Dilimizə hopan “Marojna”, “uje”, “falan”lar - Azərbaycanda danışıq qaydaları niyə pozulur?
13-04-2022, 00:00
Azərbaycan dili gözəl, zəngin bir dildir. Bu dil xalqımızın milli kimliyini təsdiqləyir.
Lakin müasir dövrdə bəzi insanlar əsasən gənc nəsil tərəfindən danışıq normativləri kobud şəkildə pozulur. Bu xoşagəlməz hala yalnız gündəlik həyatımızda , cəmiyyətdə, rəsmi görüşlərdə deyil, hətta televiziya kanallarında da müşahidə edə bilərik.
Maraqlısı isə odur ki, hazırda efirlərdə nəinki dil normativlərinin kobud şəkildə pozulmasına, hətta danışıq zamanı müxtəlif dialektlərə və dilimizdə olmayan xarici sözlərə də rast gəlmək olur.
Axı, zəngin dilə sahib olan bir millətin bu cür hallar yaşaması nə dərəcədə düzgündür?
Xalq yazıçısı Elçin Şıxlının fikrincə, Azərbaycan sözlərini xarici sözlərlə əvəz etmək böyük savadsızlıqdan irəli gəlir. O, bu barədə mövzu ilə bağlı Ednews-a açıqlaması zamanı bildirib.
“Bütün dillərdə alınma sözlər var və bu prosses davam etməkdədir. Burda qeyri-adi bir şey görmürəm. Dilimizin böyük bir hissəsi alınma sözlərdən ibarətdir. Ən azı 600-700 ildir ki, bu sözlərdən istifadə edirik və o sözlərin yenisini yaratmaq ağılsızlıqdır. Lakin sözlərimizi xarici sözlərlə əvəz etmək, bu artıq savadsızlıqdan irəli gəlir. Məsələn, “artıq” əvəzinə “uje” deyirlər. Bunlar “parazit” sözlər hesab olunur. Savadlı insanlar bu sözlərdən istifadə etmir və onların dilimizə keçməsinin qeyri-mümkün olmasını anlayırlar”.
E.Şıxlı maraqlı bir məqama da toxunub. İllərlə dilimizə hopan rus kəlmələrinin anlamlarının hələ də bəzi vətəndaşlarımızın anlamadığını da qeyd edib.
“Məsələn mağazaya gedib dondurma-deyə müraciət etsək, satıcı gözlərini döyüb üzumüzə baxacaq. Ancaq “marojna” deyəndə artıq nə istədiyimizi başa düşür. Lakin bu o demək deyil ki, həmin “marojna” sözü Azərbaycan dilinə daxil olub”.
Xalq yazıçısı Azərbaycan dilində olan, ancaq tərcüməsini çox nadir insanların bildiyi kəlmələrdən də danışıb. Söhbət əsnasında E.Şıxlı bu sözlərə aid misal da çəkib.
“Əgər kiməsə “mozayka” sözü nədir?- desək, anında anlayacaq. Ancaq Azərbaycan dilində bu sözün qarşılığı “mozayka” yox, “müzayiqə”dir. Bu söz ərəbcədən dilimizə keçib. Amma bunu az adam bilir. Yaxud da “samovar” sözündən istifadə edirik. Bəziləri bu sözü “qaynavar”la əvəz edir. Samovar sözü rus mənşəli olub, bütün dillərdə istifadə olunur. Bunun kimi bənzər sözlər də mövcuddur: paravoz, paraxod və s. Lakin “qaynavar” sözü isə guya dilimizi təmizləmək istəyən “psevdoyalançı vətənpərvərlərin gördüyü naqis işlərdir. Ümumiyyətlə, qaynavar sözü yoxdur. İngilis dilinin 70 faizindən çoxu fransız dilindən gəlmə sözlərdir. İndi ingilislər dillərindən imtina etməlidirmi? Yox, bunlar təbii prosesslərdir və bütün dillərdə mövcud olmaqdadır”.
Yazıçıdan Azərbaycan televiziyasında danışıq normativlərinin pozan aparıcı və müxbirlər barəsində soruşduqda, yenə də səbəbin savadsızlıq olduğunu vurğuladı. O, bunun qarşısının almaq üçün hər hansı bir təbliğatın aparılması yox, sadəcə televiziyada rəhbər vəzifəsində əyləşənləri tanışlıqla işə götürməməyi tövsiyyə edib.
“60-cı və 70-ci illərdə “ç, dz” deyənlərə biz əyri baxırdıq. Çünki o adamlar 1000 adam içində 1-2 nəfər olardı. Amma hazırda çoxları Azərbaycan sözünü “Azərbaydzan” deyir. Artıq bu insanlar Azərbaycan sözünü düzgün deyənlərə əyri baxır və düşünür- “bu insan hardan gəlib?”. Təbii olaraq, bunun qarşısı alınmalıdır, çünki onları efirlərə çıxarıb, şivə və ləhçələrdən istifadə edərək, camaatın qulağını öyrəşdirirlər”.
Sonda Elçin Şıxlı bildirib ki, bu halların qarşısını almaq üçün mütləq şəkildə ətrafımızda bu cür dialektlə danışan insanlara irad bildirməliyik.
“Bu istiqamətə ciddi yanaşmaq lazımdır. Ən azından yanında elə danışan insanlara dəfələrlə irad bildirsələr yetərli olar. Daha sonra həmin insanlara danışıq tərzinin düzgün olmamasını səbrli şəkildə izah etməliyik. İnsanlar bu problemə ciddi yanaşmasalar, bir o qədər belə hallar geniş vüsət alacaq”.
Rəna Mürşüd