sonradan baş verənlər onu deməyə əsas verir ki, Eldar Mahmudov uduzduğunu həzm edə bilməyib. Vəzifədə olduğu müddətdə Mahmudov Şərifova qarmaq atmaq üçün ən müxtəlif variantlara əl atıb, onu daim təzyiq altında saxlamağa hesablanmış addımlardan çəkinməyib.
E.Mahmudov vəzifəsini itirəndən az sonra Samir Şərifov ən yüksək tribunadan açıq şəkildə Cahangir Haciyevin fəaliyyətini hədəf alan çıxış etdi. Milli Məclisin 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Beynəlxalq Bankın sabiq rəhbərliyini ciddi şəkildə tənqid etdi. Bununla tərəflər arasında qarşıdurmanın varlığı bir daha təsdiqləndi.
Həmin vaxt Eldar Mahmudov artıq onu qüdrətli edən kreslosunu itirmişdi. Amma 10 illik nazirliyi dövründə nəzarətinə keçən kompromat materiallar əlində idi. Araşdırmaçı-jurnalist Eynulla Fətullayevin iddialarına görə, məhz o, ölkə xaricindəki mətbu orqanlar üzərindən Samir Şərifovla bağlı sonradan saxta olduğu üzə çıxan materialları ictimailəşdirib. Eldar Mahmudovun bu hərəkəti Samir Şərifova zərbə endirməyə hesablanmaqla yanaşı, əlində kifayət qədər ciddi materialların olduğu göstərməyə hesablanmışdı. Yəni o, açıq şəkildə olmasa da, siyasi iqtidarı təhdid etmişdi. Lakin görünən budur ki, Eldar Mahmudov hesablamalarında növbəti dəfə yanılıb. Hakimiyyətdən “üç qat agent” məsələsinə Eldar Mahmudova lazım olan şəkildə reaksiya verilmədi. Siyasi iqtidar şantaja boyun əymədi və Samir Şərifovu “vurmadılar”, əksinə, müdafiəsinə qalxdılar. Eynulla Fətullayev isə Şvetsin müsahibəsində dilə gətirdiyi məlumatların hansı mənbədən bəhrələndiyini, hansı sxemlə verildiyini açıq şəkildə ortaya qoydu. Bununla Mahmudovun “informasiya bombası”nı boşuna partlatdığını büruzə verdilər.
Mümkündür ki, sabiq naziri həbs etməklə gələcəkdə onun kompromat savaşı aparmasının qarşısını almaq qərarlaşdırılıb. Belə iddialar var ki, bəzi mətbuat orqanlarına Eldar Mahmudovun ətrafından, gizlində qalmış adamlarından yeni kompromat materiallar ötürülüb. Martın 28-də “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun mahmudovçulara bağlı olan “reket mətbuatı” hədəf alan yazı ilə çıxış etməsini də təsadüf hesab etmək olmaz. Görünür, Mahmudovun kompromat savaşına hazırlıq görməsindən hakimiyyət texnoloqları da xəbərdardır və sabiq nazirin hazırlıqlarını önləmək, sıfıra endirmək üçün müvafiq addımlar atılır.
Bir sözlə, yaxın zamanlarda bu iqtidarda təmsil olunan daha bir nazirin, təhlükəsizlik generalının həbsinə şahid ola biləcəyik. musavat.com/