"Bir daş tərpənən kimi xəbər tuturlar, amma bunu bilmədilərmi?" - 15 yaşı qızın faciəsi...
9-02-2022, 11:48
Bakıdla 15 yaşlı (2006 -cı il təvəllüdlü) qız doğuşdan sonra dünyasını dəyişib. Yerli mətbuatın məlumatına görə, qız 10 ay əvvəl ərə verilibmiş. Yəni 14 yaşında…
Baş Prokurorluğun məlumatında deyilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərinə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Yəni ölüm təbii olaraq baş verib. Məsələ burasındadır ki, 14 yaşlı qız özündən 13 yaş böyük biri ilə nikaha məcbur edilib. Bəli, məcbur edlib. Çünki 14 yaş hələ uşaqlıq dövrü sayılır və bu yaşda uşaqlar üçün qərarı valideynlər verməlidir. Adı şərti də olsa, Nigarın ailəsi, qızlarının özündən 13 yaş böyüklə evlənməsinə qərar verib. Beləcə, 14 yaşlı qızın taleyi həll olunub. Görünür ki, Nigarın valideynləri “qız yükü, duz yükü” məsələsini həyat fəlsəfəsi edərək bu addımı atıblar. DİA.AZ-ın məlumatına görə, “Təmiz Dünya” qadın hüquqlarını müdafiə cəmiyyətini sədri Mehriban Zeynalova Bizimyol.info saytına müsahibəsində qeyd edir ki, 15 yaşlı qızın və dünyaya gətirdiyi övladının doğuş zamanı ölümü ilə bağlı narahatçılıqlar olmalıdır və var da. Lakin, məsələ qızın tərəf müqabilinin həbsi ilə həll edilirmi?
“İndiyə kimi aparılmış tədbirlər daha çox evlənən şəxsə yönəlik olur. Amma heç kim demir ki, yerli İcra Hakimiyyətləri dövlətin ərazi üzrə siyasətini icra edən qurumlardır. Bu qurumların daxilində də məhz bu məsələlər üzrə komissiyalar fəaliyyət göstərir. Yəni dövlət siyasətini yerində icra etməsi məsuliyyətini tapşırılanlar... Nə qədər ki, azyaşlı ilə nikaha girən şəxslə yanaşı, dövlət siyasətinin icra edilməsi tapşırılan yerli qurumlar bu məsələdə, həmin şəxslə birgə cəza almayacaq, problem davam edəcək. Belə götürəndə necə olur ki, kiminsə həyətində bir daş tərpədiləndə dərhal xəbər tutur yerli İH-lər, amma o yekəlikdə uşaq yerindən tərpədilir xəbər tutmurlar”,- deyə qeyd edən hüquq müdafiəçisi bildirir ki, bu cür hallarla bağlı yerli İH-ri də sorğulanmalıdır: “İcra edə bilmirsənsə, Allah yaxşı yol versin, sən də get. Bacaran, biganə olmayan, stereotiplərlə yaşamayanlar bunu icra etsin. Məsələni bu formada konkret tələb etmək lazımdır” - deyə M.Zeynalova əlavə edib.
Hüquq müdafiəçisi haqlıdır, amma indi xüsusi bir nüansa diqqət edək. Bəzən dövlət qurumları hüquq müdafiəçilərinin səsini belə eşitmir. Yəni bilərəkdən və ya bilməyərəkdən dövlət qurumları belə hallara göz yummağı, qulaq tıxamağı bacarır. Biz hər dəfə erkən nikahların fəsadlarından, qızların təhsildən yayınmasından danışsaq da, yazsaq da, təəssüf olsun ki, bu kimi hallar hələ də davam edir. Qarşısını isə alan yoxdur.
16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. Və şəxsi 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər şəxs 14 yaşına çatmayıbsa, o zaman onunla cinsi əlaqədə olan 3-6 il müddətində azadlıqdan məhrum edilə bilər. Bu məsələdə qızın ailə qurduğu yaş dəqiqləşdirilməlidir. Bu cəza, qızın “həyat yoldaşını” gözləyən cəzadır. Qızın valideynləri isə Cinayət Məcəlləsinin 176-cı maddəsi ilə cəzalandırılmalıdır. Həmin maddəyə görə, nikah yaşına çatmayan şəxs nikaha məcbur edildiyi təqdirdə onu nikaha məcbur edənlər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
Bəs bu hadisəyə göz yuman dövlət qurumlarını hansı cəza gözləyir?
Cinayətkar cəzasız qalanda harınlayır və onun etdiyi cinayətlərin sayı daha çox olur… Bunu unutmaq olmaz!