XX əsrin əvvəlində dəbdə olan ELEKTROMOBİLLƏR niyə bazardan çıxarıldı? - FOTO
23-02-2022, 08:14
Elektriklə çalışan nəqliyyat vasitələri XIX əsrin sonu - XX əsrin əvvəllərində fəal şəkildə tətbiq olunmağa başlanılıb.
Azmarka.az xəbər verir ki, o zamanlar elektrikli avtomobillər benzinlə işləyən maşınlardan daha populyar idi.
Elektrikli avtomobillər, həqiqətən də çox uğurlu avtomobillər hesab edilirdi. 1899-cu ildə elektrikli avtomobili 100 km/saat qət edə bilirdi.
İxtiraçı Tomas Edison qurğuşun turşusundan daha səmərəli olduğunu sübut edən dəmir-nikel batareyasını patentləşdirdi.
1907-ci ildə “Electric Detroit”in istehsalına başlanıldı. Bu avtomobillər varlı insanlar və qadınlar arasında çox məşhur idi. İlk olaraq Con Rokfeller, Henri Fordun həyat yoldaşı Klara Ford və Tomas Edison bu maşınların sahibi oldu.
Elektrikli nəqliyyat vasitələrinin parametrləri o dövr üçün kifayət qədər yaxşı idi.
Artıq elektrikli avtomobil bir şarjla 130 km məsafə qət edə bilirdi. Maksimum sürəti isə 32 km/saat idi. Bu sürət XX əsrin əvvəllərində şəhərdə işləmək üçün kifayət qədər rahat parametrlər idi. Digər tərəfdən, keyfiyyətli, rahat və səssiz idilər. Bu səbəbdən zadəgan xanımlar xüsusilə elektrikli avtomobillərə üstünlük verirdilər.
Bəs hansı səbəbdən elektrikli avtomobillər 100 ilə yaxındır ki, yoxa çıxıb?
Buna əsas səbəb kimi sürət göstərilir. Nəticə etibarı ilə elektromobillər benzin mühərriklərə məğlub oldu.
Lakin illər sonra elmi tərəqqi elektromobillərin sürət problemini də həll etdi. Eyni zamanda, bu avtomobillər ekoloji cəhətdən də üstünlüklərə malikdir. Nəhayət, elektrikli mühərriklər yenidən trend olmağı bacardı.