Saatlıdakı quyudan cəhənnəm səsləri gəlir? - 40 il öncə qazılmışdı

9-02-2022, 17:35           
Saatlıdakı quyudan cəhənnəm səsləri gəlir? -
“40 il öncə qazılan dünyanın ən dərin quyularından olan Saatlı quyusunun önündə dayanmışıq. Quyunun qazılmasında məqsəd yerin təkini və həm də yaşının öyrənmək olub.”

SSRİ dönəmində Elmi-tədqiqat məqsədləri üçün qazılan Saatlı quyusu dərinliyinə görə yer kürəsində vertikal qazılan 10 ən dərin quyu siyahısında yer alıb. SSRİ-də isə dərinliyinə görə Kola yarımadasında qazılan super dərin quyudan sonra ikinci olub.

Bir sıra inkişaf etmiş aparıcı ölkələr Rusiya, ABŞ, Fransa, Qətər, Almaniya, Britaniya və bir çox digər ölkələr yerin təkini öyrənmək üçün superdərin quyular qazıb. Məlumata görə, dünyada belə quyuların sayı 30-dan çox deyil. Maraq doğuran odur ki, dərinliyinə görə ilk onluğa düşən quyulardan biri də Azərbaycanın Saatlı şəhərində Kür çökəkliyində qazılıb. 11 kilometr dərinlikdə qazılması nəzərdə tutulan quyuda dərinlik 8 324 metrə çatdıqdan sonra işlər dayandırılır. Həmin dövrdə Saatlı superdərin quyunun qazılmasında baş mühəndis kimi çalışan texnika elmləri namizədi Əyyub Babayev quyu haqqında bəzi məlumatlar bölüşdü: “Kola yarımadasında quyunun dərinliyi 8 min metr olarkən Saatlı quyusu qazılmağa başladı. Quyuya texniki kəmərlər buraxılıb, ən ağır kəmər burda 365 ton ağırlığında və diametri 339,7mm olan kəmər 3550 metrə buraxılmışdır. Belə kəmər dünyanın heç bir yerində buraxılmamışdır. Bu kəmər o məqsədlə buraxılmışdır ki, çökmə süxurları yuxarıdan bağlamaqla kristallik süxurları asan qazıb keçmək mümkün olsun.”

Xatırladaq ki, belə quyuları qazmaqla alimlər yer qatlarının yaranma tarixlərini, süxurların yaşlarını, onların əmələ gəlməsinin periodunu öyrənməklə yerin yaşının təxminən 4,5 milyard il olduğunu müəyyən edə biliblər. Bu məqsədlə yerin təkini öyrənmək üçün müxtəlif ölkələr tərəfindən elmi tədqiqat məqsədləri üçün quyular qazılıb. Əyyub Babayev deyir ki, Saatlıdakı quyudan da süxur nümunələri çıxarılıb: “Quyunu qazarkən süxur nümunələri qaldırılıb. Həmişə süxur nümunələri qaldırılaraq quyunun nəzdində olan laboratoriyalarda doğranmış süxurlar 20-yə qədər elmi tədqiqat institutuna göndərilərək süxur nümunələrin fiziki və kimyəvi xassələrini öyrəniblər. Bəzi elmi institutlar süxurun yaşını öyrəniblər, bəziləri minerallığın, bərkliyin, yatım bucaqların, Yatım bucağı öyrənməklə hansı yer üzərinə çıxarmasının da öyrənmişik. Məsələn Kola yarımadasında 9 kilometrdə rast gəlinən suxurun Finlandiyada yer səthində rast gəlinib

Yeri gəlmişkən həmin dönəmlərdə Kola yarımadasında və Saatlı şəhərində qazılan quyular bəzi şayələrə də yol açıb. Belə ki, o vaxtın sarı mətbuatının səhifələrində yazılan məqalələrdə guya quyulardan “cəhənnəmdən gələn səsləri eşidiblər” kimi məlumatlar yer alıb. Sonradan alimlər bu şaiyələri təkzib ediblər.

Quyunun üzərində Milli Elmlər akademiyası tərəfindən Seysimoloji Xidmət mərkəzinin “Saatlı” GPS” stansiyası qurulub və “Saatlı quyusu” kimi adlanır.
Əlibəy Zeynallı

Elçin Həsənov
apa.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.