ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ RİSKİNİ ARTIRAN 3 SƏBƏB... - "Putin daha ağır intiqama əl ata bilər"

5-03-2022, 07:28           
ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ RİSKİNİ ARTIRAN 3 SƏBƏB... -
"Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq".

"AzPolitika.info" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ukrayna müharibəsinin hazırki gedişatını şərh edərkən deyib.

Ekspert fikrini bir neçə səbəblə əsaslandırıb: "Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrinin vətəndaşları da var.

İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər.

Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır".

Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq?

Politoloq qeyd edib ki, bu, Moskvanın özünü necə aparacağından asılıdır: "Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. Yox, əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi riski artacaq".

Qeyd edək ki, NATO ölkələrinin Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynaya durmadan silah-sursat göndərilməsinin təhlükəli tərəflərinin olduğu Qərb mediası tərəfindən də bəyan edilir.

Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” qəzetində dərc olunan “NATO ölkələri özünü Rusiya ilə münaqişəyə girmək riskinə ataraq Ukraynaya silah daşıyır” başlıqlı məqalədə belə deyilir.

“Nyu-York Tayms”ın Brüsseldəki aparıcı siyasi müxbiri Stiven Erlangerin qələmə aldığı məqalədə bildirilir ki, Niderland Ukraynaya hava hücumundan müdafiə üçün reaktiv yaylım atəşi sistemləri, Estoniya “Javelin” tank əleyhinə raketləri, Polşa və İtaliya “Stinger” zenit-raket kompleksləri, Çexiya avtomat, snayper tüfəngləri, tapança və döyüş sursatları göndərir: “Hətta neytral ölkələr – İsveç və Finlandiya da Ukraynaya silah-sursat yollayır. Adətən münaqişə zonalarına silah göndərməkdən çəkinən Almaniya belə Ukraynanı “Stingers” raketləri və çiyinə almaqla atılan digər raketlərlə təchiz edir.

NATO və Avropa Birliyi üzvlərinin hamısı olmasa da, bir çoxu – ümumilikdə 20-yə yaxın ölkə rus işğalçıları ilə döyüşən Ukraynaya silah ötürür”.

Brüsselin Ukraynaya göstərdiyi hərbi və maddi dəstəyin Avropa Birliyini prosesin mühüm iştirakçısına çevirdiyini qeyd edən müəllif yazır: “Doğrusu, mən Avropanın vəziyyəti dəyişmək üçün Ukraynanı sürətlə silahlandırmaq prosesini davam etdirəcəyinə bir qədər şübhə ilə də yanaşıram. Bəli, Brüssel özünün bugünkü fəaliyyəti ilə fəxr edir, amma bu strategiya daha böyük müharibəyə, Putinin daha ağır intiqama əl atmasına da gətirib çıxara bilər.

Məsələn, NATO üzvü olan Polşadan Ukraynaya ölümcül silahlar daşınır. Bəs bu silahlardan açılan atəş kimi öldürəcək? Rus əsgərlərini. Putin onsuz da hesab edir ki, NATO Ukraynanı dəstəkləməklə onun ölkəsinə təhlükə yaradır, hətta Rusiyanı məhv etməyə çalışır. O, son çıxışlarında bu fikri dönə-dönə səsləndirib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.